Ağ qəm - страница 31
– Bir də mənə yaxınlaşsan, ömürlük səni dindirməyəcəyəm.
– Sən məni bu halda qoyub gedə bilməzsən.
Aydın kallaşmış səslə, az qala qışqıra-qışqıra dedi. Zərifənin dinmədiyini görüb yalvarıcı nəzərlərlə ona baxdı. Lakin Zərifə onun qan çəkmiş, yadlaşmış gözlərinə baxmırdı. O, heç nə demədən paltarını geyinməyə başladı. Aydın paltan onun əlindən almaq, geyinməyinə mane olmaq istədi.
– Get, mənə su gətir, – Zərifə əmr elədi. Aydın suyu gətirənə kimi Zərifə artıq geyinib yataq otağından çıxmışdı. O, əlləri əsə-əsə suyu içdi. Aydının üzünə baxmadan:
– Qapını aç, gedirəm, – dedi.
– Necə? Gedirsən? Axı gəldiyin heç on dəqiqə deyil. – Aydın təşvişə düşdü. Lakin Zərifənin əməlli-başlı titrədiyini görüb qorxuya düşdü. – Zərif, sənə nə olub? Bir yerin ağrımır ki? – deyə əl-ayağa düşdü. Onun əllərini ovuclarına alanda bumbuz olduğunu görüb həyəcan içində onu divanda oturtdu. Zərifə yalvarış dolu səslə dilləndi:
– Burax məni. Yalvarıram sənə, gözümdən düşmək istəmirsənsə, qapını aç gedim.
– Qorxma, Zərif, daha əlimi sənə toxundurmayacağam. Eləcə otur. Bir az özünə gəl.
Zərifə daha söz demək iqtidarında deyildi. O, başını divana söykəyib gözlərini yumdu. Elə yorulmuşdu ki, ayağa qalxmağa taqəti yox idi. Özünü pis hiss edirdi. Aydın cəld o biri otaqdan adyal gətirdi, onunla Zərifənin üstünü örtdü.
– Vəhşilik etdiyimə görə məni bağışla. Özümdən asılı olmadı. Amma məni də başa düş. Səni yanımda görəndə özümü itirdim, hisslərimi cilovlaya bilmədim.
Aydının pıçıltılı səsi Zərifəyə qətiyyətini qaytardı. O, adyalı üstündən atıb ayağa qalxdı:
– Bu dəqiqə qapını açmasan, sənə ömrüm boyu nifrət edəcəyəm.
– Sənə yalvarıram, ayaqlarına döşənirəm, Zərif!
Aydın doğrudan da onun ayaqları altında yerə döşəndi. Lakin bu hərəkəti Zərifəni daha da hövsələdən çıxardı:
– Alçalma, Aydın, sənə yaraşmır. İstəmirəm ki, alçalasan. Qalx ayağa!
– Demək mənə rəhmin gəlməyəcək, hə?
– Sən bu saat elə haldasan ki, onsuz da heç nəyi başa düşməyəcəksən. – Zərifə qapıya san getdi. Lakin Aydın ona qapını açmağa imkan vermədi. Zərifə boğuq səslə:
– Mənə zərrə qədər hörmət edirsənsə, burax gedim, – dedi.
Aydın daha heç nə demədi. Qapını açıb bir kənarda dayandı. Zərifə özünü bayıra atdı. Azadlığa çıxmış məhbus sevinci ilə qaça-qaça pilləkənləri düşdü. Buradan, onu bu qədər alçatmış, əzmiş, təhqir etmiş bu məkandan bacardıqca tez uzaqlaşmaq istəyirdi. Taksi saxlayıb mindi.
Evə çatanda əl çantasını bir kənara atıb üzüqoylu divana yıxıldı. Xeyli vaxt beləcə uzanılı qaldı. Düşünmək, nəticə çıxarmaq iqtidarında deyildi. Bütün əzaları ağrıyırdı. Aydının kobud barmaqlarının ağrısını, odlu dodaqlarının təmasını bədəninin hər yerində hiss edirdi.
Birdən telefon zəng çaldı. Əvvəl dəstəyi götürmək istəmədi. Amma telefon aramsız olaraq səslənirdi. Nəhayət, əlini dəstəyə uzatdı. Aydın idi:
– Mənəm, Aydın. Eşidirsənmi? Axşama kimi sənə vaxt verirəm. Əgər qayıdıb yanıma gəlməsən, hər şeyi açıb Rəşidə deyəcəyəm.
Elə bil danışan Aydın deyil, hansısa uzaq planetdən gəlmiş yad bir adam idi. Səsi elə soyuq idi ki, Zərifə üşüdü.
– Nə? Nə dedin? – o, qulaqlarına inanmadı.
– Eşitdiyini. Əgər qayıdıb bura gəlməsən, hər şeyi ərinə danışacağam.
– Axı nəyi danışacaqsan? Bizim ki, aramızda heç nə olmayıb.
– Xeyr, olub, sən mənimlə olmusan.
Zərifə eşitdiklərinə inanmadı.
– De, Aydın, nə istəyirsən de. – Zərifə taqətsiz halda dəstəyi yerinə asdı.
* * *