Bizi Umudsuz qoyma - страница 18



–Leytenant Osmanov. – Atdan düşüb o da özünü tanıtdı. – Zastava rəisinə xəbər ver.

–Zastava rəisi indi səhər bölgüsünü aparır. – Çavuş İbrahimov imkan vermədi ki, leytenant sözünü bitirsin. – Siz bir az səbr edin, bölgü qurtarsın, mən özüm xəbər verəcəyəm.

Qaydanı bilirdi deyə leytenant Osmanov zastavanın ərazisinə keçməyə cəhd göstərmədi. Atı yaxınlıqdakı dəmirağacın alçaq budaqlarından birinə bağladı. Sonra çamadanını atın belindən düşürüb NBM budkasının divarına söykədi, əşya çantasını da onun yanına qoydu. Indi yadına düşdü ki, səhərdən bəri dilinə bir dənə də olsun siqaret dəyməyib. Cibindən bir siqaret çıxarıb yandırdı. Sonra telefonunu çıxarıb baxdı, saat səkkiz iyirmi beşi göstərirdi. Amma burada, deyəsən set tutmurdu, çünki antenanın göstəriciləri həm “Narmobil” də, həm də “Baksell” də şkalasız qalmışdı. Osman telefonunun cibində qalıb sıxıldığını, buna görə də setin itdiyini zənn edib telefonu silkələdi, silkələdi, düymələrini aşağı-yuxarı tərpətdisə də bir şey dəyişmədi. Dəniz səviyyəsindən, bəlkə də min beş yüz metr məsafədən hündür olan bu ərazidə ola bilməzdi ki, mobil telefon işləməsin. Görünür, hansısa qurğu ilə şüanı dayandırıblar. Axı bura mühüm bir yer, dövlət sərhədlərinin keşiyini və mühafizəsini təşkil edən sərhəd zastavasının ərazisi idi.

Siqaretini təzəcə çəkib qurtarmışdı ki, çavuş İbrahimov təngənəfəs gəldi.

–Cənab leytenant! – deyə müraciət etdi. – Mayor Bədəlov sizi gözləyir.

Leytenant Osmanov siqareti yerə atıb ayağı ilə söndürdü. Əl atıb çamadanı götürmək istəyəndə çavuş İbrahimov dilləndi:

–Narahat olmayın. Biz gedək. Mən tapşıraram, əşyalarınızı hara lazımdırsa gətirərlər.

Onlar bir-birinin ardınca NBM-dən içəri keçib zastava rəisinin dəftərxanası yerləşən birmərtəbəli binaya tərəf yollandılar.

Leytenant Osmanov qapını döydükdə ucadan “buyurun” sözünü eşidən kimi içəri keçdi. Mayor Bədəlov masanın arxasından çıxıb onunla görüşmək üçün qapıya tərəf addımlayırdı.

–Cənab mayor! Leytenant Osmanov xidmət keçmək üçün sizin sərəncamınıza gəlmişdir.

Tanışlıq çox da uzun çəkmədi. Leytenant Osmanov özü haqqında qısa məlumat verdikdən sonra mayor Bədəlov zastava növbətçisinə selektor vasitəsilə baş leytenant Əzimovu çağırmağı tapşırdı. Şəxsi heyət üzrə müavin olan baş leytenant Əzimov sanki qapının arxasında durub çağırılacağını gözləyirmiş.

–Cənab mayor! 18-ci nöqtənin yaxınlığında tutulan uşaqları danışdırdım. Şübhəli heç nə aşkar olunmadı. Uşaqlar qonşu Əvəlikli kəndindəndirlər. Dünən dərsdən sonra axşamüstü dağdağan yığmaq üçün meşəyə gedib əks istiqamətdə hərəkət edərkən qaranlığa düşüb azmışlar və sərhəd xəttinin yaxınlığında sərhəd naryadı ilə qarşılaşmışlar. Qorxub qaçmaq istəyərkən əsgərlərimiz onları yaxalayaraq zastavaya gətirmişlər. İcra nümayəndəsinə məlumat vermişik, valideynləri müəyyənləşdirilib.

–Neynək. İndi sərhəd dəstəsinin qərargahından xüsusi şöbənin zabiti gəlir, yoldadır. Biz bir şey aşkarlaya bilmədiksə, o, uşaqlarla söhbət edər. Bəlkə bir şey tapıb üzə çıxartdı. Sonra da uşaqları ona təhvil verərik, qərargaha aparar.

–Yoldaş mayor! Burada xüsusi şöbəlik nə var ki?! İcra nümayəndəsinə məlumat vermişəm. İndi uşaqların arxasınca valideynləri gəlməlidir.

–Nə deyirəmsə, onu da elə. Burada məmə yeyəndən pəpə yeyənə kimi hər kəs bilir ki, ərazi sərhəd bölgəsidir. İndiyə kimi quş quşluğu ilə sərhəddin əlli-yüz metrliyində hərlənməyib. Yerli əhalidən heç kim sərhədçi görəndə qaçmayıb. Uşaqlar əsgərləri görəndə qaçmağa cəhd göstəriblərsə, deməli burada nə isə bir sirr var. Çünki meşədə azmış uşaqlar əsgərlərdən qaçmalı deyildi, onlara yaxınlaşıb kəndə qayıtmaq üçün kömək istəməliydi. Bax, bütün bunları aydınlaşdırmaq gərəkdir. Biz aydınlaşdıra bilmədiksə xüsusi şöbənin zabiti mütləq müəyyənləşdirər.