Ağ qəm - страница 38



– Hə, Aynur.

– Çox sağ ol, ana.

Dilarə onun bu qəribə iltifatına həmişə gülərdi.

… – Aynur, daha ağlamırsan ki? – Həcər xala qapıda göründü. Aynur ona cavab vermədi.

– Di dur, bəsdir mısmırığını salladın. Gəl çörəyimizi yeyək., – Həcər xala onun əlindən tutub yemək otağına apardı.


* * *


Dilarə gecəni çox narahat yatmışdı. Üzünün rəngi solğun görünürdü. Gözlərinin altı qaralmışdı. Səhərdən eyni açılmırdı. Çünki bu gün ayın on üçü, nəhs gün idi. Dilarə ayın on üçünü həmişə qorxa-qorxa gözləyərdi. O gün mütləq nə isə xoşagəlməz bir hadisə baş verməli, qanı qaralmalı idi. Uzun illər idi ki, bunu sınaqdan keçirirdi.

– Qızım, rəis yerindədir? – deyə içəri girən yaşlı bir qadın soruşdu.

– Xeyr.

– Bilmirsən hardadır?

– Bilmirəm.

– Bu gün gələcəkmi?

Dilarənin hövsələsi daraldı:

– Mən nə bilim gələcək, ya gəlməyəcək. Bəyəm rəis mənə hesabat verir?

– Hesabat vermirsə, səni niyə bıırda oturdub? – deyə qadın deyinə-deyinə otaqdan çıxdı.

“Bəli də, başlandı.” – Dilarə dilxor halda makinasını tıqqıldatmağa başladı. – “Qudurasan, qurbağa, gəldi bizi vurmağa”, – ürəyində arvadın dalınca söyləndi.

Bir azdan ortayaşlı bir kişi içəri girib birbaşa rəisin kabinetinə tərəf getdi.

– Ay yoldaş, hara? – deyə Dilarə soruşdu.

– Rəisin yanma.

– Bəs soruşmazlarmı ki, rəis burdadır, ya yox?

– Qəbul vaxtı işdə olmayıb, harda olacaq?

– Deyirsiz yəni bütün günü kabinetindən çıxmamalıdır? – deyə Dilarə hirsləndi.

– Əvvəl dövlət işi, sonra şəxsi işlər.

Xeyli çənə-boğazdan sonra kişi narazı halda çıxıb getdi. Heç beş dəqiqə keçmədi ki, ucaboy bir oğlan içəri girdi:

– Qəşəng qız, salam.

– Əleykəssalam.

– Rəisin yanında adam var?

– Rəis yoxdur.

– Hardadır?

– Bilmirəm.

– Qanınız niyə qaradır?

– Onun sizə dəxli yoxdur.

– Heyf bu gözəllikdən ki, belə acıdil qıza verilib, – deyə oğlan təəssüfləndi.

Dilarə onun sözlərindən tutuldu. “Doğrudan da, mənə nə olub? Adamlarla niyə belə kobud danışıram? önlann nə təqsiri var?” – deyə öz-özünə düşündü.

Oğlan otaqdan çıxan kimi Dilarə stolunun yeşiyindən balaca güzgüsünü çıxarıb saçını daradı, ətirləndi, üzünə mehriban ifadə verdi. Bu görkəmindən məmnun qaldı.

– Namiq Dadaşoviçin katibəsisinsiz? – Üzündən şitlik yağan bir oğlan salamsız-kəlamsız ona yaxınlaşdı.

– Sizi eşidirəm, – deyə Dilarə acıqlı halda cavab verdi.

– Namiq Dadaşoviçin yaxşı zövqü var. – Oğlan bu sözləri ağzını az qala Dilarənin qulağına yapışdırıb dedi. Dilarə qıpqırmızı qızardı, amma heç nə demədi.

– Əvvəlki katibəsi də qəşəng qız idi. Başa düşmürəm, o niyə çıxıb getdi?! – Oğlan gözlərini bic-bic qırpdı. Dilarə daha hövsələsini basa bilmədi.

– Bura baxın, vətəndaş, elə etməyin ki, milis çağırım. Rədd olun burdan.

Oğlan onun əsəbiləşdiyini görüb özünü itirdi:

– Mən nə dedim ax i?

– Sizə dedim rədd olun burdan.

Oğlan əvvəl tərəddüdlə Dilarəyə baxdı, sonra isə heç nə deməyib otaqdan çıxdı. Lakin heç bir dəqiqə keçməmiş yenidən qapıdan boylandı:

– Namiq Dadaşoviçə heç nə deməyin ha! Yaxşı düşməz.

Dilarə başını əlləri arasına almışdı. Hirsindən dodaqlarını

gəmirirdi. Onun dünyada ən çox zəhləsi gedən bir söz var idisə, o da “katibə” sözü idi. Bu adla çağrılanda özünü alçalmış, təhqir olunmuş hesab edirdi. Bu idarəyə gəldiyi günə lənət oxuyurdu. Bir bəhanə ilə işdən çıxmaq istəyirdi. Amma bu bəhanə heç cür ələ düşmürdü. Namiq Dadaşoviç mehriban adam idi. Bircə dəfə də onun xətrinə dəyməmiş, səsini qaldırmamişdı. Digər tərəfdən də, Dilarə pedaqoji institutda qiyabi oxuyurdu.