Bu yay da belə keçdi̇. Şerlər - страница 4



Dedin yalandı, Allah.

Torpaqdan can yaratdın,

Dedin İnsandı, Allah.


Yaratdın da yaratdın…

Sonra da bu İnsanı,

Sonra da bu Şeytanı,

Birlikdə Yerə atdın.


Ya məni oddan qoru,

Ya suya döndər, Allah…

Anlamadım mən səni,

Bir izah göndər, Allah!

Qarabağ, ay mənim muğam beşiyim

Qarabağ, ay mənim muğam beşiyim,

Həsrətin əlindən gəlmişəm zara.

Qarabağ, ay mənim evim, eşiyim.

Necə boyun əyim bu sərt rüzgara?


Qırıq ümidimi apardı sellər,

Yol tapa bilmirəm qoca dağlara.

Mənə xəbər verin, ay əsən yellər,

Nə zaman yetəcək əllərim yara?


Dəmir qayalara yazdım adımı,

İndi kimlər yazır adını ora?

Ey Tanrı, özümə qaytar odumu,

Qoyma bu dərd gedə mənimlə gora!

Dağlar oğlu

Azərbaycan Ordusunda layiqli döyüş yolu keçən dostum Mail Adilova həsr edirəm


Mail Adilov


Kəlbəcərin igid oğlu, alqış sənə,

Qarabağda tufanlara gərdin sinə,

Ürəyində odun – közün çətin sönə,

Dağlar oğlu, dağ vüqarlı Mail dostum.


Sən döyüşdə ər igidsən, ər oğlu ər.

Güllə özü qorxar səndən, yolun əyər.

O gün olsun, Azərbaycan çalsın zəfər,

Dağlar oğlu, dağ vüqarlı Mail dostum.


Elimiz bir, yurdumuz bir, canımız bir,

Damarlarda coşa gələn qanımız bir,

Adımız bir, şöhrətimiz, şanımız bir,

Dağlar oğlu, dağ vüqarlı Mail dostum.

Zirvələrə boylanıram

Zirvələrə boylanıram,

Hər tərəfi ağ görünür.

Yamaclarda dolanıram.

Gül-çiçəkli bağ görünür.


Qaçhaqaçda keçir ilim,

Yanır əlim, yanır dilim.

Yurda həsrət qalan elim,

Sinənizdə dağ görünür.


Sözlərini uda-uda,

Əcəb məni saldın oda,

Versə də çox günün bada,

Vahid hələ sağ görünür.

Gedər

Özünə Tanrıdan uğur dilə sən,

Hər sözün ürəyə toxunub gedər.

Yaxşılıq eləsən bircə gilə sən,

Birə min əvəzlə oxunub gedər.


Şirin ol, əziz ol, acılıq etmə,

Sakit, təmkinli ol, qoçuluq etmə,

Uğursuz bir yola yolçuluq etmə,

Üzünün abırı arınıb gedər.


Arifsən, sirrini saxla dərində,

Zəhmət çək elinin xeyir-şərində…

Halal qazancında, alın tərində

Varlığın su kimi durunub gedər.


Gör-götür dünyası bizi xar etdi.

Şöhrətə hərislik kimə yar etdi?..

Aləmi başına kim ki dar etdi,

Dikəlməz, zəlil tək sürünüb gedər.


Ay Vahid, mərd yaşa, təmiz ad qazan,

Bir kimsə dalınca deməsin nadan…

Varlı da, kasıb da qoca dünyadan.

Beş arşın kətana sarınıb gedər.

Şairlik qəlb yanğısıdı

Şairlik qəlb yanğısıdı,

Onu addan-sandan umma.

Göz yaşı can acısıdı,

Dərd çəkməyən candan umma.


Haqdan dolu olsa sinə,

Odu, nuru çətin sönə…

Qoy, adı xalq versin sənə,

Onu bəydən, xandan umma…


Vahid, arzun açmaz çiçək,

Tər tökməsən ətək-ətək.

Şan-şöhrəti sədəqə tək,

Gəl, sən ondan-bundan umma

Gəmilər

(Dostum Vahid Qaziyə həsr olunur)

Sahillərdə misqal-misqal böyüyər,

Yağışlarda, dumanlarda gecələr.

Enər bir gün göy dənizin qoynuna,

Dəryalarda, ümmanlarda gecələr.


Şahə qalxan dalğalarla oynayar,

Vuran, yıxan dalğalarla oynayar,

Dağdan uca dalğalarla oynayar,

Neçə sirli zamanlarda gecələr.


Üfüqlərdə alovlara qalanar,

Mamırlara, mərcanlara bulanar;

Bu dünyanı dəniz-dəniz dolanar,

Yenə doğma limanlarda gecələr.


Vahid Qazı

14.06.2018

Sən sevgimə irad tutub, qınadın

Sən sevgimə irad tutub, qınadın,

Barı özün vəfasız tək qınanma.

Çəkdi yüz yol imtahana inadın,

İnadımdan əsər qaldı, – inanma!


Öz əlinlə bəzəmişdin yaxamı,

Nişan yerin, hədəf yerin yaxamı?

Naz – qəmzənlə çıxarmısan yuxamı,

Ocaq olub sinəm üstə qalanma.


Mətləbimi ürəyimdə ürəyimdə gizlərəm,

Gecə – gündüz kölgə kimi izlərəm…

Vədə versən, ömür boyu gözlərəm,

Bir şərtinən, nə zamansa gəl amma!

Yenə də bahar gəldi

Yenə də bahar gəldi.

Bu neçənci bahardı?

O başqa bahar idi,

Bu da başqa bahardı.