Bu yay da belə keçdi̇. Şerlər - страница 6
Həsən Mirzə
Yuxuda görürəm Cıdır düzünü,
Ağdərəm, Xocalım cırır üzünü.
Tənha Dəldağım büküb dizini,
O məğrur qaməti düzəlməz, həkim.
Xankəndi, Cəbrayıl düşmən əlində,
Seyranə çıxırlar Sərsəng gölündə.
Yanır çəmənim də, yanır çölüm də,
Yurdum nə dirilməz, nə ölməz, həkim.
Kədərdən, qəhərdən tutulur boğaz.
Bu dərdə yüz həkim bir çara tapmaz;
Qurdla qiyamətə qalanda qisas,
Bu dərdən kim yanıb üzülməz, həkim.
Aşiqin oldum
Baxışın bal kimi işləyir qana,
Bu bir sevda toyu, könül yarışı.
Kəlmələr düzülür yenə yan – yana,
Yağır ağ vərəqə tər gül yağışı…
Səhər şəfəqləri dumanda itir.
Qəm gələn yolları çən alır yenə.
Dodaqda bir alqış öpüşü bitir,
Bir nəfəs boğazda daralır yenə.
Əl vurma, ay gözəl, pəjmürdə – halam.
Baxdım gözlərinə, gözlərim doldu.
Deyəsən, dağıldı bu güvənc qalam,
Deyəsən, mən sənin aşiqin oldum…
Fağır kişi
Köhnə qəhvədanı qoymusan dəmə,
Gözlərin hayana de, baxır, kişi?
Yaz gəlir, sən isə batmısan qəmə,
Üstündən, başından dərd yağır, kişi.
Yamaqlı pencəyin batıb paxıra,
Gözlərin əriyib, düşüb çuxura.
Hər səhər naxıra, axşam axura,
Nə qədər uzanar bu naxır, kişi?
Yüz dəfə sökmüsən nimdaş palanı,
Noxtan, çulun hanı, çubuğun hanı?
Tək sənmi çəkirsən ağır kotanı?
Yükün ağırdımı, ay ağır kişi?
Taylılar tapmasa əgər tayını,
Kəsməz həşrə qədər ahu – vayını
Doyunca aldınmı, kötək payını?
Dur Əhməd dayını di çağır kişi.
Yerdə sürünməkdən ağrıdı dizin,
Uşaqlar yanında qaradı üzün…
Vallahi, çatışmır beş arşın bezin,
Bürünüb gedəsən, ta fağır kişi.
07.03.2018
Dördlüklər
1.
Bir sözü demədən diqqət et ki, sən,
Sonra peşman olub, üzülməyəsən.
Yerdə də, göydə də olsa məskənin,
Haqq özü yaxandan tutacaq sənin.
2.
Demişdin, bu dünya fanidi, fani,
İndi bu kəlama inandım, Allah.
Sorsalar, hardadı haqqın divanı,
BaşImın içində, – deyərdim, Vallah!
3.
Bu ömrü özümə bağlayım necə?
Pərişan günlərim sanki can çəkir.
Axşamdan səhərə qurtarmır gecə,
Səhərdən axşama bircə an çəkir
4.
Neyləyim, bilmirəm belə baharı?
Güllərdən yoluma xalı sərmədi.
Axdı gözlərimdən bütün suları,
Nə fayda, bir çəngə ot cücərmədi.
5.
Ey mənim sevdiyim qoca adamlar,
Əfv edin, getdiniz, tuta bilmədim.
Əlçatmaz oldunuz uca adamlar,
Nə qədər böyüdüm çata bilmədim…
6.
Şirin xəyallara tez uyur beyin,
Acını kim sevir?
– Onu bulanmı?
Hansı gözəl olur, özünüz deyin,
Acı həqiqətmi, şirin yalanmı?
7.
O sirli baxışlar nə idi, Allah?
Tərpətdi, oynatdı yerimdən məni.
Bir zaman nər oğlu nər idim, Allah,
Bəs indi sevərmi yenidən məni?
8.
Seçə bilirsənmi qaranı ağdan?
Dilində şimşəyin gurultusu var.
Yel nə qoparar ki, qocaman dağdan?
Təkcə baş aparan vıyıltısı var.
9.
İnsan deyinəndi, İnsan susandı,
Tənədən usanar, öyüddən qaçar.
İşıqdan zülmətə düşmək asandı,
Oğulsan, zülmətdən çıxmağı bacar!
10.
Sənə nə, kim harda nə əkir, biçir?
Kim harda bulaşır çamura, lilə…
Yerdə sürünməklə gününü keçir,
Nə işin göylərdə uçanlar ilə…
11.
Gedirik gecəni qatıb gündüzə,
Biz olduq bəzirgan, sən xoca, dünya!
Üzünü turşudub baxırsan bizə,
Səndən nə gözləyək, a qoca dünya?
12.
Yurduma elə bil gəlmişdin dünən,
Bu gün öz yerini verdin bahara.
Ay qış, qışlığına qalmadı güvən,
Qarsız ağ üzünü elədin qara…
Dünya köhnə dəyirmandı
Sultan Mərziliyə həsr olunur
Dünya köhnə dəyirmandı,
Çərxi – fələkdən çıxacaq…
Günü dən-dən xəlbirlənir,
Unu ələkdən çıxacaq.
Gül əkdinsə, gülşən olar,
Ömrün – günün çox şən olar,
Dörd yanına dost cəm olar,
Səsin də bərkdən çıxacaq!
Çox axıtma gözdən yaşı,
Səni başa düşməz naşı,
Bahar gəlir, – yaz yağışı,
Soyuq küləkdən çıxacaq.