Ağ qəm - страница 24
Səbinə bu sualı elə verdi ki, sanki cavabında “yox” eşitmək istəyirdi.
– Hə.
Cavab onu çətin vəziyyətə saldı:
– Yəqin tək yaşayır, eləmi? – Səbinənin səsi titrədi.
– Elədir.
– Onu hardan tapıb?
– Bir yerdə işləyirlər.
– O da mühəndisdir?
– Hə.
– Aydın məsələdir. Tək qadındır, yəqin işi-gücü bəzənib- düzənib Rəşidin qabağında fırlanmaqdır. Sənin kimi əyninə köhnə bir xalat keçirib gününü mətbəxdə keçirmir ki! – Səbinə ciddi-cəhdlə vəziyyətdən çıxış yolu axtanr, onu doğurmuş şəraiti öyrənməyə çalışırdı. O, dostuna təskinlik vermək istədi:
– Bir özün fikirləş də. Kişi üçün hansı qadına yaxınlaşmaq xoşdur? Sənin kimisinə? Səhərdən axşama kimi bişirib-düşürürsən, gecə kişi yanma gələndə isə deyirsən ki, “yorulmuşam”.
– Eh, bəxtəvərlikdən danışırsan. O, heç yanıma gəlir ki? – Zərifə qəhərini güclə uddu.
– Deməli, onu özünə cəlb edə bilməmisən. Şərt gözəllikdə deyil, əzizim, gərək kişini özünə bağlaya biləsən. Mən sənin kimi gözəl deyiləm. Amma di gəl ki, Asim mənsiz bircə gün də yaşaya bilməz. Qulaq as, bu gündən mənim dediyim kimi edəcəksən…
Səbinə nə isə danışırdı, ona məsləhətlər verir, nə isə öyrədirdi. Özü də elə səylə, elə ürəklə öyrədirdi ki, guya bu dərslərdən sonra Rəşid mütləq Zərifəni sevəcəkdi, Asyanı atıb yenidən onun yanma qayıdacaqdı. Zərifə acı-acı güldü. Üç il əvvəl bəlkə də rəfiqəsinin məsləhətlərinə əməl edərdi, amma indi gec idi. Üç il əvvələ kimi hər şey başqa cür idi. Zərifə öz sakit, burulğansız həyatını yaşayırdı. Ev, ailə, övlad qayğılan içində şəxsi səadət, diqqət və məhəbbət kimi anlayışlardan uzaq idi. Öz adi həyat tərzinə öyrəşmişdi. Üç il əvvəl hardansa əsən amansız rüzgar onun rahatlığını pozdu, hər şeyi dəyişdi.
Bir dəfə işdən sonra Aydın ona yaxınlaşdı:
– Sənə bir söz deyəcəyəm. Ancaq söz ver ki, onu ürəyinə salmayacaqsan.
Aydının tonu Zərifənin xoşuna gəlmədi. Onun nə isə xoşagəlməz bir şey deyəcəyini başa düşüb səbrlə gözləməyə başladı.
– Bax ha, özündən çıxmamalısan. Bu, həyatdır. İnsan hər şeyə hazır olmalıdır.
Onun təmkini Zərifəni hövsələdən çıxardı:
– Ürəyimi üzmə, de görüm nə demək istəyirsən?
– Mən deməyə də bilərdim. Amma özgələrdən eşitməkdənsə, məndən eşitməyin yaxşıdır.
Zərifə daha özünü saxlaya bilmədi:
– Mus-mus deyincə, Mustafa de, daha səbrim daraldı.
– Yaxşı, diqqətlə qulaq as. Rəşidin sevdiyi başqa bir qadın var.
– Nə? – Zərifə qəfil zərbə almış adamlar kimi müvazinətini itirdi. Yıxılmamaq üçün tez stula çökdü. – Nə dedin? Rəşidin sevdiyi qadın var? – O, var gücü ilə bağırdı. Aydın onun dəhşətdən dəyişmiş sifətini görüb dediyinə peşman oldu. Lakin artıq söz deyilmişdi.
– Sən yalan danışırsan! Bizim xoşbəxtliyimizə həsəd apardığına görə bunu uydurmusan. İstəyirsən bu yolla Rəşidi mənim gözümdən salasan.
Aydın bu ittihamlara davam gətirə bilməyib dedi:
Mənin haqqımda nə düşünürsən, öz fikrindir. Amma mən sənə ancaq həqiqəti dedim. Həqiqət isə acı olur. Qadının adı Asyadır, bir yerdə işləyirlər.
Niyə bizim aramızı vurmaq istəyirsən? – Zərifənin gözləri yaşla dolu idi. Bunu görəndə Aydın daha heç nə deməyib otağı tərk etdi.
Həmin hadisədən sonra Zərifə bir həftə işə çıxmadı. Bir həftə sonra xəstəxananın pilləkənlərində onunla üz-üzə gələn Aydın Zərifənin soluxmuş bənizini, qəmli gözlərini görəndə:
– Məni bağışla, Zərif, – dedi. – Gərək sənə deməyəydim. Özüm də bilmədən qəlbinə yara vurdum.
Zərifə təmkinini pozmadı:
– Aydın, sən pislik etməmisən. Yalan içində yaşamağımı müşahidə etmək pislik olardı. Səndən bir xahişim var, Asyanın evininin yerini mənə nişan ver. Qoy öz gözlərimlə görüm.