Bizi Umudsuz qoyma - страница 20
–O Miseyib dediyiniz doğrudan kordur?
–Hamı ona Kor Miseyib deyir, adamları görəndə gözünün birini qıyıb baxır.
Elə bu vaxt qapı açıldı və baş leytenant Əzimov qabaqda, onun arxasınca da mülki geyimli, orta yaşlı bir kişi otağa daxil oldular. Onları görən kimi uşaqların bənizi yenidən saraldı. Leytenant Osmanov başa düşdü ki, gələn xüsusi şöbənin zabitidir. Dərhal ayağa qalxıb özünü təqdim etdi:
–Leytenant Osmanov.
–Kapitan Seyfullayev, xüsusi şöbənin zabiti. – Qonaq əlini uzadıb görüşdü və tam ciddiyyəti ilə soruşdu: – Hə, nə aydınlaşdıra bilmisiniz?
–Uşaqlar meşədə Miseyib kişini görüblər – Kor Miseyibi. – Osmanov məlumat verdi.
–Miseyib kişini? – Kapitan Seyfullayev qulaqlarına inanmırmış kimi dəqiqləşdirmək istədi.
–Hə, hə, Miseyib kişini. Çiynində də balaca qara sumkası var imiş. Sıldırım qayalıqdakı mağaraya girib. Necə ki? Siz onu tanıyırsınız?
–Heç. Belə birisi var, bizdə qeydiyyatdadır. On beş gündən artıqdır ki, onu görən olmayıb. Görəsən meşədə nə edirmiş? – Kapitan Seyfullayev üzünü uşaqlara tutdu: – Uşaqlar, həmin yeri bizə göstərə bilərsiniz?
–Biz meşədə azmışdıq, geriyə yolu tapa bilmirdik. – deyə Habil cavab verdi.
–Aydındır. – Leytenant Osmanov köməklik göstərdi. – Sizi sərhədçilərin tutduğu yerə aparsaq, oradan Miseyib kişinin girdiyi mağaranın yerini göstərə bilərsiniz?
–Onlar bizi tutanda qaranlıq idi. Heç özümüz də bilmirdik ki, ora necə gəlib çıxmışıq. – Cümşüd çiyinlərini çəkib dodaqlarını büzdü.
–Yaxşı, vaxt itirmək olmaz. – Kapitan Seyfullayev müzakirəyə son qoymaq istədi. – Gedək hadisə yerinə. Uşaqlar qaranlıqda çox gedə bilməzdilər. Onlar tutulan yerlə mağara bir-birinə yaxın olmalıdır.
Zabitlərin hər üçü ayağa qalxdı, uşaqlar da durdular.
–Sən qal. – Baş leytenant Əzimov leytenant Osmanova dilxoşluq elədi. – Həm təzə gəlmisən, həm də yol gəlib yorulmusan. Buraları da tanımırsan. Əvvəlcə zastavada şərait ilə, xidmət yerləriylə tanış olsan yaxşıdır. Mayor Bədəlov özü də belə dedi.
–Cənab baş leytenant! – Leytenant incik halda dilləndi. – Mən dincəlməyə yox, dövlət sərhədlərimizin müdafiəsində, mühafizəsinin təşkilində iştirak etməyə gəlmişəm.
–Niyə xətrinə dəyir. Mən sənə elə-belə sözgəlişi dedim. Getməyinə onsuzda mayor Bədəlov icazə verməyəcək.
–Əhsən leytenant! – Kapitan Seyfullayev gənc leytenantı ötərgi süzdü. – Yaxşı, gəl, mən mayor Bədəlovdan xahiş edərəm. Sənin də bizimlə getməyinə icazə verər.
Kapitan Seyfullayev özlüyündə: “Zəif zabitə oxşamır. Anadangəlmə belidirəklidir, deyəsən. Bundan yaxşı sərhədçi çıxacaq” deyə düşünərək otağı birinci tərk etdi. Onlar birlikdə mayor Bədəlovun otağına gəldilər.
–Vaxt itirmək olmaz. Əməliyyat şəraitini nəzarətə götürmək lazımdır. – Mayor Bədəlov zabitlərin niyyətini dinlədikdən sonra “xeyir-dua” verib onları yola saldı. – Mənimlə rabitə əlaqəsində olun.
Uşaqlar kənd uşaqları idi – sərhədçilərdən heç də geri qalmırdılar. Amma çox yorulduqlarından yoxuşun sərt yamacında dayanası oldular.
–Bəlkə bir az dincələk. – Baş leytenant təklif etdi, heç kimin dinmədiyini görüb qərarını açıqladı. – Pe-re-val.
–Pis olmazdı. – Kapitan Seyfullayev onunla razılaşdı və yerə oturdu, buna bənd imişlər kimi əsgərlər də tirtap göy otun üzərinə döşəndilər. – On beş-iyirmi dəqiqə nəfəsimizi dərib yolumuza davam edərik.
–Bir azdan gün qızacaq. Onda yoxuşu qalxmaq bizim üçün daha çətin olacaq. – Leytenant Osmanov öz fikrini bildirdi. – Məndən olsa yolumuza davam edərdik.