Dəli Çəmənli - страница 5
Bu hadisələrin davamı 2001-ci ildə gəldi. Bir dəfə sevimli müəllimim Şahmar Əkbərzadənin işlədiyi «Mədəniyyət» qəzetinin redaksiyayasına getmişdim. Arabir o, məndən nəsə bir şey oxumağı xahiş edərdi. Bu dəfə «Övladlar dönükləşəndə» şerini oxudum. Bəyəndi. Çox təriflədi. Hətta bir neçə dostuna da göstərdi. Bu şer deyil, bu ibrət dərsidir-dedi.
Şer «Mədəniyyət» qəzetində dərc olunandan sonra, «Qızıl qələm» mükafatı laureatı Fikrət Lənbərani ilə tanış oldum. Fikrət müəllim şerə qısaca olaraq belə rəy verdi:
«Sən şer yazmamısan, sən xarabalığın rəsmini çəkmisən». Həmin şeri indi sizə təqdim edirəm:
Övladlar dönükləşəndə
Doqqazın ağzında dondum qəfildən,
Təsəlli verərmi həmsöhbət mənə?
Uğursuz yolçuya döndüm qəfildən,
Necə yazıq gəldi bu həyət mənə.
Üstən quş səkməyən o çal-çəpərlər,
İndi neçə yerdən yaralanıbdır.
Doluşub həyətə qonşu dəcəllər,
Meynələr vədəsiz uralanıbdır.
Külək budaqları dibdən qoparıb,
Bağ-bağat doludu şax-şəvəl ilə.
Gül kolu təklikdən şivən qoparıb,
Ləçəklər üstündə don tutub gilə…
Körpə çinarların dəyişib halı,
Qoca tut nə yaman xəyala dalıb.
Bacımım bəzəkli çörək dəsmalı,
Təndirin başında kimsəziz qalıb.
Pozulub bağçada əvvəlki mizan,
Körpə budaqları meyvələr əymir.
Əbədi qonaqdır bu yerdə xəzan,
Bir yaşıl yarpaq da ğözümə dəymir.
Daşlar, divarlar da qəribsəyibdi,
Böyük hənirinə, uşaq səsinə.
Bu həyət məni də qərib sayıbdı,
Doğma nəfəsimdən çətin isinə.
…Günəşin şəfəqi sönükləşəndə,
Qızmar yay günü də dönüb olar qış…
Övladlar soyuyub dönükləşəndə.
Dədə-baba yurdu yetim qalarmış.
Ağdam, Çəmənli,
1978-ci il.
P.S.
Əziz Şahmar Əkbərzadə ilə görüşə dostum Mahirlə getmişdik. Fikrimiz onu dəbdəbəli restoranların birinə dəvət edib gözəl vaxt keçirmək idi. Lakin, Şahmar müəllim bizə dedi ki, bir yeməkxana tanıyıram, orada bişən yeməklərdən Müseyib əminin bişirdiyi yeməklərin ətri gəlir. Biz Şahmar müəllimin dediyi yerə getdik. Yeməkdən sonra Şahmar müəllim mənim dəftərimdə olan şerlərlə tanış oldu. «Övladlar dönükləşəndə» şerini alıb oxudu, bir-iki düzəliş elədi, sonra gülə-gülə dedi:
«Hə, Qasımov, gördünmü söz necə partladı»?
Sözün partlaya bilməsini ilk dəfə sevimli müəllimimdən eşitdim
Şeyid Lazım Ağa
Tanrının sevdiyi bəndə
(El-obamızın and yeri Seyid Lazım Ağanın xatirəsinə həsr olunur)
Rəhman, Rəhim Allahın adı ilə…
Bu yazıya bir şerlə başlayıram. Elə-belə yazılmayıb bu şer… Bəlkə də neçə illərdən bəri axtardığım həyat həqiqətlərinin intizarı ilə mayalanıb. Bəlkə bu şerin odu içimə həyatımda ilk dəfə «Allah haqqı!» deyəndə düşüb? Allahın üstümdə olan haqqını anlamadan içdiyim andın ağırlığını sonralar anladım. Aşura gününə bir gün qalanda Qara müəllim mənə tapşırardı ki, Qasımov, sən dərsə gəlmə, aşura günü İmam Hüseyn məclislərinə gedən uşaqların siyahısını tut gətir. Hər dəfə də Qara müəllimə ağ vərəq verərdim. Bəlkə bu şerin toxumları o zamanlardan ürəyimdə cücərib, bitib, misra misra böyüyüb? Bilmirəm. Amma bir gün bu şer yazıldı. Dərhal facebook səhifələrində paylaşdım. Şerin ilk oxucularından biri dostum Hacı Elməddin oldu. Şer Hacının çox xoşuna gəldi. Dostumun xeyir-duasından ürəklənib, şeri bu kitaba bir müqəddəmə kimi təqdim etməyi qərara aldım:
Bir iman yeri var, min güman yeri,
İman olmayanda güman min olar.
İmanı qəlbinə çıraq eləsən,
Dünya qəmlərinə məlhəmin olar.
Halal qazancına haram qatmasan,
Kasıbı, fağırı heç unutmasan;
Özgənin haqqına əl uzatmasan,
Sənin HAQQ yanında aləmin olar.