Ağ qəm - страница 11
Qapının zəngi yenidən çalındı. Ehtiyatla gözlüyə yaxınlaşdı. Bu dəfə gələn dilənçi idi. Təxminən 40-42 yaşlarında olan bu qadının dilənməsi ona qəribə göründü: “Cavan adamsan, get işlə də! Elə bilirsən biz yağ-bal içində yaşayırıq?" – deyə ürəyində deyindi. Amma sonra öz-özünə cavab verdi: “Elə bil iş tapmaq halvadır”.
Dilənçi israrla zəngi basırdı, nəhayət, qapının açılmadığını görüb hirslə ona bir təpik vurdu, ikinci mərtəbəyə qalxdı.
Bu dəfə qapının zəngini çalan Aytən idi. Belə qırıq-qırıq zəng çalmaq onun adəti idi. Talihə qapını açıb Aytənin soyuqdan qızarmış totuq yanaqlarından öpdü:
– Acmısan?
– Yeməyə bir şey var?
– Hə, kartof qizartmışam.
– Nə yaxşı!
Talihə çörək doğradı, duzlu xiyar çıxartdı, boşqaba kartof qoydu. Aytənin iştahla necə yediyinə tamaşa etməyə başladı.
– Çox dadlıdır! – Aytən qıpqırmızı qızarmış kartof dilimlərini ləzzətlə ötürürdü. – Margarində bişirmisən? – Anasından müsbət cavab alanda özünəməxsus halda məmnunluqla: – Kartofunku margarindir, – dedi. Talihə dərindən köks ötürdü.
Artıq bir ildən artıq idi ki, şit yağda xörək bişirmirdilər, günəbaxan yağı ilə margarinə keçmişdilər. Ümumuiyyətlə, son vaxtlar onlar bir çox yeməklərin dadını, ləzzətini itirmişdilər.
– Bıy, az qalmışdı yadımdan çıxsın, – Aytən yerindən qalxdı, əlində pul geri qayıtdı. – Naibə xala verdi, otuz mindir, – dedi.
– Hə, ona satmağa güldan vermişdim. – Talihə bunu günahkarcasına dedi. Sonra isə əlavə etdi:
– Bazara gedim, ayın-oyun alım.
Bazarda yaman tünlük idi. Dar keçidlərdə adamlar bir- birinə toxunur, çantalar bir-birinə ilişirdi. Bu tünlükdə iki qarı Talihənin nəzər-diqqətini cəlb etdi. Nimdaş geyimli bu qarılardan biri irəlidə gedir, kartof, soğan, çuğundur satılan dəzgələrə yaxınlaşır, alıcılarla sövdələşir, “təsadüfən “ birini, ikisini yerə salırdı. Arxadan gələn qarı isə əyilib onları yerdən qaldırır, öz çantasına atırdı. Talihə bir xeyli onalrı müşahidə etdi. Bir azdan qarılar bir yerdə bazarın qapısından çıxdılar, içində ərzaq olan kiçik çantadan hər ikisi yapışmışdı. Onlar başlarını aşağı dikib yaşlarına uyğun gəlməyən tələsik addımlarla gedirdilər.
Talihə bazara getməyi xoşlamırdı. İllər boyu bu işi Taleh görmüşdü. Amma indi bazarlığı ərinə etibar etmirdi. O, malın keyfiyyətlisini və bahalısını almağa öyrəşmişdi. Talihə isə qiymətdə sövdələşirdi. Başqa əlacı yox idi. Elə indi də mal satanlara yaxınlaşıb bir-bir onlardan qiymət soruşurdu. Nəhayət, harda nəyin neçəyə olduğunu öyrənəndən sonra alış-verişə başladı. Dörd kilo kartof, bir kilo soğan, bir kilo boranı alıb yaxınlıqdakı mağazaya girdi. Oradan bir kilo düyü, yarım kilo yağ, bir kilo qənd alıb çıxdı. Pulu yalnız bunlara çatdı, qalanını çörəyə saxladı. Talihənin üz-gözü pörtmüşdü, onu xəcalət təri bürümüşdü. Nədənsə yaman utanırdı, özünü təhqir olunmuş kimi hiss edirdi.
Bazardan çıxıb asta addımlarla, tələsmədən yeriməyə başladı. Çoxdan bu tərəflərdə olmamışdı. Şəhər havası udmaq, insan selinin içində olmaq, dövrün nəbzini tutmaq, adamların nə ilə nəfəs aldıqlarını öyrənmək üçün mütləq bu küçələrlə irəliləmək lazım idi.
Talihə onun yanından keçənlərə diqqətlə baxır, sanki üzlərindən ürəklərini oxumaq, qayğılarından xəbər tutmaq istəyirdi. Bu, maraqlı, həm də üzücü məşğuliyyət idi. Adamların əksəriyyətinin üzündən bir bozluq yağırdı. Qəribədir, elə bil şəhər başdan-başa boz rəngə bürünmüşdü. ‘bBəlkə bu, mənim təxəyyülümdür?”– deyə öz-özünə sual verdi. Amma yox, sən demə bu bozluq heç də hamıda müşahidə olunmurdu. Yanından keçib gedən geyimli-gecimli, üzlərindən toxluq və firavanlıq yağan bəzi adamların görkəmindən bozluq yağmırdı, bu, ayrı rəng idi, göz qamaşdı-rırdı. Amma belələri az idi.