Bizi Umudsuz qoyma - страница 16



–Buyur, əşyalarını ora keçir. – dedi. – Nəvəm Babəkin otağıdır.

Osman dəhlizə qayıdıb əşyalarını götürdü, Savalan kişinin otağına keçib onları küncə qoydu. Otaqda taxtadan qədimi çarpayı vardı – Osman heç vaxt belə yatacaq görməmişdi. Otağa ani göz gəzdirdikdən sonra mətbəxə qayıtdı. Savalan kişi çayları süzüb masanın üstünə qoymuşdu. Həm də nimçəyə bir neçə pryannik və peçenye qoyulmuşdu.

–Utanma, oğlum, babanın olanından, çayını şirni ilə iç.

Osman çayını rahat içsin deyə Savalan kişi çayından bir qurtum alıb danışmağa başladı.

–Hə, oğlum, mən əlli ildir ki, burda yaşayıram. Bir vaxtlar “Komuna” sovxozunun qarovulçusuydum – buralar sovxozun biçənək yerləriydi. Kəndimiz uzaq deyil, iki kilometrlikdə yerləşir. Uşaqlar məktəbə piyada gedib-gələrdilər. Elə ki, böyüdülər, çıxıb getdilər şəhərə. Nəvəm Babək mənimlə qalırdı. O da bu il məktəbi bitirib getdi şəhərə, deyir universitetə qəbul olub.

–Bəs yoldaşınız?

–Sara vəfasız çıxdı, on ildən çoxdur ki, dünyasını dəyişib. Torpağı sanı yaşasın, adını nəvəmə qoymuşam.

–Allah rəhmət eləsin! – Osman söhbətin mövzusunu dəyişməyə çalışdı. – İndi ki, sovxoz yoxdur, niyə gedib övladlarınızın yanında rahat yaşamırsınız?

–Burda lap rahatdır mənim üçün. Tək deyiləm, tez-tez sənin kimi gəlib-gedən sərhədçi dostlarım mənə baş çəkir. – Savalan kişi çayından bir neçə qurtum içib özü söhbətin mövzusunu dəyişdi, elə bil xatirələri oyanmışdı. – Abasquluyevdən üzübəri zastavada xidmət keçən kim varsa hamısı məni tanıyır. Bir neçə saatlıq da olsa, nə vaxtsa qonağım olublar, çayımı içiblər. Sağ olsunlar, heç vaxt məni unutmayıblar, bayramlarda mənsiz masa ətrafına toplaşmayıblar, həmişə başda oturdublar, sağlığıma badə qaldırıblar. Gəlib-gedəndən də həmişə halımı xəbər alırlar.

“Abasquliyev, bizim generalmı? Sərhəd Qoşunları Akademiyasının rəisimi? Bəs onda, biləndə ki, mən bu zastavaya yollanıram, niyə mənə heç nə demədi? Axı özü məni təlimatlandırdı, cənab generalın?” Savalan kişi danışdıqca Osman fikir-xəyal aləminə daldı. Xəyallar onu bir ay əvvələ, buraxılış yığıncağına apardı.

…Hamı böyük iclas salonuna toplaşmışdı – məzunların seçim günüydü. “Kim harada istəyir, qoy xidmət keçsin. Sərhədlərdən başlanan vətən qanan, başa düşən, müqəddəs borcunu anlayan hər kəs üçün ölkənin hər yeridir”. İlk dəfəydi ki, Komandan seçimi məzunların öz ixtiyarına buraxmışdı. Odur ki, Akademiyanın rəisi general Abasquliyev seçimdə özü şəxsən iştirak edirdi, bununla belə masanın üstünə sərhəd dəstələri və zastavaların adları yazılmış vərəqlər də düzülmüşdü. Kim ki, xidmət keçəcəyi zastavanı müəyyənləşdirə bilmirdi, o, bəxtəbəxt vərəq çəkməli olurdu. Həmin vərəqdə hansı zastava göstərilirdisə, məzun da oraya təyinat alırdı.

Məzunlar arasında beş nəfər işğal olunmuş rayonlardandı ki, onlardan da biri Osmanovdu. Müdavimlərin təhsilinə xüsusi qayğı ilə yanaşan general seçimdə də iştirak edərkən xeyir-duasını, nəsihətlərini əsirgəmədi və seçimə məcburi köçkün uşaqlarından başladı.

–Kim harada xidmət keçmək istəyirsə, buyursun, söyləsin.

–Mən vərəq çəkəcəyəm! – Məzunlardan dördü xidmət etmək istədikləri yeri bildirsələr də növbə Osmana çatdıqda o, inadkarlığını bildirdi. – Təxminən bilirəm ki, ən vacib və ilboyu ekstremal şəraitlər yaşanan bir zastavaya təyinat alacağam. Bu mənim də ürəyimcədir. Vətən yolunda ən mürəkkəb şəraitlərə sinə gərsəm, ən çətin tapşırıqları yerinə yetirmək mənə tapşırılsa qəlbimdə rahatlıq taparam.