Bizi Umudsuz qoyma - страница 8
–Mayor Orduxanov!
Hərbi hissə komandirinin içəri otaqdan gələn səsi onları fikirdən ayırdı. Mayor Orduxanov Umudun boynunu buraxıb komandirin yanına getdi.
–Umudun sənədləri hazırdır. İndi onu yola sala bilərik. Amma maliyyə xidməti rəisi burda olmadığından pul tapa bilməmişik.
–Nə qədər lazımdır?
–Yüz şirvan!
–Baxım görüm, Rasimlə Ərşad getməyiblərsə, deyim kənddən tapsınlar. Sonra maliyyə rəisi gələndə deyərik qaytarar.
Umud bu sözləri apaydın eşitdi. “Yenə də mayor Orduxanov! Cəmi bir neçə yaş bizdən böyükdür, bəlkə də həmyaşıdıq. Hamımızın qayğısına qalırdı. Gör, məni necə qorumaq istəyib. Döyüşə göndərməyib. Sonra… sonra… sonra da…” Umud göz yaşlarına hakim kəsilə bilmədi…
–Hüseynov, bax ha!.. Neçə vaxtdır sənədlər yığışıb qalıb. Apar hamısını bircə-bircə kitaba işlə. Pravadnikliyinə salma.
Mayor Orduxanov hərbi hissə komandirinin otağından çıxandan sonra polkovnik Əliyev kapitan Hüseynova tapşırıq verirdi.
–Baş üstə, cənab polkovnik! Axşam sakitcə oturub sənədləri birbəbir kitaba işləyəcəm.
–Axşama saxlama, elə indidən get işlə.
–İndi alınmaz!
–Niyə alınmır?
–Gah siz çağırırsınız, gah qərargah rəisi çağırır, gah da müavinlərinizdən hansısa… Gündüz işləmək olmur.
–Yaxşı, axşam işləyərsən. Al, bunları da götür, gör masanın üstündə, daxılımda neçə qovluq sənəd yığışıb qalıb.
…Umudu evlərinə Seyfulla öz maşınında aparmaq istəyirdi. Bir taborda xidmət keçmişdilər, birgə döyüşlərdə olmuşdular. O, dura-dura başqasının aparması, bəlkə də, düzgün çıxmazdı. Hər halda Seyfulla belə düşünürdü. Amma polkovnik Əliyev bunu biləndə razılaşmadı, qəti etirazını bildirdi. “Seyfulla adi döyüşçü deyil, indi bölük komandiridir. Bölüyü başsız buraxmaq olmaz, qoy, başqası aparsın!” deyə mayor Orduxanova göstəriş verdi.
Çox düşünmədilər. Baş leytenant Nabil Orucovun maşınında yola salmağı qərarlaşdırdılar. Xidmət rəisinin köməkçisi vəzifəsində çalışan Nabil həm etibarlı, təmkinli yoldaş idi, həm də maşını ehtiyatla idarə edirdi, sınanmış adamdı.
Umud maşına mindiriləndə bayaqkı təntənədən əsər-əlamət görmədi. Bir neçə saat əvvəl briqadanın qərargahı sanki bayram təntənəsində qaynayırdı. İndi isə yeyib-içməklərinə, əhvallarının xoş və yüksək olmalarına baxmayaraq, hər kəs öz işinin dalınca qaçırdı.
“Gələndə elə qarşıladılar ki, elə bil qəhrəmanı qarşılayırdılar. Gedəndə də, sanki, lazımsız bir adamdan canlarını qurtarırlar. Yaxşı ki, bu mayor Orduxanov var… Yoxsa, indi Allah bilir… bəlkə avtobusla yola salacaqdılar… bəlkə heç… eh, nə bilim e…” Umud düşüncələr içində ikən mayor Orduxanov yaxınlaşdı.
–Umud, sənə yaxşı yol… Get, istirahətini elə… Polkovnik Əliyev tapşırıb, sənədlərini rayonunuza göndərəcəklər. Orda sənə təqaüd kəsiləcək… bir də… özün başa düşürsən… atəşkəs olsa da… müharibə… müharibədir… İmkan düşdükcə, səninlə əlaqə saxlayacağıq… darıxmağa qoymayacağıq… – Bayaqdan az qala qırıq-qırıq danışan mayor duruş gətirə bilmədi, sarsıldı, tez də özünü düzəltdi. – Mənim nəsə deməyim yersizdir… Özün hər şeyi başa düşürsən… Kalyaska məsələsini də rayonda həll etməlidirlər… Yəqin ki, belə vəziyyətdə… sən tək deyilsən… Növbəyə yazarlar… vaxtın çatanda… səni də təmin edərlər… Di… yaxşı yol… – Mayor Umudun boynunu qucaqlayıb özünə sıxdı. Əlini üç dəfə kürəyinə vurdu. – Möhkəm ol!
Mayorun “Möhkəm ol” deməyi Umudu dirçəltdi, o, elə bildi ki, komandiri onu evlərinə yox, yenə də döyüşə göndərir. Axı komandir onları döyüşə göndərəndə həmişə “möhkəm ol” deyərdi. Aya, günə bir bax!