Ağ qəm - страница 41
– Səni görüm öləsən. Səni görüm ciyərin yansın. Səni görüm zəlil olasan.
Aynur ağlaya-ağlaya stolun altına girər, onun əlindən qurtulmağa çalışardı. Lakin bundan anası daha da qəzəblənər, paltarından və ya əl-ayağından yapışıb onu çarpayının altından çıxardar, təzədən döyərdi. Həmişə də döyüb-doyüb, birdən ağlamağa başlayardı:
– Ay allah, məni öldür, canım qurtarsın, – deyər, sonra uşağı qucağına alıb öpər, oxşayardı. Aynur da onun qoynuna qısılıb səsini çıxarmazdı. Bir söz deməyə, nə isə soruşmağa ürək eləməzdi. Qorxardı ki, anası təzədən özündən çıxar.
İlk dəfə idi ki. Aynur qaranlıqdan qorxurdu. Qaranlıqda anası gah gülürdü, gah ağlayırdı, gah qəhqəhə çəkirdi, gah onu çimdikləyirdi. Aynur vahimə içində yorğanı üstünə çəkdi.
* * *
Düz on dörd il idi ki, Həmid Həcər xalanın evində kirayənişin qalırdı. On-on beş ailə yaşayan bu böyük həyətdə hamı onun xətrini istəyirdi. Həcər xala isə ondan xüsusilə razılıq edirdi. Həmid hər ayın axırıncı günü kirayə pulunu səliqə ilə kağıza büküb ona verirdi. Evini səliqəli saxlayırdı. Özü də nə yanına cığal-cuğul oğlan gətirir, nə də yelbeyin qızlarla gəzirdi. Tərbiyəli, başıaşağı adam idi. Həcər xalanın bircə narazılığı vardısa, o da Həmidin həddindən çox işıq yandırması ilə bağlı idi. Lakin onun pərdəsiz pəncərəsindən Həmidin stol arxasında oturub daim nə isə yazdığını və ya oxuduğunu görəndə heç nə deyə bilmirdi. Həmidə bu qədər hörmət qazandıran da əslində yazıçılığı idi.
Həmidin ipək kimi yumşaq xasiyyəti var idi. Ömründə bircə nəfəri də incitməmişdi. Heç kəs onu hirslənən, özündən çıxan görməmişdi. Yaşadığı bu balaca, rahat otaq da sahibinə oxşayırdı. Buranın avadanlığı küncdəki dəmir çarpayıdan, pəncərənin qabağındakı stoldan, iki stuldan, bir də ağzına kimi kitabla dolu böyük divar şkafından ibarət idi. Həmidi işdə kitab xəstəsi kimi tanıyırdılar. Əlinə keçən pulu kitaba verərdi. Gecə-gündüz kitab oxumaqdan yorulmurdu, tanışlarına, dostlarına da kitab bağışlamağı sevirdi.
Axşamlar, ələlxüsus da yaz-yay axşamlan qonşular həyət qapısına yığışar, söhbət edərdilər. Həmid isə kimsəyə qarışmazdı. Buna onun vaxtı da olmazdı. Açıq pəncərədən Həmidin arıq, solğun üzünü görəndə qonşular canıyananlıqla ondan söz salardılar. Ən çox narahatlıq keçirən isə Həcər xalanın qapıbir qonşusu Nailə olardı. Həmidin pəncərədən həyətə düşən kölgəsinə Nailə bu illərdə o qədər öyrəşmişdi ki, onu görməyəndə darıxırdı. Həmidin oğrun-oğrun paltar yuması, gecə hamı yatandan sonra onu sərməsi, səhər tezdən durub yığması, döşəmə silməsi, xörək bişirməsi, hər şey, hər şey Nailəni kövrəldirdi. Neçə dəfə istəmişdi durub ona kömək eləsin, amma utanmışdı. Qonşuların söz-sov undan ehtiyat edirdi, həm də qorxurdu ki. Həmid onu yüngülbeyin hesab edər.
Nailə bəstəboy qız idi. Bu yaz 38 yaşı tamam olmuşdu. Lakin onun zərif, incə vücuduna heç vaxt bu yaşı vermək olmazdı. O, tibb institutunu bitirən ili atası, bir il sonra isə anası vəfat etmişdi. Nailə özündən kiçik üç bacısına həm ata, həm də ana əvəzi olmuş, üçünü də oxudub ərə vermişdi. O, bacılarının heç birinə oxşamırdı. Onların üçü də deyib-gülən, şən qızlar idi. Nailə isə sakit təbiətli idi, heç nə ilə gözə çarpmırdı. Bu vaxtacan ərə getməməsinin bir səbəbi də yəqin elə bu cəhəti idi. Kim bilir, bəlkə də vaxtından tez üzərinə düşdüyü məsuliyyət, çəkdiyi qayğılar onu belə etmişdi.
Bu gecə hər şey Nailəni səbəbsiz kövrəldirdi. O, işığı yandırmadan yerinə uzanmışdı. Açıq pəncərəsindən Həmidin otağı ovuc içi kimi görünürdü. Bir azdan onun işığının söndüyünü görüb Nailə narahatlıqla yerindən qalxdı. Həmidin asta addımlarla həyətdən küçəyə çıxdığını görcək ürəyi darıxdı, tez yerindən qalxdı.