Dəli Çəmənli - страница 8
Bir zamanlar mənim ağlıma gəlmişdi axı bunlar…
Çəmənli mənzərələri
Haşiyə:
Mən gedəndə Çəmənlidən…
Ağlım kəsəndən şer-sənət vurğunuyam. Hardan dolub ürəyimə, – bilmirəm. Amma, musiqi səsi məni bir anlığa da olsa yolumdan saxlayır, ürəyimə bir sərinlik, bir arxayınlıq gətirir. Uşaqlıqda ala-babat səsim də olub. Bunu mən demirəm, bunu qonşularım, sinif yoldaşlarım, müəllimlərim deyirdi. Bu da mənə qanad verirdi. Yay günləri tarlalarda işləyərdik. Günorta istirahət üçün evə gələrdik. Allahın verdiyindən yeyib-içib hərə bir yerdə dincələrdi… məndən başqa. Mən dırmanardım tut ağacına, başlayardım oxumağa… saatlarla oxuyardım. Yazıq qonşularım, nələr çəkiblər mənim oxumağımdan…Amma təəccüblüdür ki, bir dəfə də olsun, kimsə atama-anama şikayət eləmədi. Tut ağacının budağının ucuna qədər çıxardım. Ağac deyirəm ey sizə, gövdəsini üç adam qucaqlaya bilməzdi. Həyətimizdə iki tut ağacı vardı. Biri o üç adam qucaqlaya bilməyən gövdəsi olan, o biri də ondan bir az nazik…Nazik tut ağacı indi də durur. O biri isə hürriyətin ilk illərində, soyuqlu bir qış günü Əyyub kişinin baltasının qurbanı oldu. Əslində, bu ağac da o qədər nazlk deyil. Bu yaz getmişdim kəndə. Tut ağacımızı ziyarət elədim. Başımı qaldırıb ağaca baxdım. Dedim, Allah, Allah, mən bu ağaca necə çıxırdım? İndi onun ucuna nədi, heç boğazına da çıxa bilmərəm.
Hə, qonşuların məndən şikayət eləməməsi məni bir az da ürəkləndirirdi. Muğamatdan xalq mahnılarına qədər, xalq mahnılarından aşıq mahnılarına qədər nə gəldi, oxuyurdum. Söz sarıdan da kasadlığım yox idi. Bir qalın dəftərim vardı, eşitdiyim hər təzə mahnını dərhal ora yazırdım. Sonra başlayırdım məşq eləməyə. Bir-iki dəfə oxuyandan sonra olurdu halalca malım… İndi, mahnı kitabındakı bütün mahnıları əzbər bildiyimi görən oğlanlarım hərdən məndən soruşurlar ki, ay ata, bu qədər mahnının sözlərini necə yadında saxlayırsan? Nə bilim, heç özüm də bilmirəm, elə bil o sözlər mənimlə birgə doğulub.
Kəndimizin çox qəribə coğrafi mövqeyi var. Rəhmətlik Müseyib əminin evinin dalından ucsuz-bucaqsız düz başlayır. Nahaq yerə kəndə Çəmənli demirlər ki… Əgər Sovet hökuməti o düzləri əkib-şumlayıb yerində pambıq əkməsəydi, doğrudan da buralar möhtəşəm bir çəmənlik olardı. Köhnə kişilər özlərinə yurd yeri seçəndə, seçdikləri yerlərə düzgün ad verməyi də bacarırdılar. Əslində, Çəmənli bir neçə obanın ümumi adıdır. Kəndin irili-xırdalı obaları var. Burada «var idi» sözünü işlətmək daha düzgün olardı. Çünki, obalar arasında olan boş torpaqlar çoxdan yeni doğulan nəslin həyət yerlərinə çevrilib. Mənim uşaqlıq çağlarımda obalar bir-birindən aralı idi. İndi Sarısöyünlüdən Zilfilərə, oradan Bala Qışlaqla Orduqalı obasına, oradan da Böyük Qışlağa keçsən, hiss etməzsən ki, bir obadan o biri obaya keçdin. Sizin sadiq bəndəniz Sarısöyünlü obasında dünyaya göz açıb. Qeyd elədim ki, Müseyib əminin evinin dalından göz işlədikcə uzanıb gedən bir düzənlik başlayır. Bir az solda kiçik bir çəkil (tut) bağı vardı. Bu çəkil bağı Müseyib əmi ilə onun qardaşı – mənim babam Usubun ata mülkü olub. Sovet hökuməti o bağı da alıb qatmışdı kolxozun sahəsinə, amma haqq üçünə, o bağ elə bağ kimi də qalırdı. Bağ deyəndə orada turş nar kollarından, bir də çəkil ağaclarından başqa heç nə yox idi. Hə, bəzi çəkil ağaclarının yanına üzüm də əkmişdilər. Avqustun sonlarında tut sovulanda məskənimi dəyişir, ya həmın bağa ya da kəndimizin yanındakı meşəyə, gedirdim.