Bu yay da belə keçdi̇. Şerlər - страница 2
Bir el vardı, görən oldu?
Hamı pərən – pərən oldu…
Kimlər gülün dərən oldu?
Gül pəmbə taxtın oldumu?
Hanı sənin qızıl vaxtın?
Niyə belə döndü baxtın?
Arxamızca qəmli baxdın?
Baxmağa vaxtın oldumu?
Göz-görəti düşdük oda.
Canım dağmı düşdü yada?
Sənə demədik əlvida,
Həsrətlə baxdın, oldumu?
Başımızı versək belə,
Qayıdarıq əziz elə!
Bir də gördün gülə – gülə,
Yollara çıxdın!
Oldumu!
17.08.2018
Gözlərim doymadı xatirələrdən
Gözlərim doymadı xatirələrdən,
O bahar,
o bəhər dünən oldumu?
Cavanlıq ulduz tək parladı, söndü.
Hüdudsuz göylərdən enən oldumu?
Keçirdim günləri yarıyuxulu,
Ağ bəxtim bu qara nəfsimin qulu…
Elə ilk döngədə itirdim yolu,
Qayıdıb yoluna dönən oldumu?
Dağ dağa söykənər dağ olar Allah,
Bağ bağa baxanda bağ olar Allah,
Sözünə söz desəm ağ olar Allah,
Önündə bir kəlmə dinən oldumu?
Könüldən könülə yol salmaq çətin,
Gərək itməyəydi bir an diqqətim,
Yəhərsiz, yüyənsiz qalan diqqətim,
Təzədən atına minən oldumu?
Ay Vahid, bilmirsən bu hansı çağdı?
Çox şükür Allaha, can hələ sağdı…
Payız yağışları qəlbinə yağdı,
Quruyan çöllərin çəmən oldumu?
Endi
Onu gördüm, əsdi əlim, ayağım,
Od-alovlu yay günümə qış endi.
«Bu sənsənmi?» -pıçıldadı dodağım.
Sinəsinə ağ saçlı bir baş endi.
Üzüm gülür, içimi qəm sıxırdı,
Bu qəm mənim qürurumu yıxırdı…
Solan gülün gözlərinə baxırdım, —
Üstümüzə görən neçə yaş endi?
Halın sordum, heç pozmadı halını,
Tumarladı qolundakı xalını…
Düzəldəndə başındakı şalını,
Elə bil ki, başıma bir daş endi.
Vahid, demə bu ömürdü, həyatdı.
Bu həyatdan qismətinə nə çatdı?
Xatirələr ürəyimi sızlatdı,
Yanağıma iki gilə yaş endi…
Şair Ədalət Bədirxanova həsr olunur
Elə bilmə heç nə duymur Babamız
O, Alimdi o, Hakimdi ay dədə!
Nə yazıq ki, Haqdan gəlmir sədamız,
Ağsaqqal da ta heç kimdi, ay dədə…
Qapazlardan qutarmadı canımız,
Bizlənməkdən yara oldu yanımız,
Dərd-sər ilə çox qaraldı qanımız,
Düzünə de, nə him-cimdi, ay dədə?
Yaramazlar fitnəsindən yarınmaz,
Qara yalan ağ kağıza sarınmaz…
Yüz il axa ta durulmaz, arınmaz,
Bu çaylarda namərd çimdi, ay dədə!
Düşdün burulğana, çox çabalama
Düşdün burulğana, çox çabalama,
Bəlkə qurtarasan, belədi gerçək.
Mindiyin ulağı çox yabalama,
Atacaq üstündən bil səni, eşşək.
Oturub duranda ədəbi gözlə,
Yüzün ovsunata düşər bir sözlə…
Hal-əhval tutanda tut gülər üzlə.
Gülər üz görərsən hamıdan bişəkk.
Hamı yazır, pozur, hamı rəy verir,
Allah yazanlara çox həmrəy verir…
Axır qiymətini yenə bəy verir,
Bəyin saqqalının altından keçək!..
25.08.2016
Bakı ş 15.12.2017
Bir şerin tarixi
1978-ci ilin iyul ayında yazılan bu şeri köhnə şer dəftərimdən tapmışam. Tapmışam deyəndə, bir az qəribə olur. Əslində, bu şer həmişə orada olub. Mən nəsə diqqət verməyib, səhifəni çevirmişəm. Bəlkə bu elə o zaman da, indi də mənim əlçatmaz, ünyetməz bir arzum olub ona görə…
Xatirimdə deyil.
Vallah, kimi nəzərimdə tutub yazmışam o da xatirimdə deyil.
Gözlərimi yumub xəyala daldım.
Ey bu sətirləri yazmağa məni həvəsləndirən, ey şer dəftərimdə sakit, səssiz-səmirsiz yaşayan gözəl, ömrümün iyirmi ikinci baharını ələk-vələk elədim, amma səni xatırlaya bilmədim.
Bu şeri paylaşmaq üçün hazırlayanda bəzi sətirləri dəyişdim.
Məsələn, birinci bəndin üçüncü misrası belə idi:
Çöksün utancaqlıq yanaqlarına…
Axırıncı bənd iki variantda idi.
Çox ağrılı sətirlər vardı, rəva görmədim:
…Sonra da ayrılaq!
Üz tutub hərə,
Gedək sən bir yana,
mən də bir yana,
Dönüb şirin – şirin xatırələrə
Səpilək hərə bir evə, ünvana…
Bu bəndin üstündən tamam xətt çəkmişdim.