Bizi Umudsuz qoyma - страница 15



“Bunu bələdçi də mənə dedi. Yaxşı, bəs belə olan halda niyə təlimatda zastavaya getmək üçün düşüləcək yer “İydəli” göstərilib?” Osman özlüyündə bir an götür-qoy edib qocadan soruşdu:

–Buradan zastavaya getmək olmaz ki?

–Yəqin ki, sən təzə zastavanı nəzərdə tutursan – Kilid zastavasını. Niyə olmur, olar. – Qoca suala aram-aram cavab verdi. – Əvvəlcə bu ərazilərin hamısına Salam Məlik zastavasından nəzarət edirdilər. Zastavaya da Qazmalardan gedirdilər. Kilid zastavasını təzə yaradıblar – heç bir il olmaz. Oraya Qazmalardan da getmək olar, burdan da. Ancaq ən yaxın yol burdandır. İntəhası buradan maşın yolu-zad yoxdur, gərək piyada gedəsən.

–Nə qədər getmək lazımdır?

–Yaxşı getsən saat yarımlıq yoldur, on kilometrdən bir az artıq olar.

–Olsun, mən gedərəm. Təki siz mənə yolu göstərin.

–Tələsmə, oğlum. Hələ səhərin açılmasına çox var. Gedək, bizdə gecələyərsən. Səhər sübh tezdən atı verərəm, minib yoluna davam edərsən. At minə bilirsənmi? Narahat olma, Kəhər nadinc deyil, yolu da yaxşı tanıyır. Çəhlimə düşdü, qırağa çıxan deyil, birbaş səni zastavaya aparacaq.

–Atı indi verə bilərsənmi? Mən yoluma davam edərdim.

–Oğlum, səhərin açılmasına hələ üç-dörd saat var. Bir azdan ay dağın arxasına keçəcək, ətrafı zülmət qaranlıq bürüyəcək. Gedib qayadan uçarsınız, atı da, özünü də tələf edərsən. Gəl, görüm, gedək evə. Hava işıqlaşar, sonra yola salaram, gedərsən.

Osmanov daha bir söz demədən əşya çantasını götürüb kürəyinə geyindi. Çamadanını yerdən qaldırıb qocanın arxasınca addımladı. Ay, doğrudan da üfüqə yaxınlaşırdı, bəlkə də bir barmaq məsafəsindəydi. Qocanın danışığında bir doğmalıq, bir səmimiyyət hiss etsə də ürəyindəki şübhələr ona rahatlıq vermirdi. Amma başqa çıxış yolu da görmürdü.

Ağaclığın arasından keçib dəmir yol xəttindən çox da uzaqda olmayan, təxminən yetmiş-səksən addımlıqda bir evin qarşısında dayandılar. Birmərtəbəli balaca evin giriş qapısı üzərində yanan zəif lampa ətrafı güclə işıqlandırırdı.

–Təkmi yaşayırsınız? – Qoca cibindən açar çıxardıb qapının üstündəki asma qıfılı açmaq istəyəndə Osmanovun ağlına gələn sual belə oldu.

Qoca təmkinini pozmadan qapını açdı, sonra üzünü qonağına tutdu:

–Xoş gəlmisiniz. Buyurun, evə keçək. – dedi. – İndi gəl, tanış olaq, oğlum. Mənim adım Savalandır – Savalan baba, eşitməmiş olmazsan. Bütün sərhədçilər məni belə çağırır.

–Mənim adım Osmandır.

–Lap yaxşı, bundan sonra bir-birimizi tanıyacağıq. Indi isə, buyur, keç içəri. – Savalan baba bunu deyib içəri keçdi və dəhlizin işığını yandırdı ki, Osman da içəri keçə bilsin. Elə ki, Osman içəri keçib çamadanını yerə qoydu, Savalan kişi qapının cəftəsini vurub dəhlizin başındakı otağa getdi. İşığı yandırıb elektrik çaynikini qoşdu. Osmanın dəhlizdə qaldığını görüb səsləndi.

–Yəqin, yorğunsan, yatmaq istəyirsən? Ancaq yol gəlmisən, bir stəkan isti çay içsək pis olmazdı. Keç, gəl bura. Çayımızı içək, durub yatağını göstərərəm.

Enli dəhlizdə paltar asmaq üçün divarlara hər iki tərəfdən asılqanlar bərkidilmişdi. Sağ və sol otaqların qapıları da dəhlizə açılırdı. Savalan kişinin göstərdiyi başdakı otağın – mətbəxin qapısı açıq idi, Osman çamadanı ilə səhra çantasını dəhlizin küncünə qoyandan sonra mətbəxə keçdi. Elektrik çaynikinin dızıltısı, pilətənin üstündə dəmə qoyulmuş qəfədanın səsini üstələmişdi – otağın sükutunu pozan yeganə səs çaynik dızıltısıydı. Bir müddət qonağının duruxduğunu görən Savalan kişi ayağa qalxıb dəhlizin sol tərəfindəki qapını göstərdi.