Bu yay da belə keçdi̇. Şerlər - страница 7
Haqq yolunda yürü mətin,
Demə, işim oldu çətin…
Gün gələcək, şan – şöhrətin,
Neçə ürəkdən çıxacaq.
Çəmənlidə əkdim gülü,
Sultan, şad elə könülü;
Qürbət üzməsin bülbülü,
Əlacı Təkdən çıxacaq!
Sultan Mərzili
Rübailər
Təzə tər güllərim üzüldü getdi,
Şehi gözlərimə düzüldü getdi,
Bir ömür vermişdi payıma Allah,
Qum kimi ovcumdan süzüldü getdi!
Günəş üfüqə döğru sallanır fağır-fağır
Bir günün də üzünə xal düşür ağır-ağır…
Nə keçən günə üzül, nə qaranlıq gecəyə,
İşıqlı sabahların qatı zülmətdən doğur…
Qaldı
Yusif Məmmədovun xatirəsinə
Buludlar bürüdü göyün üzünü,
Ulduzlar sayrışa – sayrışa qaldı.
Sevənlər çəkildi yuvalarına,
Küçələr küləyə, yağışa qaldı.
Zaman oxu qoyub, çəkdi yayını,
Yetirdi ömrünə xəzan ayını.
Budaqlarda qalan nubar payını,
Sərçələr bölüşə – bölüşə qaldı.
Ey köçüb gedənlər, əfv edin bizi,
Yaşada bilməsək xatirənizi…
Bir daha görmərik xoş çöhrənizi,
Ümid qiyamətdə görüşə qaldı
Dərdi yük eləmə
Mehman Göytəpəliyə həsr olunur
Kiminə avtomobil çarpır,
kimini ildırım vurur,
kimini də hansısa bir vələd…
Mənisə dərd vurub, dərd…
O dərd namərd…
(şair Mehman Göytəpəli)
Dərdi yük eləmə özünə, şair!
Dərd də səni görüb yaxandan keçir.
Elə mindirmisən qəmi urvata,
Sevinc qəmli – qəmli yaxından keçir!
Yol çəkən gözlərin gözləyir kimi?
Yorğun baxışların izləyir kimi?
Dilin susa – susa gizləyir kimi?
Dünyanın soyuğu yuxundan keçir.
Hikməti olsa da naşı dünyanın,
Canına od düşsün yaxşı dünyanın…
Güləndə pozulur naxışı dünyanın,
Elə bil varından – yoxundan keçir.
05.01.2018
Şair Mehman Göytəpəli
Mehman Göytəpəliyə həsr olunan qəzəl
Eşqinin fikri yenə eylədi avarə məni,
Od tutub yandı dilim, tez yetirin yarə məni.
Çəkirəm həsrətini, qıyma sola güllü bağım.
Görməsin qoy rəqibim, eyləmə biçarə məni.
Bülbülün naləsinə dözməyə yoxdur qərarım,
Sonda minnətçi edər göz yaşım ol xarə məni.
Mən sənin aşiqinəm, sən kimə uydun gözəlim?
Rəhm edib bəlkə əzəl, çəkdirəsən darə məni…
Bir neçə sətri düzüb qoşdu Vahid Mehman üçün,
Qəbul eylər, sanıram, etməz üzü qarə məni!
02.09.2017
Qaldı
Üyütdüm günləri dəyirman kimi,
Qaldı, baş aparan çax-çaxı qaldı
Nə umdum, ömrümə yazıldı nələr?
Dilimdə gileyi, ah-vahı qaldı.
Əkdiyim ağaclar vermədi bəhər,
Üzdü boğazımı acı bir qəhər…
Bu günü yaşadım elə bir təhər,
Üzun bir gecəsi, sabahı qaldı.
İstədim söz satam, alan olmadı,
Ciblərim boş qaldı, kalan olmadı.
Vallahı, bir qazanc-filan olmadı,
Borclarım uzun bir siyahı qaldı.
Vahid, ağ günlərim dara çəkildi,
Üstünə kədərli qara çəkildi…
Sevincli günlərim hara çəkildi?
Əlimdə çox ağır günahı qaldı.
28.07.2018
Murov dağı
(Dostum Mailə həsr olunur)
Murov, səndən gileyliyəm,
Zirvələrdə qarın hanı?
Quzeylərin sənə qalsın,
Güneylərdə barın hanı?
Döyəclədik nala-mıxa,
Yurd-yuvamız çıxdı yoxa…
Qaldıq sənə baxa-baxa,
Heç demədin varın hanı?
O tərəfin Göyçə eli,
Bol-bol bitir həsrət gülü…
Kim ovudar bu könülü,
Soruşanda yarın (1) hanı?
Kəlbəcərinm əsir-yesir,
Yollarını yağı kəsir…
Xaçın, Tərtər umur, küsür,
Vətən oğlu, yarın hanı?
Hanı mənim elim, obam?
Zülfüqarlı, Dəmirçidam,
Başlıbelim, başsız qalam,
Soruşacaq bir gün babam-
Ağkilsədə (2) gorum hanı?
1. İkinci hissə.
2. Aşıq Ələsgərin məzarı nəzərdə tutulur
Aşıq Haşım Qubalıya həsr olunan dörd şer
Kənddəki evimin eyvanındayam,
Ürəyim narahat, özüm rahatam
Bir baxış, bir ülfət, bir sən çatmırsan,
Bu rahat dünyamın gözünə qatam
(Aşıq Haşım Qubalı)
1.
Aşıq Haşım Qubalı
Bu köhnə divarlar nələrə şahid,
Acı xatirələr indi bal dadır.
Aşığın sözünə çox uyma, Vahid.