Bizi Umudsuz qoyma - страница 13



Oğlunun aparılmasını görməmək üçün üzünü divara çevirib məchul bir nöqtəyə baxan Ana isə bunları eşitmirdi, bu zaman onun başında bir uğultu, bir haray vardı. Bu haray ona tanış deyildi, heç vaxt, heç yerdə, heç kimdən belə bir haray eşitməmişdi…

“Bizi Umudsuz qoyma!” Kim idi bunu haraylayan? Ana başa düşə bilmirdi. Umudun ondan əziz, ondan yaxın, ondan məlhəm kimi ola bilərdi? Qəfildən geri çevrildi. Çevrildi ki, oğlunun arxasınca qışqırsın, amma artıq gec idi, Ana çevriləndə Umudu oturtduqları tünd göy rəngli hərbi maşın darvazanın ağzından uzaqlaşdı.

Umud onsuz qala bilməyən Vətənin harayına gedirdi. Maşının arxasınca bir müddət baxan Ana yaxşı ki, bunu başa düşüb sakitləşdi, yoxsa ürəyi partlayardı. Həyətə düşüb əllərini göyə qaldırdı, Tanrıya dua elədi: “Nə olar, ya rəbb, bizi də Umudsuz qoyma!”

Sevgi və Borc

“Fəxr eyləmə, ey bülbülü şeyda ki, çəmənim var mənim,

Qoy, fəxr eyləyim mən ki, gözəl bir vətənim var mənim”

Əliağa Vahid


Bakı – Astara qatarı İydəli keçidində bir anlıq dayanıb tərpənəcəkdi. Keçid Masallı stansiyasından üzü Lənkərana tərəf beş kilometrlik məsafədə yerləşirdi. Nadir hallarda olsa da, keçiddə düşənlərə təsadüf edilirdi. Burada qatardan düşənlər, əsasən, sərhədçilər olurdu – bəlkə də keçidi onlar üçün nəzərdə tutmuşdular.

Qatar Masallıdan tərpənən kimi orta yaşlı bələdçi Samirə xanım yaxınlaşıb ara kupelərdən birində yatmış hərbçi sərnişinin çiynindən ehmalca tərpədərək oyatdı. Asta səslə:

–Qalxın! – dedi. – Beş dəqiqədən sonra İydəlidəyik.

Bələdçi gedən kimi leytenant Osman Osmanov yatağından qalxdı. Mələfələrini və balınc üzünü götürüb bələdçinin otağına getdi. Onun yuyunaraq kupesinə qayıtması heç iki dəqiqə də çəkmədi. Ehmal hərəkətindən heç kim oyanmamışdı – kupe yoldaşları hələ də mıshamıs yatırdılar. Əşya çantasını kürəyinə geyindi, sonra çamadanını götürüb asta addımlarla vaqonun çıxışına yollandı.

–Sən nahaq burda düşürsən, oğlum. – Bələdçi Samirə hər ehtimala qarşı ona etirazını bildirdi. – Buradan bir yana çıxmaq çox çətindir. Heç olmasa gözləyib Qazmalar stansiyasında düşsəydin, oradan taksilərlə hara istəsəydin gedə bilərdin.

“Niyə bəs təlimatda İydəlini yazıblar? Əgər lazım olsaydı Qazmaları yazardılar. Yazıblarsa, deməli, burada qatardan düşmək lazımdır. Sərhədçi çekist kimi həmişə sərvaxt olmalıdır – xidmətdə də, mətbəxdə də, səyahətdə də, haradan, nə vaxt gəlib hara getdiyini heç kim görməməlidir. Yoxsa onun harası oldu sərhədçi?” Osman öz-özünə belə düşündü və fikirləşdi ki, İydəlidə düşməyi düzgündür, yoxsa iyirmi-otuz gözün vaqon qapılarına dikildiyi Qazmalarda düşmək sərhədçi işi deyil.

–Mən xidməti marşrutdan qırağa çıxa bilmərəm. Göndərişimdə də belə yazılıb. – Baş leytenant Osmanov könülsüz, lakin ciddi və rəsmi cavab verdi ki, bələdçi daha heç nə deməsin.

Bu zaman qatar sürətini azaltmağa başladı. Bələdçi açarını götürüb tambura gəldi və dayanmaqda olan vaqonun qapısını açdı, pilləkən avtomatik olaraq aşağıya uzandı. Samirə xanım kənara çəkilib düşmək üçün leytenanta yol verdi.

–Sağ olun! – Leytenant Osmanov dilucu sağollaşıb pilləkəndan yerə düşdü.

–Siz də sağ-salamat gedib çatın, həm də uğurlu xidmətlər olsun, oğlum! – Samirə xanım sanki bir ana nəvazişi ilə onun arxasınca xoş arzularını bildirdi.

Osman vaqondan üç-beş addım aralanmışdı ki, qatar yerindən tərpəndi, dayanması, bəlkə də heç beş-on saniyə çəkmədi. Gözləri dolmuş bələdçi, sanki doğma oğlunu əsgərliyə yola salırmış kimi onun dalınca səsləndi, amma qatar sürət götürdüyündən relslərlə təkərlərin sürtünməsindən alınan, getdikcə gurlaşmaqda olan səslərə qarışan bələdçinin səsindən Osman heç nə anlamadı. Qatar bir anın içində şütüyüb keçdi və zülmət qaranlığın içində əriyib yoxa çıxdı.