Dəli Çəmənli - страница 15
…Bu gün Ağanın cismi Ağdamın dilbər guşələrindən biri olan, axarlı-baxarlı Çəmənli kəndində bir məqbərənin altında uyusa da, onun ruhu Qarabağın dağlarında, düzlərində dolaşır, «Allahu-Əkbər!«ə, azan sədalarına həsrət qalan məscidi-minarəni, yetim qalan ağacları, gülləri, çiçəkləri xeyirxah əlləri ilə tumarlayır, onlara ürək-dirək verir. Aganın ruhu rahat deyil. Ağanın ruhu intizar içindədir. Ağa yol gözləyir. Ağa igidlərin, ərənlərin yolunu gözləyir. Ağanın ruhu göz işlədikcə uzanıb gedən Qarabağ düzlərinə tərəf boylanır, sevdiyi insanların vüsalı həsrətilə çırpınır. Narahat olma, Aga! Biz qalib gələcəyik!. Biz mütləq qalıb gələcəyik!. Əgər ürəyimiz qələbə eşqi ilə çırpınmırsa, onda o ürəkdən nə fayda…
Bakı, 2012-ci il.
P.S.
Bu kitab çapa hazırlanarkən Çəmənli kəndində faciəli hadisələr baş verdi. İşğalçı Ermənistan ordusunun terrorçularının kəndlərimizi top atəşinə tutması nəticəsində dinc sakinlər – Hüseynov Əli Müseyib oğlu və Mustafayev Famil Əli oğlu həlak oldular. Hər iki həmkəndlimə Ulu Tanrıdan rəhmət diləyirəm. Qoy, dinc kənd sakinlərini hədəfə alan hərbi geyimli terrorçular əmin olsun: Biz onların murdar ayaqlarını torpağlarımızdan kəsəcəyik.
Dəlidən doğru xəbərlər
«Ruhlar şəhəri» nə sağlam nəzər
Zaur Qarabağiyə həsr olunur
Gözlərimin önündə Ağdamın xarabalıqları… Şəkillər, şəkillər, şəkillər…
Elə bil xarabalıqların şəkillərini yaymaq üçün yarışa girmişik. Kim daha «gözəl» şəkil yaya bilər. Ah, səndə dağılmış məscidin şəkli varmı? Ah! Bu çay evidi… Gör nə günə düşüb? Onu blituzla mənə göndər. Evdə nənəmə göstərəcəm. Ay Allah, bu nədi, mədəniyyət evidi? Gör nə cür dağıdıblar? Əla! Onu da göndər…
Söhbətə qarışıram… Tezliklə Ağdam şəhəri işğaldan azad olacaq!
– Nəə? Ola bilməz! Tarixində inanmaram. Bu gün Ağdam azad olsa, ayaqyalın-başıaşıq Ağdamacan gedərəm, amma inanmaram, öldürəsən, inanmaram.
Susuram. Allah sənə kömək olsun!. Allah sənə bircə zərrə də olsa, ümid versin, deyə
ürəyimdə dua edirəm.
Zaur Qarabaği
Gəncliyimdə Əfətlidə Mikayıl adlı (Allah rəhmət eləsin!) bir tanışımın kitablarının içində bir kitab gördüm. Adı da qəribə idi: «Fikir dalınca». Kitabı oxumaq üçün istəyəndə tanışım az qaldı məni qucaqlayıb öpə. Sən bu kitabı niyə seçdin? Bu kitab insanın fikirlərinin ən canlı, ən kamil bir yaradıcı qüvvə olduğunu deyir. Sözlərindən heç nə anlamadım. O vaxtlar o kitabı da anlaya bilmədim. Demək olar ki, oxumadan sahibinə qaytardım. İlk oxuduğum dini kitabda deyilirdi: " Allah insanı öz timsalında yaratdı, özünə oxşar yaratdı». Qəbul etdim. Doğrudan da insan yaradıcıdır. Amma insan Allahdan fərqli olaraq, cansız aləmi yaradır. İnsan hər şey yaradır, amma onun yaratdığları zamana qalib gələ bilmir. Bir zamanlar mən də belə fikirləşirdim. Arqonavt Yasonun gəmisi yadınızdamı?..Uzaq bir adada başı keyfə qarışan yunanların gəmisi tez bir zamanda yarıyacan quma batmışdı. Doğrudan da, İnsan zamana qalib gələ bilmir…
Nə? Mən nə danışıram? İnsan zamana qalib gələ bilmir? Onu kim dedi? Zamana qalib gələn insan yoxmu? Bəs, Məhəmməd peyğəmbər (S.A.Ə.S) Bəs, Sokrat? Bəs, Nizami? Bəs, Motsart? Bəs, Bethoven? Bəs, İsaak Nyuton? Bəs Eynşteyn? Bəs, Mustafa Kamal Atatürk? Bəs, Heydər Əliyev? Onların yaratdığına cansız demək olarmı? Axı, onlar nə yaratmışdı? Onların yaratdığı ilk öncə sadə bir fikirlə başlamırdımı? Hər bir işin başlanğıcında sadə bir fikir, sadə bir ideya durmurmu? Sonra nələr baş verir? Daha güclü bir qüvvə olan inam yaranmırmı? Hər şeyin inamdan başladığı aydın deyilmi? Məgər onlar özləri yaratdıqları ilə bərabər yaşamırmı? Yox? And içə bilərsiniz? Həə? Bilirəm, bilirsiniz ki, onlar yaşamır. Qəbirləri hardadı, onu da bilirsiniz. Görürəm, çox məlumatlısınız. Siz uça bilirsinizmi? Nəə? İnsan uça bilməz? Ah, siz realistsiniz! Aydındı!