Ağ qəm - страница 35
Mənim bu boyda məhəbbətimin müqabilində səndə kiçicik bir istək də olmayıb. Sən çıxıb gedəndən sonra acı-acı ağladım. Özümdən elə zəhləm gedirdi! Sənin məhəbbətini qazana bilmədiyim üçün özümə nifrət etdim. Ağlaya-ağlaya şi'ışədəki konyakı son damlasına kimi içdim. Səndən intiqam almaq qərarına gəldim. Elə daşqəlbli bir adamı sənin bu qədər sevməyinə dözə bilmirdim. Dediyim kimi gedib Rəşidi tapdım. Hər şeyi ona danışdım. Əlbəttə, üstünə qoymaqla. O, mənim yaxamdan yapışdı. Mənim istədiyim də bu idi. Biz əlbəyaxa olduq. Yumruqlarımı onun sinəsinə, qarnına endirdikcə bundan ləzzət alırdım.
Nə etdiyimi Rəşid çıxıb gedəndən sonra anladım. Bunun sənə baha başa gələcəyi aydın idi. Rəşid bu heyfi səndə qoymayacaqdı. Beynim aydınlaşdıqca, ağlım başıma gəldikcə hərəkətlərimin rəzilliyi barədə düşündüm. Lakin gec idi. Geriyə yol qalmamışdı. Heç nəyi dəyişmək, əvvəlki qaydasına salmaq mümkün deyildi. Gücüm yalnız oğru kimi blokunuzda gizlənib qapının arxasından evinizdən gələn səslərə qulaq asmağa çatdı. Rəşidin söyüşlərini, yumruq zərbələrini eşidirdim. Amma sənin səsin çıxmırdı. Sən bu təhqirlərə mənə görə dözürdün, əzizim. Əvvəl istədim içəri girib onu var gücümlə əzişdirim, səni onun əlindən alım. Amma fikirləşdim ki, bu, səni daha da qəzəbləndirər, ona görə də fikrimdən daşındım.
İşə çıxmadığın günlərdə nələr çəkdiyimi bir Allah bilir. Qəbahətimin necə böyük olduğu, cəzamın necə ağır olacağı aydın idi.
Mən hər şeyi itirdim. Mənim üçün dünya səndən ibarət idi. Sən olmayandan sonra həyatın mənim üçün heç bir əhəmiyyəti yoxdur. Səni tapıb itirmək isə ikiqat ağırdır. Əzizim, mən indi başa düşürəm ki, taleyimə hökm verən çılğınlığım və dəliliyim oldu.
İndi mənimçün ən böyük təsəlli sənin xəyalındır, o əlçatmaz xatirəndir. Bu barədə danışmasam da hər an bütün varlığımla səni düşünürəm. Dodaqlarımda daim sənin bədəninin hərarətini duyuram, həmişə də duyacağam. Sən mənim ruhuma, duyğularıma dolmusan.
Bütün bunlan sənə yazmayacaqdım və özümə söz vermişdim ki, səni daha narahat etməyəcəyəm. Amma istəmirəm ki, sənin xəyalında vəhşi, kobud, satqın, vicdansız adam kimi qalım. Axı mən belə deyiləm. Mənim həyatda səndən böyük arzum olmayıb və olmayacaq da. Yaxşı bilirəm ki, bu, əlçatmaz, ağlasığmaz, həyata keçməz arzudur. Baş vermiş bütün bu hadisələrdən sonra səninlə üz-üzə, göz-gözə gəlmək istəmirəm. Bu, həm mənə, həm də sənə çətin olar. Bir də ki, sənin cəzanı gözləmədim, özüm özümü cəzalandırmaq qərarına gəldim – işdən çıxdım. Səni görməmək, səni eşitməmək üçün! Mənimçün həyatda bundan böyük cəza ola bilməz. Onu könüllü olaraq qəbul etdim. Gücüm yalnız buna çatır.
Zərif, əzizim, sevimlim, mələyim, dərdim, kədərim, gözlərimin yaşı, ürəyimin ağrısı, mənim sağalmayan yaram! Əgər bacarsan, məni bağışla. Mən ağılsızın günahından keç. Bircə şeyə zərrə qədər şübhən olmasın ki, nə etmişəmsə, səni sevdiyimdən etmişəm. Mənim ucbatımdan aldığın fiziki və mənəvi zərbələrə görə məni əfv et. Bir daha sənin yolunun üstünə çıxmayacağam. Amma bil ki, səni dünyada mənim qədər sevən ikinci adam olmayıb, bundan sonra da olmayacaq. Səni ömrümün sonuna kimi sevəcəyəm. Amma narahat olma, bundan sənin xəbərin olmayacaq, bundan sənə bir zərər toxunmayacaq.
Məktubu sənə göz yaşları içində yazıram. Onu yazdıqca ürəyim qan ağlayır. Kaş bu görüş olmayaydı, mənim həyatımı alt-üst eləmiş, arzularımı öldürmüş, ümidlərimi soldurmuş bu görüş hardan gəldi? Bu görüş sakit ömrümdə qorxunc bir qasırğa kimi qopdu, hər şeyin mənasını dəyişdirdi.