Ağ qəm - страница 25
Bu, xahişdən çox, əmrə bənzəyirdi. Aydının razılaşmaqdan başqa çarəsi qalmadı. Ünvanı Zərifəyə verdi, evin harada yerləşdiyini təfərrüatı ilə ona izah etdi. Üzü pörtmüş, gözlərinə qan çilənmiş Zərifəyə yazığı gəldi. Onu heç belə çarəsiz, ümidsiz görməmişdi. Zərifəni bu hala o salmışdı. Bu əzablı hiss onu incitsə də oyunu axıra çatdırmaq qəranna gəldi:
– Bu gün Asyanın doğum günüdür. Çox güman ki, bir yerdə olacaqlar:
Zərifə uşaqları bağçadan götürməyi qonşusu Sahibə xaladan xahiş edib axşam saat 6-da Aydının nişan verdiyi həmin ünvanı axtarıb tapdı. Evin üzbəiizündəki xiyabanda salxım söyüdün kölgəsindəki skamyada oturub gözləməyə başladı. Xoşbəxtlikdən çox gözləməli olmadı. Yarım saat sonra Rəşidin gül dəstəsi ilə taksidən düşüb həmin bloka girdiyini görəndə Zərifə ildırım vurmuş kimi bir xeyli yerindən tərpənə bilmədi. Nə etməli olduğunu dərk edəcək halda deyildi.
Nəhayət, ayaqlarını arxasınca sürüyə-sürüyə evə qayıtdı. Birdən öz-özünə acığı tutdu. “Bəlkə ora Asyanın evi deyil? Bəlkə Rəşid qohumlarından birini təbrik etməyə gedib?” Şübhələr ona aman vermirdi. Sonra nə fikirləşdisə, Rəşidin stolunun siyirtməsindən onun telefon kitabçasını tapıb Asyanın te-lefonunu axtarmağa başladı. “İ” hərfi olan bölmədə “İsmayılova Asya” sözlərini oxuyub nömrəni yığdı. Dəstəyi qadın götürdü. Zərifə güclə özünü ələ alıb sakit, təmkinli səslə:
– Rəşid lazımdır, – dedi.
– Bu dəqiqə. Rəşid, səni istəyirlər.
– Allo! – Rəşidin səsini eşidəndə dəstək Zərifənin əlindən düşdü.
Həmin hadisədən sonra Zərifə sındı. Bu sınmaq onunla nəticələndi ki, o, tamamilə özünə qapandı. Rəşidə bircə kəlmə də demədi, bunu ona bildirməyi özünə ar sandı. “Qoy elə bilsin ki, mənim heç nədən xəbərim yoxdur” , – deyə fikirləşdi. Lakin o gündən yataq otağındakı qoşa çarpayıları ayırdı. Ən təhqiredici bu idi ki, Rəşid onları niyə ayırdığını Zərifədən soruşmadı da. Deyəsən buna heç fikir də vermədi.
* * *
Zərifə yenicə hamamdan çıxmışdı. Nazik gecə köynəyində güzgünün qabağında dayanıb yaş saçlarını darayırdı. Uzun, şabalıdı saçlarını dəsmalla bir xeyli qurulayıb çiyinlərinə atdı. Rəşid divanda uzanıb oradan arvadına tamaşa edirdi. Birdən yuxudan ayılan kimi oldu: elə bil Zərifəni ilk dəfə görürdü. Bu fikirdən tutulan kimi oldu. Amma arvadının varlığını deyəsən doğrudan da unutmuşdu. Bir evin içində iki yad kimi dolanırdılar. “Hə”, “Yox” dan başqa son vaxtlar Zərifədən ayn söz eşitmirdi.
– Evə bir şey lazımdır? – Rəşid bunu danışmaq, bir söz demək xatirinə dedi. Dediyinə də peşman oldu. Onsuz da evin bütün ağırlığı Zərifənin üstündə idi. Bir şey lazım olsa da, Zərifə ona deməyəcəkdi.
– Yox.
– Bazara getmək lazımdır?
Getmişəm.
– Mən sabah da işdə olacağam.
Sabah bazar günü idi. “Sabah da işdə olacağam” o demək idi ki, Rəşid gününü yenə də Asyanın evində keçirəcək.
Zərifənin etinasızlıqla saçlarını daramaqda davam etdiyini, onu sorğu-suala tutmadığını görəndə Rəşidin arvadına acığı tutdu: “Vecinə də deyil”. Sonra isə Asyanı gözləri önündə canlandırdı. Asya onu büsbütün ram etmişdi. Zərifədən elə soyutmuşdu ki, buna bəzən özü də təəccüb qalırdı. Axı Zərifəni sevib evlənmişdi. O, heç də pis həyat yoldaşı deyildi. Zərifəyə tamaşa edə-edə onu Asya ilə müqayisə etdi. Hər ikisi gözəl idi. Amma Asya onu daha çox cəzb edirdi. Onun cazibəsi qarşısında Rəşid heç vaxt belə sakit dayana bilməzdi. O, üzünü divara çevirib gözlərini yumdu.