Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 20
Müharibə qurtarana qədər Bakıda yaşayan Ayşət xanım müharibədən sonra üç yaşlı Müslümlə birlikdə böyüyüb boya-başa çatdığı Maykop şəhərinə qayıdır.
Məhəmməd Maqomayevin həyatından söhbət açarkən onun necə əsgər olduğu, necə döyüşdüyü, necə həlak olduğu, harda dəfn olunduğu haqqında yığcam məlumatı oxucuların diqqətinə yuxarıda, hərbi jurnalist Mixayil Zaxarçukun yazdığı məqalədə, çatdırdım. Lakin Ayşət xanımın söylədiyi bir fakt, həm maraqlı, həm də tükürpərdici idi.
Ayşət xanım xatirələrində yazırdı: “Müslüm Polşada qastrol səfərində olanda həmin yerləri ziyarət edib. Yəqin ki, “Buhenvald harayı” mahnısı yadınızdadı? Bu, Müslüm üçün adi mahnı deyildi, bu onun ürək odu, ürək yanğısı, atasını müharibədə itirən bir övladın çağırışı, harayı idi.”
Həqiqətən, bu mahnı Müslüm tərəfindən elə bir səviyyədə ifa olunub ki, qulaq asan hər kəs, hətta, mahnının sözlərini, dilini başa düşməyən hər bir şəxs daxili təlatümünü saxlaya, gizlədə bilməzdi. Yüksək ecazkar səs, cingiltili təmiz ifa tərzi, artistlik manerası, mahnının daxilinə nüfuz etmək, onu yaşamaq, geniş diapozon və s. tamaşaçını mat-məəttəl qoyurdu. Bu, Ayşət xanımın dediyi kimi: “atasını müharibədə itirən bir övladın yanğısı, harayı idi”. Mahnının səsləndiyi həmin zaman kəsiyindən bizi, bu gün çox illər ayırır, lakin bu illər ərzində mahnının başqa bir kimsə tərəfindən ifa olunmaması bir daha sübut edir ki, həqiqətən böyük səs, böyük istedad, cürət və qabiliyyət tələb edən belə bir əsəri hər müğənni ərsəyə gətirə bilməzdi . “Buhenvald harayı” adından da bəlli olduğu kimi ağır günləri diqqətə çatdıran, həm də vətənpərvərlik duyğularını tərənnüm edən əsər kimi zamanında qəsər kimi zamanında qəşbulundu. Belə bir çətin mahnını yalnız Müslüm səviyyəsində olan müğənni ifa edə bilərdi…
Ayşət xanımın danışığından hiss olunur ki, təfərrüatlarını bölüşərkən o, necə əzab-əziyyət çəkir və sıxılır. Həm həyat yoldaşına olan məhəbbəti, həm övladının iztirablar içində mahnını yüksək səviyyədə ifa etməsi, sözsüz ki, Ayşət Əhməd qızını həmin anlara, Məhəmmədlə keçirdiyi qısa, ancaq xoşbəxt və mənalı günlərə dartıb aparırdı. Bu, söhbətdən sonra onun özünə qayıtması üçün müəyyən zaman fasiləsinə ehtiyac duyulurdu. Lakin sualı sual arxasınca ünvanlayan müsahibin, jurnalistin növbəti sorğusu heç də əvvəlkindən az təsirli olmurdu. Uşaqlıq dövrü ilə bağlı ünvanlanan sualı cavablandıran Ayşət xanım dərindən ah çəkərək yaddaşına həkk olunan məqamları dilə gətirərək deyirdi:
“Müharibədən çox keçməmiş türkləri Qafqazdan sürgün etməyə başladılar. O cümlədən atamı Sibirə, Tomsk şəhərindən təxminən 200 kilometr aralıda yerləşən Beliş-Yar adlı bir yaşayış məntəqəsinə göndərdilər. Bir dəfə yanına getdim, görüşdük, onu sakitləşdirməyə çalışdım. Nə qədər buna müyəssər oldum deyə bilmərəm… Bu, atamla mənim son görüşüm oldu. Sonradan xəbər aldım ki, artıq atam bizim həyatla vidalaşıbdı.”
Bir-birinin ardınca yada salınan ağır və acı xatirələr Ayşət xanıma əməlli-başlı təsir göstərmişdi, sanki, qəhər onu boğurdu. O, hıçqırtı ilə danışır və çalışırdı ki, danışdıqca, həm ürəyini boşaltsın, həm də nisbətən təskinlik tapsın. Bununla belə, sinəsinin üzərindən diyirlənərək damcı formasında aşağı düşən isti və mavi göz yaşları onun daxili aləminin necə alovlanmasından xəbər verirdi. Bu, göründüyü kimi bir o qədər sadə, həmçinin, bir o qədər asan deyildi, ancaq Ayşət xanım özündə güc tapıb bunu edə bilmişdi. Bəlkə o, dramatik rolların mahir ifaçısı olduğu üçün vəziyyətin öhdəsindən bacarıqla, məharətlə gələ bilirdi. Söz yox ki, bu fikirlər mənim bədii düşüncəmin, şəxsi təxəyyülümün və təəssüratlarımın məhsulu kimi qəbul olunmalıdı.