Ağ qəm - страница 2



Talihənin həyatında bundan ağır gün olmamışdı. Bu, onun və iş yoldaşlarının ümidlərinin alt-üst olduğu gün idi. O gün onun arzuları çilik-çilik olmuşdu. O gün Talihə illərdən bəri əzizləyə-əzizləyə becərdiyi ağacları tufanın qoparıb atdığı qoca, zəif, köməksiz bağbana bənzəyirdi.

Üstündən aylar keçməsinə baxmayaraq, o, hələ də həmin günün təsiri altında idi. Hələ də o günün ağrısını,əzabını yaşayırdı. Amma ilk günlər ürəyinin hansısa güşəsində qəribə bir arxayınlıq hissi də var idi ki, işsiz qalmayacaq. Köhnə qəzetlərin ömrünün bitdiyi, onların yerində yüzlərcə yenisinin yarandığı, peşəkar, səriştəli jurnalistlərin arxa, peşə təhsili olmayan, ancaq zirəkliyi, mövzulara qəribə, qeyri-adi yanaşma üsulları ilə seçilən gənc müxbirlərin ön plana keçdiyi bir vaxtda onun kimi analitiklər də kara gəlməli idi. Bunları fikirləşən Talihə bəxtini sınamağı qərara aldı. Bir həftə ərzində tanıdığı qəzet redaksiyalarının hamısına baş çəkdi. Hər yerdə onu böyük hörmətlə qarşılayır, yazılarından məmnuniyyətlə söz salır, peşəkarlığını xüsusi qeyd edir, sonra isə “sizin kimi jurnalistlərə böyük ehtiyacımız var, amma heyf ki, boş yerimiz yoxdur'’, deyib yola salırdılar.

Hər növbəti redaksiyanı tərk edəndə özünü təhqir olunmuş hiss edirdi. Qürurunun alçalmasına görə özünə acığı tuturdu. Amma dolanmaq üçün iş tapmaq lazım idi. Nəhayət, qəzetlərdən əli üzülən Talihə şəhərdəki xarici şirkət və firmalara üz tutdu. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bildiyini, tərcümələrlə məşğul olduğunu qeyd edərək, 30-dan çox ünvanda oldu, amma bu təşəbbüsü də uğursuzluqla nəticələndi. Hər yerdə gənc qadınları işə götürürdülər. Bunu ona açıq-aydın bildirirdilər.

Talihə hər gün səhər tezdən evdən çıxır, günortadan keçəndə yorulub əldən düşmüş halda evə qayıdırdı. Arvadının əsəbilik keçirdiyini, həyəcan içində olduğunu görən Taleh özünəməxsus sakitliklə ona təskinlik verirdi. İlk baxışda təmkinli görünən Talehə işsiz qalmağın əzabı yaxşı tanış idi. Ömrünü elmə həsr edən, öz sahəsində yaxşı mütəxəssis sayılan, neçə-neçə ixtirası ilə tanınan Talehin çalışdığı elmi- tədqiqat institutu da bir ildən artıq idi ki, işçilərə maaş verə bilmirdi. Bir il idi ki, o, hansısa partiyada vaxtını öldürürdü. Amma qazandığı qəpik-quruş çörəyə ancaq çatırdı. Talehin iş tapmaq cəhdlərinin hamısı uğursuzluqla nəticələnmiş, o, nəhayət, əlini hər yandan üzmüşdü.

Təbiətən şən, qaynayib-qarişan, ətrafı dost-aşnalı Taleh bu bir ildə dəyişmiş, sakit, başıaşağı olmuşdu. O, həftədə bir, ya iki dəfə öz iş yerinə gedir, qalan vaxtını evdə, yazı masasının arxasında keçirirdi. Üzdə özünü şax tutan, fikirsiz görünməyə çalışan Talehin nə çəkdiyini Talihə yaxşı bilirdi. Son on ilini o, dəniz suyunun saflaşdırılması probleminə sərf etmişdi. Günlərlə, aylarla kitabxanalarda olur, elmi kitablardan, jurnallardan bu problemə həsr olunmuş materialları axtarıb oxuyurdu. Vaxtının çoxunu laboratoiyada keçirir, evə qayıdanda isə yazı masasının arxasına keçib çertyojları və formulları ilə məşğul olurdu. Zəhməti hədər getməmiş, son dərəcə maraqlı bir ixtira etmişdi. Amma onun bu ixtirası ilə maraqlanan, ona əhəmiyyət verən yox idi. Qapılan döyəndən, çoxlu müraciətlər edəndən sonra bütün bunlardan bezmiş, ruhdan düşmüş Taleh taleyi ilə barışmış, sakitləşib özünə qapanmışdı. Uzun fasilədən sonra yenidən siqaretə meyl salmışdı.