Bu yay da belə keçdi̇. Şerlər - страница 9
Bu ağır qınaq ilə
Böyüdük, yaşa dolduq…
Düşmənlər dost adıyla
Gəldilər, dillənmədik,
«Baran» deyib, «xər» deyib,
Güldqülər dillənmədik,
Oba-oba, kəndbəkənd
böldülər, dillənmədik,
Zalımlara baş əydik,
Qatillərə qul olduq.
Başbilənlər yaxşıca
Piylədi başımızı,
Üstümüzə uçurdu,
Olan dam-daşımızı.
Taladılar quldur tək,
Çatmadıq qaşımızı,
Sonuncu köynəyəcən
Soğan kimi soyulduq.
Axışdıq küçələrə,
«Hüriyyət» deyə-deyə
Xain kommunistlərin
Kölgəsin döyə-döyə…
Sonra tutulub qaldıq:
«Bizə kim dursun yiyə?»
Elə bildik oyandıq,
Elə bildik ayıldıq…
Sinə gərə bilmədik
Tufanlara, sellərə.
Çörək dərdi dərd oldu,
Oğullara, ərlərə…
Vətəni tərk eləyib
Üz tutduq yad ellərə,
Neçə – neçə ölkəyə
Qərib kimi yayıldıq…
Nazir, fəhlə, müəllim…
Yumruq kimi birləşək.
Bu yumruqla düşmənin,
Acgöz gözünü deşək.
Vətən üçün, yurd üçün
İgid kimi döyüşək,
Bəlkə biz də axırda,
Böyük millət sayıldıq!!!
Ramiz
Ramiz Bayramov
Neçə ürəklərdə yerin, yurdun var,
Neçə ürəklərə yol alan Ramiz.
İçində təpərin, yanar odun var.
Adıyla, varıyla var olan Ramiz.
Dünya çox salasa da səni oyuna,
Zərrəcə gəlmədi xələl boyuna,
Adına, sanına öz kök-soyuna,
Oldun çox layıqli bir oğlan Ramiz.
Qəm yemə, ağrılar keçib gedərdi.
Dərd özü sənin tək üzü gülərdi.
Dərdə qalıb gələn fövqəl bəşərdi.
Dərd sənin yanında bir yalan, Ramiz!
Nə xoşdu ülfətdə olmaq səninlə,
Könül fərəhlənir şirin dilinlə…
Yaşa, öz yurdunda,
sən öz elinlə,
Olsun bu dünyada bir qalan, Ramiz!
****
Könüldən könülə yüz yol çəkmisən,
Yüz yol da çəkməyə gücün var, Ramiz.
Ömür bağcasında çox gül əkmisən.
Başında güllərdən tacın var, Ramiz.
İnsan bu dünyada beş gün qonaqdı,
Onu Allah bilər, haqdı, nahaqdı.
Ağrı da, kədər də ömrə sınaqdı,
Bilirəm, çox ağrın, acın var, Ramiz.
Bərk yapış həyatdan, eldən obadan.
Yaxşı ol, həmişə gəlsin xoş sədan.
Başının üstündə Uca Yaradan,
Yanında qardaşın, bacın var, Ramiz.
Vahid sənə yazdı beş – üç kəlməni,
Həmişə yanında bir dost bil məni…
Süpür at yolundan dumanı, çəni,
Atanın ruhundan öcün var, Ramiz!
Alır
Ağıllı başların cibləri boşdu.
Dünyadan kamını elə gic alır.
Zamana güvənib sərvət yığsa da,
Zaman özü gəlib ondan bac alır.
Üstünə yağsa da tənələrdən daş.
Məsləkin yolunda ürəklə savaş…
Əvvəl baş verməyə qəsd eləyən baş,
Sonra öz başına qızıl tac alır.
Dərə keçməlidir zirvəyə gedən,
Çətinə dözdükcə bərkiyər bədən…
Vahid, qorxaq olur nəfini güdən,
Savab sahibləri Haqdan güç alır.
Kəhriz
Kəhrizin başında Qarabağ yanğısı
Canıma illərin yanğısı düşüb,
İzin ver, suyundan doyunca içim,
Sərçələr yuvadan çıxana qədər,
Dəcəl kəpənəklər duyunca içim.
Çox uzun, çox ağir yol gəldim sənə,
Atəşdən od tutub alışır sinə,
Neçə parç içim ki, bu yanğım sönə?
Nizami birbəbir sayınca içim.
Vətənim, el-obam ümid çırağım,
Nur olum dağına, düzünə yağım…
Mənsiz axıb gedən İsa bulağım
Babalı boynuma qoyunca içim.
Kəhrizim, üstündə gördüm bağca-bağ,
Budaqlar üzünə çəkibdir duvaq…
Qürbətdən yol alan qonağam, qonaq,
Dayanım, həsrətim boyunca içim.
Vahid, Allah bizə verməsin səbir,
Ağdamsız bu dünya qəbirdi, qəbir
Qarabağ yanğısı sönərmi de bir,
İstər lap Arazın suyunca içim.
Ağdam haqqında ballada
Xəbər alsan bu vilanın əhvalın…
(Qasım bəy Zakir)
Ərz eləyin məndən Zakir babama,
Bu vilada necə qalmaqal oldu..
Olan oldu, ölən öldü, qalan yox,
Dağlar, düzlər qanımızdan al oldu.
Ağdam adlı bir şəhərim talandı,
Damı, daşı alovlara qalandı,
Zülüm qalxdı, yeri, göyü dolandı,
Dünya gördü, amma susdu, lal oldu.
Məscidimdən azan səsi kəsildi,
Kəndlərimdən ozan səsi kəsildi.