Bu yay da belə keçdi̇. Şerlər - страница 5
Kimlər mənə yar idi,
İndi kim mənə yardı?..
O baharda rəngbərəng,
Neçə çiçəklər vardı.
O baharda yağışlar
Başqa cürə yağardı.
O baharın atəşi,
Alovu, közü vardı.
O baharın göyləri,
Səma boyda olardı.
O baharda gözəllər
Necə xonça bağlardı.
O baharda gözlərim
Bir gözəli arardı…
O başqa bahar idi.
Bu da başqa bahardı.
O baharım qeyb oldu,
Sinəmdə odu qaldı.
Gözümdə nuru qaldı,
Dilimdə adı qaldı.
O bahar bircə əlçim,
Bulud tək keçib getdi.
Qərib durnalar kimi
Ömrümdən köçib getdi.
Qapqara saçlarıma
Ağappaq lələk saldı…
O başqa bahar idi,
O bahardan nə qaldı?
04.06.2018
Əlacı yox təkcə Vahid bihalın
20 yaşında bir xatirə dəftərinə yazdığım şer.
05 may 1977 – ci il
Bütün yolu yalnız səni düşündüm,
Xəyalımda cilvələndi xəyalın.
Bir ümidin nəşəsindən isindim,
Sevindim ki, keçib gedər məlalın.
Necə qıyım qəlb ağlaya, göz dola,
Gizli-gizli ürək yana, qovrula,
Günəş ola,
yağış ola,
gül sola,
Necə məni yandırırdı bu halın…
And verdim ki, xoş xəbərlə dönəsiz.
İnsafdımı, parlamamış sönəsiz…
İnanırdım, xəzan gəlməz vədəsiz,
Bulud tutmaz tər üzünü hilalın.
Necə gözəl başa çatdı imtahan,
Məğrur çıxdın neçə qara qorxudan.
Gəncliyini qorumağa hər zaman.
Çox istərdim, çata əqlin, kamalın.
Öz bəxtinə əlindədir ixtiyar,
Arzularla yaşa azad, bəxtiyar,
Unutma ki, hər bir dərdə əlac var,
Əlacı yox təkcə Vahid bihalın…
Gənclik hara çıxıb gedir?
Gəl, qayıdaq ömrümüzün,
O qayğısız, şən çağına.
Bir də ataq özümüzü,
O ilk eşqin qucağına.
Geri dönsün on beş yaşın,
Sevincimiz coşub daşsın,
Acıq verək soyuq qışın,
Şaxtasına, sazağına.
Nanə, yarpız dərə-dərə,
Uçaq xəyal uçan yerə,
Yenə də dırmaşaq hərə,
Bir ağacın budağına…
Yenə səni andı ürək,
Əvvəlki tək yandı ürək,
Xatırladım kövrək-kövrək,
Düşdüm sənin sorağına.
Zaman su tək axıb gedir,
Canımızı yaxıb gedir,
Gənclik hara çıxıb gedir?
Ömür dönür göz dağına…
Gördüm
Sinif yoldaşım, dostum Nizami Bayramova həsr edirəm.
Dostum Nizami Bayramov
Aradım dayazda, üzdüm dərində,
Tilsimlərlə dolu yüz hikmət gördüm.
Göylərə bağladım ümidlərimi,
Tağında min cürə qıfilbənd gördüm.
İnsandı dünyanın zinəti, tacı,
İnsanın enməsi acıdı, acı.
Ata, ana, oğul, qız, qardaş, bacı;
Hərədən min cürə məhəbbət gördüm.
Cocuqluq çağlarım düşdü yadıma,
Üz tutdum elimə, ata yurduma,
Nizami aslan tək gəldi yardıma,
Qəlbində dostluğa sədaqət gördüm.
Ay Vahid, şairlər gördüyün deyər,
Onu kim susdurar, onu kim əyər?
Elimə, dilimə verirəm dəyər.
Hər sözdə xalqımdan əmanət gördüm.
Şair sözü şirin şəkər
Suyu bumbuz dağ şəlaləm.
Suların qurumaz ola.
Yamaclarda bitən laləm,
Bağrın qara olmaz ola…
Bahar gələ, güllər aça,
Bənövşələr ətir saça.
Könlüm yara sarı uça,
Gözüm yolda qalmaz ola…
Şair sözü şirin, şəkər,
Gah sevinər, gah qəm çəkər…
Nə gözünə duman çökə,
Nə yanağı solmaz ola…
Bakı 2018.15.05
Həkim
Doktor Müşfiq Mirzəyevə həsr edirəm.
Bir dərd daşıyıram gör neçə ildi,
Bu dərdə dağ dözməz, daş dözməz, həkim.
Qəlbimə tökülən göz yaşlarından,
Od tutub yansa da, can bezməz, həkim.
Bir yandan Kəlbəcər, bir yandan Laçın,
Bir yandan Tərtərçay, bir yandan Xaçın,
Bir yandan Ağdamım, – suları qırçın,
Murov boyda dərdi kim görməz, həkim?
Yağı düşmən tutub qədim Qalanı,
Qubadlı, Füzuli, Zəngilan hanı?
Tutduq üzümüzə Çocuq-Mərcanı,
Abdal-Gülablıdan səs gəlməz, həkim.
İrəvan dəyişib oldu Yerevan,
Göyçə gözəlini etdilər Sevan;
Sülhsevər xalqıma tutdular divan,
Üzüm həşrə qədər ta gülməz, həkim
Yandırır Zəngəzur həsrəti bizi,
Ot basır biz keçən çığırı izi;
Həsən Mirzə yurdu Dərələyəzin
Yanğısın Araz da söndürməz, həkim.