Ağ qəm - страница 34



Hər şey necə də gözəl idi. Sən gəldin. Mənim üçün dünyada bundan böyük səadət ola bilməzdi. Bu görüşü necə gözlədiyimi, onun mənə nələrin bahasına başa gəldiyini yaxşı bilirsən. Pilləkənlərdə sənin addımlarının səsini eşidəndə az qaldı ürəyim dayana. Ömrüm boyu heç vaxt heç bir qadını sənin qədər arzulamamışam. Mənim üçün qadın, gözəl və ağıllı qadın, sevdiyim qadın bircə sən olmusan. Bu məhəbbət məni uşaqlaşdırıb, ürəyimdə nəcib, incə hisslər doğurub. Sənin ailədə xoşbəxt olmadığını, Rəşidin Asya ilə yaşadığını çoxdan bilirdim. Əzablarımı artıran da o idi ki, mənim göylərdən uca sandığım, mələklər mələyi hesab etdiyim bir qadın məhəbbətsiz yaşayır. Rəşidlə xoşbəxt olsaydın, bəlkə də sənə bu qədər möhkəm bağlanmazdım. Özün mənə heç nə deməsən də, Rəşiddən söhbət açmasan da, taleyindən şikayətlənməsən də hər şeyi başa düşürdüm. Sənə kömək etmək, dərdlərinə şərik olmaq istəyirdim. Sən heç vaxt Rəşidi pisləmirdin, həmişə onun haqqında xoş sözlər danışırdın, çox şeyi də uydururdun. Ürəyin ayrı şeylər pıçıldayırdı, dilin isə tamam başqa sözlər deyirdi. Nəhayət, fikirləşdim ki, sənə bu qədər əzab verən həyat yoldaşını sənin gözündən salım, onun nə cür adam olduğunu sənə tanıdım. Asyanın evinin yerini də sənə o məqsədlə nişan vermişdim. O vaxt nələr keçirdiyin, nə hallara düşdüyün indi də yadımdadır. Kaş sənə heç nə deməyəydim. Mənə elə gəlirdi ki, Rəşid barədə həqiqəti biləndən sonra ona olan məhəbbətin soyuyacaq, ondan üzün dönəcək.

Mən səni qəribə bir məhəbbətlə, əvəz gözləmədən, cavab istəmədən sevmişəm. Bir yerdə işləmək, gündə bir neçə dəfə səni görmək mənim üçün hər şey idi. Heç ağlıma da gəlməzdi ki, haçansa səninlə təklikdə, üz-üzə, göz-gözə gələ bilərəm, əllərimi əllərinə toxundura bilərəm. Hər şeyə sən səbəb oldun, əzizim. O gün elə deməsəydin, o görüş də olmayacaqdı. Sən mənimlə görüşmək istədiyini dedin. Bilirdim ki, sən Rəşiddən intiqam almaq üçün bu addımı atırsan. Amma mənim üçün bunun fərqi yox idi. O vaxta qədər mənə desəydilər ki, adam xoşbəxtlikdən, böyük sevincdən ölə bilər, mən buna inanmazdım. Amma sən demə, bu, çox adi şey imiş. Neçə gün bu həyəcanlı sevinclə yaşadım, həyat mənimçün gözəlləşdi, öz adiliyini itirdi. Hayana baxırdım, səni görürdüm. Kiminlə danışırdım, sənin səsini eşidirdim. Sən mənimlə olacaqdın, saçlarının ətrini duyacaqdım, gözlərinin rənginə lap yaxından baxacaqdım. Bunlan fikirləşdikcə dəli olmaq dərəcəsinə çatırdım.

O gün sənin gözəlliyin, o təsvirəgəlməz gözəlliyin məni heyran etdi. Sənin bu qədər gözəl olduğunu təsəvvür etməzdim. Lakin belə yaxın ikən, hətta qucağımda, əllərimin arasındaykən məndən bu qədər uzaq, mənə qarşı bu dərəcədə soyuq olduğunu başa düşəndə hər şey yadımdan çıxdı. Sənə qarşı kobudluq etdim. Kim bilir, sənin o şillən olmasaydı, bəlkə də bağışlanmaz səhvə yol verəcəkdim. Sənin şillən məni yuxudan oyatdı. Amma gərək elə tez getməyəydin, əzizim. Qoymayaydın ki, o görüş belə tez, belə gözlənilməz şəkildə başa çatsın. Birinci və axırıncı dəfə səni öpməyə niyə imkan vermədin? Mənim halımı görmürdünmü? Sən ki, dərin düşüncəli adamsan. Bəs mənim hisslərimi, duyğularımı niyə qiymətləndirmədin? Məni niyə başa düşmək istəmədin? Sənin “Əgər mənə zərrə qədər hörmətin varsa, burax gedim” sözlərin məni özümə qaytardı. Başa düşdüm ki, səni güclə saxlamaq mümkün deyil, qalmağının da bir mənası yoxdur. Sən məni heç vaxt sevməmisən.