Ağ qəm - страница 33



Zərifə ürəyində bu vaxta qədər hiss etmədiyi qəribə bir yüngüllük duyurdu. O, buxovdan azad olmuşdu. Dünənki hadisəyə o, ürəyində minnətdar idi. Yoxsa rəsmən aynlmaq onlar üçün çətin olacaqdı. Dünənki hadisə isə hər şeyi həll etmişdi. Bir şey onun üçün aydın olmuşdu: o. Rəşidin yolunda böyük bir maneə idi. Bu maneəni yox etməyə Rəşid çoxdan fürsət axtarırdı. Sakit, mehriban, dərdkeş Zərifə buna imkan vermirdi. Kim bilir, bəlkə dünənki hadisə olmasaydı, onlar ömürlərini beləcə başa vuracaqdılar. Rəşid fikri-zikri Asyanın yanında olduğu halda, öz evində qonaq kimi dolanacaq. Zərifə isə qadın üçün ən böyük dərd olan sevilməmək cəzasını çəkə-çəkə günləri aylara, ayları illərə calaya-calaya yaşayacaqdı. Bir evdə iki yad fərəhsiz ömürlərini sürməyə məhkum ediləcəkdi.

Rəşidi anlamaq olardı, o, Zərifəni sevmirdi. Bəs Aydın? Bəs onu satqınlığa nə vadar etmişdi? Onu nə məcbur etmişdi ki, sevdiyi qadını belə insafsızcasına, rəhmsizcəsinə cəzalandırmışdı? Bu rəzilliyə səbəb nə idi? Zərifə nə qədər fikirləşir, baş sındırırdısa da Aydının hərəkətinin mənasını anlaya bilmirdi. Bir şey şübhəsiz idi ki, onun Zərifənin ürəyinə vurduğu yara heç zaman sağalmayacaq.

Dalbadal keçirdiyi sarsıntılar izsiz ötüşmədi. Zərifə yatağa düşdü. O, bir həftə yorğan-döşəkdən qalxa bilmədi. Bir həftə sonra, ağrıları keçib özünə gələndə güzgüyə baxıb gözlərinə inanmadı: əvvəlki Zərifədən yalnız bir cüt iri, qara göz qalmışdı. İki ən əziz adamını itirmək izsiz ötüşməmişdi. Bu itkilərdən hansı daha ağır idi? Əslində Rəşidi o, çoxdan itirmişdi, sadəcə olaraq bunu etiraf etməkdən qorxurdu.

Onları bir-birinə bağlayan tellər çoxdan nazilmişdi. Yalnız rəsmən ər-arvad idilər. Bəs Aydın? Zərifə üçün o, uzun illər boyu yaxın həmdəm, əziz dost, möhkəm sirdaş olmuşdu. Heç kəsə deyə bilmədiyi, hətta ən yaxın rəfiqəsi Səbinəyə belə etibar etmədiyi dərdlərini də Aydına deyirdi. Bu, elə-belə bağlılıq deyildi, sınaqlardan çıxmış, dərinləşmiş hiss idi. Bəs niyə Aydın birdən-birə belə dönük çıxmışdı? Onun bu xəyanəti kimə lazım gəlmişdi? Zərifə dərin təəssüf hissi ilə düşünürdü ki, onun çoxdan bəri qorxa-qorxa gözlədiyi xəyanət əslində bu idi: Aydının ona xəyanəti.


* * *


Bir həftədən sonra işə çıxanda klinikada eşitdiyi ilk xəbər Aydının işdən çıxması oldu. Onu şəhərin mərkəzində açılmış yeni klinikaya baş həkimin müavini vəzifəsinə aparmışdılar. Üç ay idi ki, kollektivdə bu barədə söhbət gedirdi. Amma bircə Zərifə bilirdi ki, Aydın ona görə iş yerini dəyişmək istəmir. İndi Aydının getməsi xəbərini eşidəndə ürəyinə həzin bir kədər çökdü.

Kabinetini açıb içəri girdi. Xalatını geyinəndə cibində məktub gördü. Aydının xətti idi! Zərifə onu açıb oxumağa başladı:

“Salam, Zərif! Mənim gözəl, incə, həm də dərdli, peşiman Zərifim! Ömrümün mənası, bəlalı məhəbbətim, əzablarımın səbəbkarı! Bu məktubu yazmaqda məqsədim nə səndən üzr istəmək, nə təvəqqe etmək, nə də bağışlanmağımı xahiş etməkdir. Bilirəm ki, məni heç vaxt bağışlamayacaqsan, günahlarımdan keçməyəcəksən. Sənin ürəyinə mənim qədər kim bələddir? Necə alçaq hərəkət etdiyimi də yaxşı bilirəm. O gün mənə nə olmuşdu? Niyə o vəziy-yətə düşmüşdüm? İllərlə həsrətinlə yanan, sənə pərəstiş edən, sitayiş edən, bircə dəfə əllərini əllərinə toxundurmaq üçün həyatını qurban verməyə hazır olan Aydın niyə vəhşiləşmişdi? Əzizim, bilirəm ki, bu suallar sənə rahatlıq vermir. Bilirəm ki, sənin həyatını alt-üst etmişəm. Onsuz da şirin olmayan taleyinə zəhər qatmışam. Ancaq istəyirəm ki, məni düzgün başa düşəsən. Hərəkətlərimin mənasını olduğu kimi anlayasan.