Su üzərində bahar - страница 6



bu kasıb komamı kimdi tanıyan,

kimdi gecə vaxtı məni arayan?

Adamın ağlına min güman gəlir,

başımda min xəyal dolaşır, gəzir.

Çoxdan unutmuşam qonaq-qaranı,

Tanrımı göndərib gələn qonağı?


Qaranlıq gecəyə ay doğan kimi,

qapının ağzında gecə qonağı.

Bir əlim dəstəkdə, biri cəftədə.

Açım, ya açmayım?

Bilmirəm hələ…

18.02.2018

O əllər

Hər səhər, hər axşam o pəncərədən
məni yola salan, mənə əl edən,
arxamca su atan, «yaxşı yol» deyən,
o əllər çağırsam gələrmi yenə?
Üzümün sığalı itib nə vaxtdı,
saçımın tumarı itib nə vaxtdı,
köksümdə min qubar bitib nə vaxtdı…
O əllər çağırsam gələrmi yenə?
Zamanın nə fərqi, günün nə fərqi,
sevinci apardı, vər saldı dərdi,
gedişi könlümə bir kölgə sərdi.
O əllər çağırsam gələrmi yenə?
Əlimə əl dəyər, üzə qan gələr,
dil açıb danışar, cana can gələr,
məni yuxulardan oyadan gələr.
O əllər çağırsam gələrmi yenə?
Ömrümü bəzərmi, bəzərmi yenə?
09.07.2017

Sevgİ nəğməsİ

Sənin çətirini alan küləyin,

öpüşü qonacaq yanaqlarına.

Enəcək, enəcək bir az aşağı —

o solan, göyərən dodaqlarına.


Bu yerin, bu göyün heç bilmədiyi,

ayın duymadığı, eşitmədiyi,

bir sevgi nəğməsi oxuyacağam

qara buludların qulaqlarına.


Daha bu əllərim çətirdi sənə,

o mil-mil barmağım pərdələnibdi.

Mənim baxışlarım şimşəkdən iti,

bulud pərən-pərən səpələnibdi.


Çırpdım küləkləri boz qayalara,

söndür, söndür məni, alışacağam.

Mənim coşan sinəm yelkən kimidi,

dəniz dodağından yapışacağam.

Qayıt

Öpüb həsrət çəkən baxışlarından

yenə hansı xəyal apardı səni?

Daha bu dənizin sahili bomboş,

yoxsa qağayılar qopardı səni?


Bu nə qəm-qüssədi, bu nə kədərdi,

bu dərdin içində necə bitmisən?

İndi haralarda axtarım səni?

Sən özün-özündən çıxıb getmisən.


Bu günlər düz on il qocaltdı səni.

Sınıq ürəyimdən qayıt yerinə.

Sənin hər gününə bir ad qoyardıq,

indi nə ad qoyaq bu on ilinə?


Səni apardığım səma yolunu

simşək cadar-cadar doğrayıb, töküb.

Əllərim göylərdən üzülüb tamam,

ruhumun üstünə qaranlıq çöküb.


Bu günlər düz on il qocaltdı səni.

Sınıq ürəyimdən qayıt sən geri.

14.09.2014

Qəmlİ baxışlar

Necə silim şəkildəki göz yaşın?

Çarpaz qollar boğur məni şəkildə.

Çıxart məni köynəyinin içindən

enib qalxır ürəyintək şəkil də.


İndi hara baş götürüb yol gedir

«gəl-gəl» – deyib, söz söyləyən baxışlar?

Göndər mənə, göndər doğma dərdləri

qucaqlaşıb öpüşsünlər tanışlar.


Üz-gözündə son illərin naxışı,

sevincimi qəmlər boğur haçandı.

Ha bağrıma basıb, basıb, hey öpdüm,

dərd sönmədi… təzə dərdlər oyandı.


…Danış şəkil, danış gözlər, danış, din.

Kim deyir ki illər bizi itirməz?

Baxma, mənim sən arxamca beləcə,

şəkil məni bir də geri gətirməz.

25.06.2015

İçİmdə sən boyda sən gəzdİrİrəm

Qəlbinə özündən ağır yükləri

illərdi yığırsan, daha sığışmır.

Sənin ürəyini oxuyan kəsin

elə bilirsən ki qəlbi alışmır?


Sevincin sevincim, kədərin kədər,

sənsizlik çəkdiyim dərdlərdən betər.

Özün yüklədiyin o yüklər qədər,

içimdə sən boyda sən gəzdirirəm.


Dərd də dərd gətirir özündən böyük,

baxışım min kərə gözümdən böyük.

Alnımın yazısı üzümdən böyük,

içimdə bir qoşa mən gəzdirirəm.

10.12.2013

Qapın döyülə

Gecənin birində qapın döyülə —

baxıb görəsən,

qapının ağzında ağappaq adam.

Bir göz baxır sənə oyuq içində,

gələn dərd içində, soyuq içində.

Uzaqlardan gələn yorğun adamın

adı hecalana titrək səsində.

Sənə tanış gələn sönük gülüşü,

o nəm gözlərində ilişib qala,

səni xəyallardan xəyala sala.

Əvvəlki utancaq baxışlarıyla

səpə üst-başına ötən illəri,

oyada yuxulu xatirələri,

titrəyə içinin alt pərdələri…

Buna ürək dözər,