Bu yoldumu?
Sonu varmı belə yolun???
İl dolanır,
əsr ötür,
alammırıq
itirilən,
pay verilən torpaqları.
Udammırıq
bizi udan zamanları,
bizdən qaçan
gümanları…
Ölən ölür,
itən itir.
Yel aparır,
sel aparır,
il aparır
izimizi.
Bir ovucluq vətən qalıb,
torpaq qalıb
babalardan miras bizə.
Bizdən nələr qalar sizə?
Bilən yoxdu.
Yeriyirik addım-addım,
keçmişlərə boylanırıq maddım-maddım.
Yollar itir,
inam itir,
zaman bitir.
Bizim olub əldən gedən
daha bir də bizim olmur.
İtkilərin yeri dolmur.
Görən nə vaxt oyanacaq
bu şahsevən,
yatan millət,
yuxusunda batan millət?
Olanları bilə-bilə,
görə-görə
biz hələ də
yanımızdan
ötüb keçən,
itib gedən
«Gün gələcək» zamanları gözləyirik.
Gələcəkmi bizim zaman?
Kimsə bilmir.
Heç kəs dinmir,
hamı susur
lal-kar kimi.
Zaman ötür,
güman itir,
VƏTƏN bitir.
14.06.2018
«Bu gün dənizin qurbanlıq gəmisiyəm…»
Bu gün dənizin qurbanlıq gəmisiyəm.
Gecənin ölüm qonağı.
Gündüzü oğurlanmış kimidi həyat.
Rahatlıq yox, tənhalıqda.
Cəmlər tək olur insanlar darıxanda.
Qaranlıqda yollar bitmir ki, bitmir.
Səhər açılmağa qorxur.
Bir meh yox, sənə əl uzada.
Hər şey «get-get» deyir,
uzağı göstərərək.
Nə var o yaxın uzaqlarda?
Kimsə bilməz.
Sükunət qoxuyur havası sovulmuş otaq.
Kədərin dadı varmış,
yoxluğun qoxusu.
Quraqlıqdan balıq iyi gəlir,
dənizdən yarpaq ətri.
08.09.2019
Bu şəhər, küçələr yenə də bomboş.
Yorğun ayağını sürüyür səki.
Süpürür şəhərdən xatirələri
saralıb tökülən yarpaqlar təki.
Bu şəhər, küçələr yenə də bomboş.
Daha inanmıram bu şəhər dola.
Bu doğma şəhərdə qəribəm, Allah,
məni də özü ilə aparan ola.
Bu şəhər, küçələr yenə də bomboş.
Qaçıb bu şəhərin əlvan bənizi,
dənizə uzanan küçələriylə,
bu şəhər boğmağa aparır bizi.
Sənin gəlişini görən ləpələr,
önünə yüyürər, arxanca qaçar.
Sonra ayağından, izindən öpər,
əyilsən üzündən, gözündən öpər.
Sonra qulağına nəsə pıçıldar,
yanağın allanar, gözün parıldar.
Səni öz yanında saxlasın deyə,
gəlib izlərini yuyub aparar.
Sən də bu sevincin sədalarında,
ləpə paltarında gəlin olarsan.
Bu gecə toyuna gələn balıqlar,
düzülər boy-boya şahidlər kimi.
Sonra bir gecəlik hey sevişərlər —
atılıb düşərlər, alqış deyərlər.
Külək də «Mendelson marşı”nı çalar.
Bu gecə dalğalar dəniz toyunda
ləpəylə ilk dəfə bir vals oynayar.
Ay da olanları göyə yollayar.
Bu gecə bir ülvi sevgi gecəsi,
dəniz qucağında bir eşq nəşəsi.
Gəl gedək, dəniz gözlüm,
gedək burdan uzağa.
Gedək biz olan yerə,
gedək, bizim dənizə…
Qovuşsun dəniz dənizə;
baxım alyanaq bənizə,
baxım mən gözə – dənizə.
Tellərini meh oynatsın,
ləpələr yusun izini.
Bu gün yenə gül açmısan,
qoy, dəniz görsün üzünü.
…Bu nə görüş, bu nə yanğı,
hardan gəldi bu dərd, ağrı?
İki sevgi arasında
od oluram, su oluram —
səni dənizə qısqanıram,
mən dənizi qısqanıram.
01.09.2016
Səni dəniz təki qucaqlayaydım,
səni dəniz təki öpə biləydim.
Səni dalğalartək alıb qoynuma,
səni ləpələrtək sığallayaydım.
Nə ay görə bizi, nə günəş baxa,
çəkilək dənizin sərinliyinə,
çəkilək dənizin dərinliyinə.
Bir özgə baxış da səni görməsin,
bir özgə çağırış da sənə gəlməsin.
Gəl gedək, gəl, gedək biz olan yerə,
özümü dəniztək göstərim sənə.
Dəniz də qadın kimidi.
Adamı özünə çəkir:
sevdikcə sevmək istəyirsən,
getdikcə getmək istəyirsən;
ayrıla bilmirsən,
qoynuna sığınmaq istəyirsən.
* * *
Qısqanıram dənizi.
Qısqanıram səni mən —
gündüzlər günəşə,
gecələr aya.
Sən mənim dənizimsən,
dəniz gözlüm.
* * *
Bu qız gözlərimdə dəniz kimidi,