Bizi Umudsuz qoyma - страница 17



Osman vərəqi çəkib generala göstərdi. Abasquliyev vərəqdə yazılan zastavanın adını sanki oxumadı, birnəfəsə uddu. Onun sifət cizgilərindəki dəyişikliyi hiss etsələr də nə Osman, nə də dostları bir söz soruşmadı. General bir müddət vərəqə baxa-baxa qaldı.

–Cənab general, mən hazıram…

–Hə… – Osmanın sözü axır ki, generalı fikrindən ayırdı. – Sənə uğurlar olsun, oğlum. İydəli zastavası yenidir, əvvəllər həmin ərazilərin də keşiyini qonşu Qazmalar zastavası çəkirdi. Doğru fikirləşmisiniz, həmin ərazilər ilboyu ekstremal şəraitlərlə üzləşir, qışda boranı, çovğunu, yazda da şimşəyi, dolusu, leysanı əskik olmur. Orada ilk növbədə təbiətin şıltaqlığına sinə gərmək gərəkdir. İydəlidə bir keçid olmalıdır – gərək ki, həmin keçiddən ancaq sərhədçilər istifadə edirlər. Qatar cəmisi beş-on saniyə dayanır. Qatarın həmin yerdən gecə keçdiyini nəzərə almaq, zastavaya xəbər göndərmək lazımdır ki, qarşılamağa gəlsinlər. Yoxsa, zastavanı gedib tapa bilməzsən.

…-Hə, oğlum, deyəsən, yuxun gəlir, yaman fikrə getmisən. – Savalan kişinin qəfildən dillənməsi Osmanı fikir-xəyal aləmindən ayırdı. – Çayını iç, get yat.

–Yaxşı. – Osman soyumuş çayını birnəfəsə içib yatmaq üçün otağa yollandı.

Otaqda çarpayıdan, tumboçkadan başqa bir dənə də şkaf vardı – yuxarı başda qoyulmuşdu. Universal şkafdı, paltar, əşya üçün nəzərdə tutulmuşdu, yoxsa kitab rəfiydi, bilinmirdi. Şkafın ortasında qoyulmuş güzgünün hər iki tərəfində nisbətən böyük ölçüdə götürülmüş şəkillər qoyulmuşdu. Osman həmin şəkillərin Savalan kişinin əcdadlarına məxsus olduğunu düşündü: “Savalan kişi ata-anasının şəkillərini niyə öz otağında saxlamır ki? Bir də valideynlərin şəklini böyüdüb ramkaya saldırmırlarmı?”

Məxsusi olaraq baxmaq istəməsə də ani olaraq nəzərini şəkillərə zilləyib çəkdi – şəkillər cavan adamların şəkilləriydi, sağ tərəfdəki qız, sol tərəfdəki isə oğlan şəkiliydi. “Axı Savalan kişi dedi ki, bu otaq onun nəvəsinin otağıdır. Hə, yəqin nəvəsi Babəklə onun arvadının şəkilləridir. Yox, yox, o ki, on birincini təzəcə qurtarıb, universitetə bu il qəbul olunub. Bu yaşda da adam evləndirərlər?” Şəkillərə bir də diqqətlə baxdı, qız ona yaman tanış gəlirdi. Osman şəkildən ona boylanan qızı görmüşdü, amma harada görmüşdü, onu yadına sala bilmirdi. Heç paltarını da soyunmadan çarpayıya uzandı – elə şəkillərə baxa-baxa yuxuya getdi. Savalan kişinin otağa girib işığı söndürməyindən də xəbəri olmadı.

Səhərin alatoranlığında yola çıxdı. Savalan kişi dediyi kimiydi, dağların qoynuna doğru bir cığır vardı, kəhər at ancaq cığırla irəliləyirdi, onu sürməyə ehtiyac yoxdu, özü gedirdi. Çətini Bıtarın yamacını çıxıncaydı, oradan o tərəfə yol dolayılanırdı, həm də zastava ovuc içi kimi görünürdü. Zastavaya Qazmalar stansiyası tərəfdən gələn şosse yolu ilə heç bir yerdə kəsişməyən cığır, görünür, çox yaxın məsafədən keçirmiş. “Buranı piyada da gəlmək olardı” – gəlib çatandan sonra Osman belə düşündü. Ancaq piyada gəlməyə çamadanı və əşya çantası maneçilik törədəcəkdi.

Leytenant Osmanov zastavaya çatanda səhər bölgüsü aparılırdı. Nəzarət Buraxılış Məntəqəsinin (qısa olaraq NBM adlandırırlar) növbətçisi at belində gələn leytenantı görcək bildi ki, zastavaya gəlib, ya yoxlamadır, ya da xidmət yerinə təşrif buyurub. Odur ki, iti addımlarla yaxınlaşıb özünü təqdim etdi, heç imkan vermədi ki, leytenant atın belindən yerə düşsün.

–Cənab leytenant! Nəzarət Buraxılış Məntəqəsinin növbətçisi çavuş İbrahimov.