Bizi Umudsuz qoyma - страница 25
Sara xanım cərgədən çıxıb şux addımlarla leytenantın qabağına yeridi, bir anlıq baxışdılar. “Bu ki, Savalan babanın evindəki şəkilin özüdür” yadına düşdü Osmanovun, ürəkdən gülümsündü Saranın üzünə, Sara da ona gülümsündü, harda isə o da Osmanovu xatırlayırdı deyəsən.
Xəyallardan ayrılan leytenant Osmanov Saraya tərəf yarım addım atıb üçüncü nişanı onun yaxasına taxdı. Həzin əsən mehin güclə tərpətdiyi palıd yarpaqlarının yaratdığı xışıltıya bənzər qırıq-qırıq səslər çıxartdılar, yalnız ikisinin güclə eşidə biləcəyi tərzdə, yəni dodaq tərpənişindən anlaşılacaq kimi pıçıldaşdılar.
“Tanıdın?”
“Tanıdım…”
“Əhsən!”
“Xoş gördük!”
Nişan taxılma mərasimində çox qısa, amma günəşin özü qədər isti dialoq alındı aralarında. Bu isti hər ikisinin sifətini qarsdı, yanaqlar allandı. Toplantı bununla da dağıldı. Məktəb direktoru Güloğlan müəllim onları nahara dəvət etsə də qalmadılar. Leytenant Osmanov zastavaya qayıdıb olanları mayor Bədəlova danışmağa tələsirdi. Kənddən yenicə aralanmışdılar ki, o, dayandı. Ürəyi özündə deyildi deyə ayaqları getmirdi. Ona elə gəldi ki, məktəbin pəncərəsindən Sara onun arxasınca baxır. “İlahi, bu nədir, olmaya eşqə düşmüşəm, vurulmuşam? Görəsən, eşqə düşmək necə olur?” Geri qanrılıb kəndə, məktəbə, bir də açıq səmaya baxdı… “İlahi, mənə vətəni sevdirdin, vətəni sevməyi özümə borc bildim. Vətən borcu canıma, qanıma elə hopdu ki, başqa nəyəsə yer qalmadığını düşündüm! Borcumu yerinə yetirməyə gəldim, burda da qarşıma sevgimi çıxartdın!”
Kənddən xeyli aralanmışdılar, məktəb bir kibrit qutusu boyda görünürdü, pəncərələr isə nöqtə kimiydi, gözün bəbəyindəki nöqtədən də balaca. “Sara, mən sənə bunu çoxdan demək, ürəyimi açmaq istəyirdim, lakin sən bir daha qarşıma çıxmadın. Heç kim inanmaz ki…”
“… gör necə gözəl vətənim var. Borcunu yerinə yetirmək üçün ən ucqar yerə yollanırsan, orda da sevgin qarşına çıxır…”
Başdaşındakı şəkil
İran tərəfin gömrük məntəqəsini keçəndən sonra əlli-altmış addım gedib dayandım. Günəşdən qorunurmuş kimi əlimi gözlərimin üstünə tutdum – bu, mənim adətimiydi, gün oldu, olmadı baxanda belə eliyirdim. İndi də ərazidə sıra ilə, sırasız dayanan maşınlara göz gəzdirdim.
–Təbriz…
–Ərdəbil…
–Əhər…
Dəllalların bir-birinə qarışan səsi baş-beynimi apardı. Lap istədim əllərim ilə qulaqlarımı tıxayım, həmişə qarmaqarışıq yerlərdən kənar gəzərdim, səs-küyü heç uşaqlıqdan xoşlamazdım. Həyatımda bir neçə dəfə belə yerlərə tuş gəlsəm də öyrəşə bilmirdim, haray-həşir, vurçatlasın mənlik deyildi. Tez bir tanış maşın tapıb aradan çıxmaq, bu qaraguruhçu dəllalların baş-beynimi aparan qarğa-quzğun səslərindən canımı qurtarmaq istəyirdim.
Tanış deyəndə ki, başqa bir ölkədə mənim nə tanış maşınım olacaqdı? Burda – aləmin bir-birinə qarışdığı, beş tümən qazanc yolunda qonşusunun da hulqumunu üzməyə, ayaqlarının altına salıb tapdalamağa hazır olan yüzlərlə “ac-yalavac” ın arasında kimi tanıyırdım?
İrana gedişim üçüncü, ya dördüncü dəfəydi, dəqiq yadımda deyildi. İlk dəfə Xudafərindən, qalan vaxtları Biləsuvardan keçmişdim. Heç hansında problemim olmamışdı, gedəndə də, gələndə də rahatlıqla adlamışdım, basırığa, cığan-vığana düşməmişdim. Amma nədənsə, bu dəfə yaman ehtiyat edirdim. Elə bilirdim ki, biz tərəfi adlasam da İran tərəfi keçə bilməyəcəyəm. Gömrük işçiləri nəyi isə bəhanə gətirib məni saxlayacaq, saatlarla sorğu-suala tutub zəhləmi tökəcək, sonra da geri qaytaracaqlar, qoymayacaqlar gedib niyyətimi hasil eyləyim.