Ağ qəm - страница 3
Gecələr hamı yatandan sonra papirosu papirosa calayan Talehin onunla əvvəllər olduğu kimi dərdləşməməsi, həyəcanlarını arvadından gizlətməsi, gözlərində daim fikir buludunun gəzişməsi Talihəni yaman ağrıdırdı. Amma nədənsə ərinə təskinlik verə bilmirdi. Adətən həssas, duyumlu, duyğulu olan Talihə son vaxtlar əsəbi, deyingən, boş şeydən hirslənib özündən çıxan olmuşdu. Həm də ən çox ərinin üstünə çımxırırdı. Bunu özü də hiss edirdi, hər belə sözləşmədən, toqquşmadan sonra günahkar olduğunu, heç nədən evdə gərginlik yaratdığını ürəyində etiraf edirdi. Amma bir neçə gündən sonra bu hal yenidən təkrar olunurdu.
Talihə üçün sirr deyildi ki, Taleh öz yeni həyatına yalnız zahirən öyrəşib. Ancaq bunu da bilirdi ki, ərində qəribə bir etinasızlıq, daha doğrusu, süstlük yaranıb. Son vaxtlar heç nə ilə maraqlanmır, ev, ailə qayğıları onu əsla narahat etmirdi. Talihəni saysız-hesabsız problemlərlə təkbətək qoyub yaxasını kənara çəkmişdi. Arvadı ərzağı necə, neçəyə alır, uşaqlar nə geyinir, yol pulunu haradan əldə edirlər – bunlardan xəbəri də olmurdu. Bu isə Talihəni hirsləndirir, təbdən çıxarırdı. Amma ərinin xətrinə dəyməmək üçün sözarası yumşaq şəkildə ona xatırladırdı ki, iş axtarmaq lazımdır, evdə oturmaqla kar aşmaz. Hər dəfə də eyni cavabı eşidirdi:
– Elə bilirsən iş tökülüb?
Belə söhbətlər evdə gərginlik yaradırdı. Taleh inciyib yeməkdən boyun qaçırır, saatlarla küsülü qalırdı. Qan qaraldan hər növbəti söz-söhbətdən sonra Talihə özünə qəti söz verirdi ki, bir də belə iş tutmayacaq, amma sözünə əməl edə bilmirdi. Heç nədən yenidən gərginlik yaranırdı. Talihə küsüb yataq otağındakı yazı masasının, Taleh isə inciyib qonaq otağındakı iş stolunun arxasına keçirdi. Onlar saatlarla öz aləmlərinə dalırdılar. Belə vaxtlarda qızlar sakitcə öz dərsləri ilə məşğul olurdular.
Talehin işsizliyi az imiş kimi, indi də Talihə bu bəlaya düçar olmuşdu. Bu gün, uzun sürən axtarışlardan sonra o, anladı ki, bütün səyləri səmərəsizdir, iş tapa bilməyəcək. Həm də öz-özünə etiraf etdi ki, daha qapıları döyməyə nə amanı qalıb, nə də heysiyyatı buna imkan verəcək. O, yolunu çox yerdən salmışdı, hər dəfə rədd cavabı alanda ayaqları yerdən üzülmüş, ümidsizliyə düçar olmuşdu. Amma bir təhər özünü məcbur etmiş, yenidən qapılara üz tutmuşdu. Juranalist yeri tapmağın çətin olduğunu anlayanda heç olmasa korrektor yeri tapmağa çalışmışdı. Redaksiyalarda isə boş yer tapmaq müşkül məsələ idi.
Bu gün, bütün bu axtarışlrın əbəs olduğunu birdəfəlik anlayandan, ümidlərinin qapıları bağlanandan sonra Talihə birdən-birə həyat eşqinin, yaşamaq həvəsinin söndüyünü, heç nəyə marağının qalmadığını dərk elədi. O, nə edəcəyini bilmirdi. Xəstəxanadan qaçıb kor-koranə halda ayaqlarının arxasınca gedirdi. Başında anlaşılmaz bir ağrı dolaşırdı. Bu ağrı onu keyidirdi. Ona elə gəlirdi ki, bir yerdə dayansa, son qətiyyəti də əlindən çıxar, müvazinətini itirib yerə yıxılar və bir də ayğa dura bilməz.
Bir neçə saat yol ölçəndən, yorulub əldən düşəndən sonra heydən düşmüş ayaqları yenidən onu evə qaytardı.
Qapını açan Taleh arvadını pəjmürdə görüb narahat oldu:
– Nə oldu, bir şey çıxmadı?
Onun bu sualı Talihəni cin atma mindirdi, hirsini saxlaya bilmədi:
– Bəlkə sən də iş axtarasan? Mənim dərdimi çəkməkdənsə, özünə bir gün ağlasan yaxşı olmazmı?
– Nə yemisən belə? – Taleh incidi, amma özünü o yerə qoymadı.
– Evdə yeməyə bir şey var bəyəm? – Talihə suala sualla cavab verdi.