Ağ qəm - страница 7
Talihə minnətdarlıq dolu baxışlarını ona zillədi. Ağlamağına ara verdi, daha doğrusu, göz yaşlan çəkilib getdi.
– Dərdin böyükdür? – Kişi bunu kədərlə soruşdu.
– Çox.
– Əziz adamını itirmisən?
Bu sözlərdən Talihənin bədənini üşütmə tutdu. “Əziz adamalarını” gözləri qabağına gətirdi – Aygün, Aytən, Taleh… Təsəvvür etdi ki, onlardan birini itirib. Bu fikirdən dəhşətə gəldi.
– Yox, yox, heç kimimi itirməmişəm. – Talihə həyəcan içində, qorxunu özündən uzaqlaşdınrmış kimi cavab verdi.
– Onda çəkdiyin dərd deyil, çətinlikdir, çətinliyi isə həll etməyə çalışmaq lazımdır.
Bu naməlum adam onda qəribə bir etibar hissi oyatmışdı. Gecənin bu vaxtında, gur yağışın altında onunla belə məhrəmanə söhbət edən adama ürəyini açmaq, onu bu vəziyyətə gətirib çıxaran həyəcanlarını onunla bölüşmək istədi.
– Əyləşin, – deyib ona yer göstərdi.
Kişi oturanda onun pəjmürdə halı gözlərindən yayınmadı. İlk dəfə fikrindən keçdi ki, onun da dərdi ola bilər. Bura niyə gəldiyi bir anlığa yadından çıxdı. Yanındakı bu yaşlı adamın gecənin bu vaxtında kimsəsiz sahil bağında gur yağışın altında gəzişməsinin səbəbi nə idi? Öz dərdini ona danışmaq arzusu bir anda müsahibinin dərdini öyrənmək istəyi ilə əvəz olundu. Nə idi onu gecənin zülmətində küçələrə salan?
– Sizə nə olub? – Ehtiyatla soruşdu.
– Bu gün rəhmətlik arvadımın ilidir.
– Allah rəhmət eləsin. Yəqin yaxşı insan idi.
– Eh, yaxşı var, yaxşı var....
– Deyəsən mehriban dolanmısınız.
– Elədir.
– Uşaqlarınız varmı?
Üç oğlum var. Amma uşaqların öz yeri var, ömür-gün yoldaşının öz. İndi yaşımın bu vaxtında tək-tənha qalmışam.
– Oğlanlarınız sizə baxmırlar?
– Baxmağına baxırlar, amma onları ayırmışam. Gəlinlərim növbə ilə evimin səliqəsinə, paltarlarımın təmizliyinə diqqət yetirirlər, arada gəlib yemeyimi də bişirirlər. Amma dünyada heç kəs adama həyat yoldaşını əvəz edə bilməz. İnsan belədir, itirməsə, qədir bilməz. Rəhmətə gedən günü anladım ki, onsuz mənim yaşamağımın heç bir mənası yoxdur. İndi hamı öz evində, isti ocağındadır, mənsə tək-tənha, yetim uşaq kimiyəm. – Kişinin gözləri yaşla dolu idi. O, Talihəyə uzun, sınayıcı nəzərlə baxdı:
– Bəs sənə nə olub?
Əziz adamını itirmiş bu adamın dərdinin yanında öz dərdi Talihəyə elə əhəmiyyətsiz göründü ki, ondan söhbət açmağı yersiz saydı:
– Heç, elə-belə.
– Yəqin sizinkilər indi bərk narahatdırlar. Onlara yazığın gəlsin. Həyatda hər şeyə çarə var, bir ölümdən savayı. – Kişi bunu deyib ah çəkdi. Sonra əlavə etdi: – Çıx get evinə, sətəlcəm olarsan. – Elə dedi ki, Talihə dinməz-söyləməz ayağa durdu. Müsahibinə təsəlli vermək, onun könlünü almaq üçün fikirləşib nə isə demək istədi, amma belə sözlər tapılmadı. Xudahafizləşib ondan aralandı. Sahil bağından bir xeyli uzaqlaşandan sonra dönüb arxaya boylandı. Kişi xeyli aralıdan onu müşayiət edirdi. Talihə saatına baxdı: gecə saat 12-yə 15 dəqiqə qalırdı. Metroya tərəf səmt götürdü.
* * *
Zəng səsinə evdəkilərin hamısı çıxdı. Qızları sevinclə onun boynuna sarıldılar. Taleh:
– Bu nə vaxtdır? – deyə acıqla soruşdu, amma onun qızarmış gözlərini, qəribə vəziyyətini görüb həyacanını gizlədə bilmədi:
– Bir sey olmayıb ki? – deyə soruşdu.
– Nə olacaq ki?
Bu sakit, müəmmalı cavabda nə vardısa, nə əri, nə də qızları daha heç nə soruşmadılar. Aygünlə Aytən ona əynindəki yaş paltarları soyunmaqda kömək etdilər. Sonra Aytən ona qısılıb ağlamsındı:
– Ay ma, bizi qorxutma da…
Qızının həyəcanını anlayan Talihə onun üzündən öpdü: