Dəli Çəmənli - страница 3
Söz haqqında çox fikirləşdim, axırda anladım ki, bu dünyada elə sözdən başqa heç nə yoxdur. Sözlər də cürbəcürdür. Var doğru söz, var yalan söz… Görün, söz haqqında Həzrəti Əli (ə.s) nə buyurub:
«Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir, bədəni hərflərdir, canı isə məna, bəzəyi biçimli söylənməsidir, tutarlılığı isə DOĞRULULUĞUNDADIR».
Deməli, şozün düzü hamıya lazımdır. Amma düz söz danışanlar çoxdurmu?
«Ya həqiqəti de, ya da sus» – deyib atalar. Sözün yoxdursa, sən də yoxsan. Hanı dünyadan bac alan süleymanlar, isgəndərlər nə bilim kimlər, kimlər? Sözlərindən savayı nə qalıb ki, bu dünyada? İgidlərin hərbə-zorbaları hamısı söz imiş. Elə insanları susmağa məcbur edən bu dil pəhləvanları da…
Çəmənlinin düzləri
Sözə bax, – dil pəhləvanları… Bu pəhləvanlar sovet dövründə daha çox idi. Bir qoyundan bir ilə az qala on beş bala alırdılar. Sözü yazırdılar kağıza, verirdilər qoltuğumuza, sonra da deyirdilər ki, ye bu yağlı sözlərdən. İndi bunları fikirləşəndə adam az qalır dəli ola…
Dəli demişkən, – söz sözü çəkər, deyib atalar, – gözümü açandan həmişə kəndimizin adının önündə bir «dəli» sözü də eşitmişəm. Uşaq olanda buna o qədər də əhəmiyyət vermirdim. Bir az böyüyüb qırağa çıxanda mənə təsir eləməyə başladı. «Ev oturanın-söz götürənin», -deyib atalarımız. Mən bu dəli sözünü tamam-kamal özümə götürürdüm. Mənə elə gəlirdi ki, bu «dəli» sözü ilə məni ələ salırlar. Özüm bir az dəli-dolu olsam yenə dərd yarı idi. Allahın fağır bəndəsi idim. Əslində, bizim kəndimiz bir neçə obalar toplusudur. Hamısı da qədimi adlar. Bəndənizin doğulduğu Sarısöyünlü obası, kəndimizin fəxri Böyük Qışlaq, Bala Qışlaq, Orduqalı, Sarıhacılı, Zilfilər, Nurular… Böyük Qışlağa nəyə görə kəndimizin fəxri deyirəm, çünki bu oba elə əvvəldən bizim mədəniyyət mərkəzimiz olub. Məktəbimiz, kolxozumuzun idarəsi, klub, mağaza, poçt, – bir sözlə, hər şey burada yerləşir. Məktəbimizin müəllimlərinin çoxu bu obadandır. Adından belə başa düşmək olur ki, qədimdə bu obada yaşayan insanlar maldarlıqla məşğul olublar. Amma tək maldarlıqlamı? Düzən Qarabağın bərəkətli torpaqlarında məskunlaşan babalarımız hələ çox qədimdən oturaq bir həyat sürüblər. Bu məhsuldar torpaqlarda taxıl, üzüm, pambıq əkib-becəriblər. Kəndimizin suya olan ehtiyacını qədim zamanlarda Kötəl çayı ödəyib. Kötəl çayı Dağ Qarabağdan axıb gələn bir cənnət suyu idi. Yayın istisində düzən Qarabağ alışıb-yananda Kötəl çayı dada çatırdı. Mənə bir neçə dəfə bu çayın daşdığını görmək qismət olub. Bu yaddaşlardan silinən bir mənzərə deyil. Ucsuz-bucaqsız düzlər dizəcən suya qərq olurdu. Bu daşqınlar bəlkə də Kür çayınacan uzanıb gedirdi. (Əgər səhv edirəmsə qoy xatırlayanlar səhvimi düzəltsin). İndi Azərbaycan Toponimlərinin Ensklopedik Lüğətində oxuyanda ki, Çəmənli kəndi 1918-ci ildə yaradılıb, məni gülmək tutur. Ay mənim ensklopediya yazan «tarixci» qardaşlarım, siz mənə deyin görüm, bəs Cəmənli qəbristanlığindakı 300—500 illik tarixı olan qəbirlər kimindir? Özümüz öz əllərimizlə tariximizi kiçildiriksə, onda başqasından nə gözləyək?. Amma deyəsən, bu sözləri təkrarlamaqla mətləbdən uzaq düşdük…
Bir dəfə-bizə niyə «Dəli Çəmənli» deyirlər, – deyə atamdan soruşdum. Atam mənə «Koroğlu» dastanını oxumağı məsləhət gördü. Həmin gün kitabxanaçı Kamran dayıdan «Koroğlu» kitabını alıb evə gətirdim. Çarpayıya uzanıb kitabı oxumağa başladım. Aman Allah, bu dəlilik nə qəribə şey imiş. Sən demə, bir zamanlar qoçaq, mərd, igid insanlara «dəli» deyirmişlər. O gündən kəndimizin kişilərinə başqa gözlə baxmaga başladım. Müseyib əmi, Cəmil əmi, Şükür dayı, Əyyub dayı, Əli dayı, Pirhəsən əmi, Bəhmən əmi, Nəsib əmi, kəndimizin əbədi briqadiri Köçəri əmi, Qoşunalı əmi, Məhəmmədəli əmi, Səfər dayı, Nüşirəvan əmi, Şiraslan əmi, Qaytaran əmi, İsa əmi (Kəndimiz o sadə insanı çox tez itirdi), Əsəd əmi, Mürşüd əmi, Abdulla əmi, Möhsüm əmi, Yapon əmi, Heydər əmi, Pezər əmi, Alı əmi…