Ağ qəm - страница 37
Həcər xala uşağı bir də şam yeməyi vaxtı dindirərdi. Onu yedirdər, içirdərdi. Aynur yeməkdən sonra qab-qacağı yığışdırmaqda dayəyə kömək edərdi. Sonra isə çarpayıya uzanıb yuxusu gəlməyə-gəlməyə yatmağa çalışardı ki, sübh tez açılsın. Səhər eyni vəziyyət yenə təkrar olunardi. Həcər xala yenə ev işləri ilə məşğul olar, yuyar, ütüləyər, xörək bişirərdi. Aynur isə qonşu otaqda saatlarla səssizcə oynayardı.
Bəzən Həcər xala Aynuru özü ilə bazara, dükana aparardı. Küçədə o, tamam ayrı adam olardı, onunla mehriban danışar, suallarına səbrlə cavab verərdi. Aynur da düşünərdi ki, yəqin Həcər xala evdə yorulur, danışmağa taqəti qalmır, ona görə də onunla belə soyuq davranır.
Anası Aynuru götürmyə gələndə Həcər xala adəti üzrə dil-ağız edərdi:
– Canını yeyim Aynurun, çox yaxşı uşaqdır. Ona öz doğma balam kimi bağlanmışam. Aynur yatanda darıxdığımdan bilmirəm nə edim.
Uşaq onun bu ikiüzlülüyü qarşısında deməyə söz tapmazdı. Hər dəfə Həcər xalagilə getmək vaxtı çatanda Aynur anasına yalvarardı:
– Ana, nə olar, məni Həcər xalanın yanında qoyma da…
Dilarə onun saçlarını qarışdırıb cavab verərdi:
– Sən mənim ağilli qızımsan. Ağıllı qız isə anasının sözündən çıxmaz.
– Mən orda darıxıram axı…
– Həcər xala səni bu qədər çox istəyir, sən isə deyirsən ki, dan xıram.
– Ana, sən onu tanımırsan. O, məni zərrə qədər də istəmir. Həmişə sənə yalan danışır. – Aynur onu inandırmağa çalışardı. Amma Dilarə acıqlı halda qızının sözünü kəsər, onun hərəkətini ərköyünlük hesab edib dediklərinə əhəmiyyət verməzdi.
Həcər xala kimsəsiz qadın idi. Qonşuların dediyinə görə, uşağı olmadığına görə əri çoxdan onu atıb getmişdi. O vaxtdan atasından qalma ikigöz evdə yaşayır, həyətdəki birotaqlı evini isə kirayəyə verirdi. Həcər xala yaxınlıqdakı idarədə xadimə işləyir, şənbə və bazar günlərində isə Dilarənin qızına baxırdı. O, az əziyyətlə başa gələn dayəlikdən məmnun idi. Lakin nədənsə bu sakit, gözəl qız uşağini sevə bilmir, ona qanı qaynamırdı.
Hər dəfə iki günlük ayrılıqdan sonra anasını görəndə Aynur sevincindən quş olub uçmaq istəyərdi. Evə gələndə özünü böyük kimi aparar, anasının əlindəki çantanı apanb yerinə qoyar, ayağına keçirmək üçün məs verər, onun hər kiçik tapşırığını böyük həvəslə yerinə yetirərdi. Anasının səsini eşitmək, yanında olmaq onun üçün böyük səadət idi. Dilarə ev-eşiyi səliqəyə salandan, yemək hazırlayandan sonra qızını gəzməyə aparmaq istəyərdi:
– Aynur, bağa gedək?
– Yox, ana, istəmirəm.
– Səni yelləncəyə mindirəcəyəm.
İstəmirəm.
– Dondurma alsam gedərsən?
Uşağin gözünə nə dondurma, nə də başqa şeylər görünərdi. O:
– Mən səninlə evdə qalmaq istəyirəm, ana, – deyə cavab verərdi. Lakin Dilarə çox vaxt qızının bu istəyinin mənasına varmadan dodağı altında deyinərdi:
– Bu uşaq bilmirəm kimə oxşayıb. Xalxın uşaqlarını həyət-bacadan yığmaq olmur. Bizimkini də evdən bayıra çıxarmaq mümkün deyil.
Dilarənin bəzən qızına yazığı gələrdi. O, qəribə, başqalarına bənzəməyən uşaq idi. Onun bir oyuncağını sındırdığı, bir kitabını cırdığı və ya paltarını batırdığı Dilarənin yadına düşmürdü. Döşəmədə kiçik bir kağız parçası görsəydi, tez onu yerdən qaldınb zibil qabına atardı. Dilarə qızını az-az hallarda əzizləyərdi. Buna görə də Aynur onun hər kiçik nəvazişinə, hər ilıq təbəssümünə sevinər, hər xoş sözündən ürəyinə bir hərarət axardı. Anası ona “can” deyəndə sevinc içərisində soruşardı:
– Sən mənə “can” dedin?