Dəli Çəmənli - страница 14




– Ağa ona pənah gətirən insanların içində sarsılan Allah sevgisini onlara qaytarırdı. Ağa insanlara Allahın Əhli-beyt nəslinə bəxş etdiyi xeyir-dua vermək şərəfindən istifadə edərək, onlara xeyir-dua verirdi. Ağa insanlara Allahdan ruzi-bərəkət diləyirdi. Ağa, duası həmişə hasilə yetən bir mömin idi. Ağa Allah adamı idi. Ağa Allahı sevirdi, Allah da öz mömin bəndəsini sevirdi. Allah sevdiyi insanları belə urvatlı edir. Ağa Allahın urvatlı bəndəsi idi. Allahın sevdiyi bəndədən yazmaq Allaha xoş gedən bir iş deyildimi?

Mən bunları Seyid Yusif Ağaya demədim. Amma Ağa haqqında yazmaq fikrimi də dəyişmədim. Doğrudur, hələlik bu bir arzu olaraq içimdə qalır. Amma bir gün bu arzumun Ulu Tanrının köməkliyi ilə həqiqətə çevriləcəyinə inanıram. Yəqin Seyid Yusif Ağa bu sətirləri oxuyanda gülümsəyib deyəcək:

– Ay Dəli Çəmənli balası…

Bəli, əvvəla, mən Seyid Lazım Ağanın nurani çöhrəsini güc-bəla ilə xatırlayıram. Agdamın Çəmənli kəndində orta məktəbi bitirəndən sonra təhsil almaq üçün Bakiya gəldim. Hələ 16 yaşım tamam olmadığı üçün pasport da almamışdım. Ürəyim istəyən sənəti seçmək mənə qismət olmadı. Ömrümün yolları başqa istiqamətə yönləndi. Atam-anam çox erkən vəfat etmişdilər. Maddi sıxıntılarım vardı. Tez-tez kəndə, Ağdama gedib-gələ bilmirdim. Gedəndə də yolum Ağdamdan düşmürdü. Sonra da hərbi xidmətə çağırdılar. Hərbi xidmətdən sonra, yarımçıq təhsilimi başa vurub Mərkəzi Statistika İdarəsində işə girdim. Bir müddətdən sonra ailə qurdum. Qayğılar bir az da artdı. Bəlkə də ağlım kəsəndən sonra tez-tez Ağdama gedib-gəlsəydim, bu gün Ağa haqqında deməyə sözüm daha çox olardı. Nə edim? Amma ürəyimdə olanları demək borcumdur.

Ustadımız Şəhriyarın «Heydərbabaya salam» poemasındakı bir bənd içimi yandırır.


Elə bil bu bənd mənim üçün yazılıb:


Şəhriyarın məzarı önündə

Təbriz. 18 iyun 2014-cü il. Üstad Şəhriyarın məzarı önündə
Heydərbaba, yolum səndən kəc oldu,
Ömür keçdi, gələmmədim, gec oldu.
Heç bilmədim, gözəllərim necə oldu.
Bilməz idim döngəlik var, dönüm var
Ayrılıq var, itginlik var, ölüm var.

Yollarım Qarabağımdın, Ağdamımdan, Çəmənlimdən kəc oldu. Ailə qurduğum xanım da öz kəndimdən-kəsəyimdən, Ağdamımdan, heç olmasa Qarabağimdan deyildi. Dədə-babalarımız demişdi: – «elini ürküt, axsağından yapış». Necə gözəl bir deyimdir… Mənasını gec anladım. Yollarımı tez-tez Qarabağdan deyil, Şirvandan salırdım. Şirvana da canım qurban, Muğana da, Milə də… Amma Qarabağ Qarabağdı axı!. Onu nə ilə əvəz etmək olar? Dədə-babalarımızın bir zərbi-məsəli də mənə aydın oldu: Soruşurlar, haralısan? Deyir: «hələ evlənməmişəm».


İkinci, Ağanın şirin söhbətlərinin şahidi olmamışam. Ona görə də ustümə götürdüyüm bu çətin vəzifədə Uca Allaha sığınır, onun mənə yardımçı olacağına inanıram. Haqqın dərgahına aparan bu yolda Ağanın müqəddəs ruhunun mənimlə olacağına, mənim əlimdən tutub doğuldugu, yaşadığı yerləri qarış-qarış dolandıracağına inanıram.

Bu yazını yazan anlarımda canım qədər sevdiyim Qarabağ torpağı, qəlbimin həsrətli nisgil dağı Ağdamım ağır günlərini yaşayır. Minlərlə insan öz yurd-yuvasından didərgin düşüb. Neşə-neçə şəhid igidlərimizin məzarı düşmən tapdağı altında qalıb. Sovet hökumətinin bir saat da olsun belə bağlamağa qadir olmadığı məscidimizdən azan səsləri eşidilmir. Məscidin özü yavaş-yavaş uçub dağılır. Müasir dövrdə dünya siyasətçiləri artıq bəşəriyyətin qatı cinayətlərindən birini – Qarabağda azərbaycanlılara qarşı soyqırım törədilməsini ört-basdır edə bilmir. Dünya mətbuatı törətdilən vəhşiliklərdən, neçə-neçə şəhərlərin, kəndlərin talan edilərək məhv edilməsindən danışır. Bir zamanlar yüz minlərlə insan yaşayan Ağdamın, Xirosimadan betər dağıdıldığını bildirir. Erməni xisləti sivilizasiyaya agah olur. Bəşəriyyət kütləvi gipnozdan ayılaraq gözlərini döyür. Heç kim erməni təbliğatının necə qurbanı olduğunu anlaya bilmir. Amma bu, bizim dərdlərimizi bir zərrə də olsun azaltmır.Torpağından ayrı düşən nəslimiz, ev-eşiyindən uzaq, onun-bunun püşkəyində cansıxıcı həyat sürür. Ağsaqqallarımız, ağbirçəklərimiz «Ağdam!» deyə-deyə dünyanı tərk edir. Yeni doğulan körpələrimiz artıq Qarabağlı deyil. Lakin, düşmənlərimiz rahat olmasın. Tam əmin olsunlar ki, bu qisas qurdla qiyamətə qalmayacaq. Biz mütləq öz torpaqlarımıza sahib çıxacağıq. «Arxalı köpək qurd basar», – deyiblər. Lakin, intiqam saatında heç bir arxa onlara kömək edə bilməyəcək. Hazırda, Azərbaycan iqtisadiyyatı inkişafının ən yüksək mərhələsinə qədəm qoyur. Ordumuz gündən-günə güclənir. Gənclərimizin qəlbində vətənpərvərlik ruhu yüksəlir. Biz hamımız Ali Baş Komandan-cənab İlham Əliyevin əmrinə müntəzirik!. Biz öz gücümüzə əminik!. Qoy, bizim qətiyyətimizə kimsə şübhə etməsin!.. Ulu Tanrı bizim üzərimizə çox yüksək bir vəzifə qoyub: – Qarabağı azad etmək!. Bunun üçün birləşməli, əlbir olmalıyıq. Yoxsa, qiyamət günü Ağamızın üzünə baxmağa üzümüz olmayacaq. Bizi, məzarları düşmən tapdağı altında qalanşəhidlərimizin, ata-babalarımızın ruhları da bağışlamayacaq.