Bizi Umudsuz qoyma - страница 24
–Cənab mayor, o nişandan varsa, birini də verin.
–Üçüncü nişanı neyləyəcəksiniz?
–Bəlkə məktəbdə, ya kənddə elə bir fəal tapıldı ki, onun da yaxasına nişan taxası olduq.
–Yaxşı, qoy olsun. – Mayor Bədəlov siyirmədən daha bir döş nişanı çıxardıb leytenanta verdi.
Kənd çox da uzaqda deyildi – zastavanın iki kilometrliyində yerləşirdi. Leytenant Osmanov sərhədçi əsgərlərlə məktəbə çatanda saat doqquzu keçmişdi. Növbətçi müəllim onları qarşılayıb müəllimlər otağına apardı – otaq çatışmadığından məktəb direktoru da müəllimlər otağında otururdu. Direktor və müəllimlər sərhədçilərin gəlişinə çox sevindilər, ayağa qalxıb onlarla çox mehriban, lap doğmaları kimi görüşdülər. Leytenant Osmanov burada heç kimi tanımasa da, bir doğmasını axtarırmış kimi diqqətlə hamını nəzərdən keçirdi. Direktor oturduğu masadan bəridəki masanın arxasında əyləşən qarayanız suyuşirin qız ona yaman xoş gəldi, harada, nə vaxt gördüyünü, yaxud qarşılaşdığını xatırlamağa çalışdı. Deyəsən, müəllimə qız da ona altdan-altdan göz qoyurdu. “Bu nədir, yoxsa mən vuruluram, aşiq oluram?” deyə leytenant tez də nəzərlərini həmin müəllimə qızdan yayındırmağa çalışdı.
Toplantı həyətdə təşkil olundu. Əvvəlcə məktəbin direktoru çıxış elədi. Çox danışmadı, toplantıya yığcam giriş verdi. Onun ardınca iki-üç nəfər müəllim çıxış nitqi söylədi, şagirdlər sərhədçilərin şəninə yazılmış şeirlərdən parçalar oxudular. Leytenant Osmanovun nəzərləri izdihamın içində həmin o qız müəlliməni gəzirdi ki, çıxış üçün söz ona verildi.
–İndi də çıxış üçün söz dil-ədəbiyyat müəllimi Sara Bəydəmirovaya verilir.
Sara söhbəti tələbəlik illərindən saldı, tez-tez hərbi məktəblərdə təhsil alan müdavimlərlə görüşlərindən bəhs etdi, bir dəfə Sərhəd Qoşunları Akademiyasında keçirdikləri görüşdən, ayrılmaq istəmədiyi xoş təəssüratlardan danışdı.
O, danışır, leytenant Osmanovun xəyalları isə geriyə qayıdırdı, onu həmin xoş günlərə səyahətə aparırdı. Osmanov bayaqdan diqqət yetirdiyi həmin qızı xatırlayırdı, özü də yaxşı xatırlayırdı.
–İndi də söz sərhəd zastavasının nümayəndəsi leytenant Osmanova – dünənki günümüzün qəhrəmanına verilir. – Alqışlar içində ani olaraq fikir-xəyal aləmindən ayrılan leytenant Osmanov özünü cəmləşdirməyə çalışsa da tər onu basdı, birtəhər iki addım atıb qabağa çıxdı.
–Həmvətənlərim! Dövlət həm də mükəmməl qorunan sərhədləri ilə tanınar. Sərhədləri qorumaq isə millətin ən vacib vəzifəsidir. Biz sərhədçilər dövlət sərhədlərinin müdafiəsini təşkil edirik. Bu işdə hamının köməyi olmalıdır. Necə ki, dünənki əməliyyatda, Kor Miseyibin tutulmasında Habillə Cümşüd bizə lap yaxından köməklik göstərdilər. Onlar olmasaydı cinayətkar belə tezliklə yaxalanıb ifşa edilməyəcəkdi. Kim bilir, bundan sonra o, dövlət sərhədlərini neçə dəfə pozmağa cəhd göstərəcəkdi, daha hansı fitnə-fəsadlar törədəcəkdi. Zastava rəisinin əmri ilə Habil və Cümşüd “sərhədçinin dostu” döş nişanı ilə təltif olunurlar. Buyursunlar.
Alqış sədaları altında Habillə Cümşüd leytenanta yaxınlaşdılar. Osmanov əvvəlcə Habilin, sonra Cümşüdün yaxasına döş nişanlarını taxaraq onların əlini sıxıb təşəkkürünü etdi.
–Hər kəs çalışmalıdır ki, Habillə Cümşüd kimi sərhədçilərə kömək etsin. – Habillə Cümşüd daha gur alqış sədaları altında cərgədəki yerlərinə qayıtdılar və alqışlar kəsildi, gözlər leytenanta dikildi, o, çıxışını yekunlaşdırmalıydı ki, toplantı başa çatsın. – Sizin aranızda sərhədçilərin daha bir dostu var. – Leytenantın son kəlməsi izdihamı təlatümə gətirdi, hamı onu axtarmağa çalışdı. Onun kim olduğunu cərgələrdə axtardılar, leytenant susdu. Tapmadıqda sual dolu baxışlar yenidən leytenanta dikildi. Hamı həyəcanla gözlədi ki, görəsən leytenant kimin adını çəkəcək. – O insan hamınızın yaxşı tanıdığı Sara xanım Bəydəmirovadır. Onun sorağını mən hələ Akademiyada oxuyanda almışdım. Fədakar qızcığaz müdavimlərə çox köməkliklər göstərirdi, kitabxanalardan öz adına kitablar, lazım olan ədəbiyyat dərslikləri tapıb gətirirdi, vətənpərvərlik disputlarında fəal iştirak edirdi, tələbələrlə müdavimlər arasında mövzu mübadilələri təşkil edirdi. Hamımızın sevimlisinə çevrilmişdi Sara. Heç təsəvvür etməzdim ki, burada, ucqar bir dağ kəndində onunla rastlaşa bilərəm. Sara Bəydəmirova da “sərhədçinin dostu” adına layiqdir. Buyursun!