Bu yay da belə keçdi̇. Şerlər - страница 10
Neçə-neçə yazan səsi kəsildi,
Neçə-neçə ürəklərdə xal oldu.
Toy evimi yağı döndərdi yasa,
Başımıza kül ələdi bir kasa…
Əllər yalın, ürək dolu, dil qısa,
«İgidlərin „əlif“ qəddi „dal“ oldu».
Gülablımın bulaqları durulmaz,
Beşbulaqda alaçıqlar qurulmaz.
Nənəqızlar halayında yer olmaz,
Bağbanların almaları kal oldu.
Qozlu bağa elə bil ki, od düşdü.
Şelli narı budaqlarda büzüşdü.
Güllücədə toz dumana qarışdı,
Qarağacı qəbristanı yol oldu.
Yüsifcanlım tər çiçəyə bürünmür,
Şahbulağım dumanlardan görünmür,
Hanı Kötəl, izi-tozu bilinmir,
Qullar dönüb quldurlara qul oldu.
Mərzilimdən nə səs gəlir, nə səda.
Xudu yurdun bürüyübdü qan-qada,
Muradbəyli nalə çəkir ortada,
Seyidlidə üzüm qaldı bal oldu!
Əhmədavar, Ətyeməzli, Qiayaslı,
Xaçın yaslı, Qarqar yaslı, mən yaslı…
Bazarında ta görünmür Zarıslı,
Kəngərlidə qaratikan kol oldu.
Neçə – neçə igidlərim şəhiddi,
Hesabına Bircə Allah şahiddi.
Baş küçəmin daşı üstə daş bitdi,
Neçə-neçə qız-gəlinim dul oldu.
Mən nə yazım, kim anlayar dərdimi?
Uzundərə üzün yerə sərdimi?
Köçüb gedən durnaları gördümü?
Geri dönmür, görən neçə il oldu?
Bu Maqsudlu, Bu Nəmirli, bu Cinli,
Qərvənd vardı, bu ölçülü, biçimli,
Ağam vardı, əsli-kökü Laçınlı,
Çəmənlimdə tənha bitən gül oldu!
Boyəhmədli, Əliağalı, Kolanlı,
Sevindirməz gözü yolda qalanı,
Qaramanım, qov başından dumanı,
Bəlkə səndən həzin əsən yel oldu.
Yurdum mənim, sənə həsrət qalandan,
Dərdli Vahid çıxdı dindən, imandan,
Gileyim var, Mehdi Sahib-zamandan,
Göz yaşlarım axıb, axıb sel oldu!
31.08.2018
Şahmar Əkbərzadəyə
Anam bir sonaydı, nənəm bir sona…
(Şahmar Əkbərzadə)
Sözləri kəlmə – kəlmə
Elə şirin deyirdin,
Hər sözünün önündə,
Çiçəklər büzüşürdü.
Ürəyimdən çəkilən
Sarı simə dəyirdin,
Gözlərimdən üzümə
Şeh damlası düşürdi…
Şahmar dedi adına
Bir zaman atan, anan,
Şahmar kimi sərt ola
Bəlkə üzün hər zaman…
Sən Şahmar yox şah idin
Gözlərindən nur daman, —
Üzündə payızla yaz,
Qışla yay öpüşürdü.
Ayrı cür yaratmışdı
Səni ana təbiət,
Bir kimsəyə haqq-nahaq,
Eyləməzdin nəsihət.
Hamıya ərk edərdin,
Amma qoymazdın minnət,
Yalançılar, sözbazlar
Yanından sivişirdi.
Çəmənlidən başlayan
Dünyalara yol aldın,
Yollar üstə açılan
Yaz nəfəsli gül oldun…
Yandın Vətən eşqinə,
Qovurğa tək qovruldun,
Canın odun, atəşinin
Közlərində bişirdi.
Vətən elə Vətəndi,
Altı nədi üstü nə?..
Sona dedin anana,
Sona dedin nənənə.
Həyat müjdə gətirdi
Altmışıncı sənənə,
Ana torpaq qoynunda
Əzizlər görüşürdü…
30.08.2018
Can deyənim bol idi…
Tək bir gülü axtarırdı gözlərim,
Aman Allah, necə şirin çağ ıdi.
Boğazıma ilişməzdi sözlərim,
Süzülərdi, elə bil ki, yağ idi.
Günüm, ayım necə gəlib gedərdi?
Kim yolumu, yolağımı güdərdi?
Səhərəcən göyləri seyr edərdim,
Dünya mənə gül-çiçəkli bağ idi.
Yuxularım çin olurdu həmişə,
Kədər məndən gen olurdu həmişə…
Bir sevincim min olurdu həmişə.
Cavan baxtım bəmbəyazdı, ağ idi.
Ot yığardım, pambıq, üzüm dərərdim,
Fərəhimi çəmənimə sərərdim.
Hər bir işə öz çiynimi verərdim,
Arzularım ümidlərə tağ idi.
Görməmişdim hələ böyük şəhəri.
Gülər üzlə qarşılardım səhəri…
Tanımazdım intizarı, qəhəri,
Babam Abbas nəzərimdə dağ idi.
Bir yol vardı, Ağdam-Bərdə yoluydu,
Yolun üstü kəndlər ilə doluydu,
«Gəl» deyənim, «can» deyənim boluydu,
Xalalarım, atam, anam sağ idi…
Tək bir gülü axtarırdı gözlərim,
Aman Allah, necə şirin çağ ıdi.
Boğazıma tıxanmazdı sözlərim,
Süzülərdi, elə bil ki, yağ idi.
Dağlara…
Dəli ozan, dəliliyin tutdumu,
Qurban etdin məni bizim dağlara.
Qara keşiş dağlarıma dağ basır,
Ta getməyə yoxdu üzüm dağlara.