Dəli Çəmənli - страница 10
Kənd avtobusu axırıncı dayanacaqda dövrə vurub dayandı. Avtobusdan düşüb meşəyə sarı boylandım. Sarısöyünlünün, qonşu Zəngişalı kəndinin evlərinin damları ğörünürdü. Düşündüm ki, bəlkə qış olduğuna görə agaclar yarpaqlarını töküb, ona görə mənə belə görünür. Amma içimi bir narahatlıq aldı. Addımlarımı yeyinlədib bir az da irəliləyəndə dəhşətli bir mənzərənin şahidi oldum. Meşə yerində yox idi. Əvəzində yenicə şumlanmış ucsuz-bucaqsız bir əkin yeri var idi, bir də kənarda yetim kimi boynunu büküb dayanan tənha palıd ağacı…
Qəhərdən boğazım kilidlənmişdı. Göz yaşları mənə yeriməyə imkan vermirdi. Palıd ağacının yanına necə çatdım, bilmirəm. Başımı onun soyuq gövdəsinə söykəyib hönkür-hönkür ağladım. Dərdlərim bir-birinə qarışdı. Bir tərəfdən meşənin dərdi, o biri tərəfdən içimdə qısa müddət ərzində qəribçilikdə yaşadıgım günlərimin çətinlikləri, kimsəsiz qalan həyətimizin, uçub dagılmaqda olan ata evinin dərdi… Qarşıda məni hələ nələr gözləyirdi… İlahi, bu dərdlər çəkiləsi dərdlər deyildi. Başımı qaldırıb ətrafa baxdım. Ayaqyalın, başıaçıq dolandığım yerləri kədərlə seyr etdim. Anladım ki, nə o meşə var, nə də mənim hələ də ayrıla bilmədiyim qayğısız uşaqlıq çağlarım. Bir də anladım ki, bu kənddə yeni doğulan uşaqların meşəsi olmayacaq. Onların heç birinin bu meşədən, onun gözəlliklərindən xəbərləri olmayacaq. Heç kim onlara bu meşənin nağılını danışmayacaq. Çünki uşaqlarınin «Ata, bu meşəni niyə qırdınız?» sualına cavab verə bilməyəcəklər.
Dərindən köks ötürüb asta-asta evimizə sarı addımladım.
Meşənin nağılı burada bitdi. Amma göydən üç alma düşməyəcək. Heç palıd qozası da düşməyəcək. Çünki, bir neçə ildən sonra tənha qalan palıd ağacı da qurudu…
O zamanlar meşənin qırılması haqqında hörmətli yazıçımız Mustafa Çəmənli də gözəl bir yazı hazırlamışdı. Yazı, Çəmənlidə böyük əks-səda doğurmuşdu. Müstafa müəllim deyir ki, bu yazıya görə hətta onunla uzun zaman küsülü qalan insanlar da olub.
P.S. Bu yaxınlarda bir dostum mənə irad tutdu ki, nə üçün bu yazımda o zaman meşənin qırılmasına əmr verən kolxoz sədrinin adınını çəkməmişəm. Doğru iraddır. Amma… mən onun adını yazsaydım, o zaman adını bu kitabın səhifələrində yaşatmış olardım. Layiq bilmədim o insanın bu kitabı səhifələrinə adının düşməyinə…
Qoy unudulsun! Özü də, əməlləri də.
Deyəsən, ürəyinizi kövrəltdim bir az…
Qayıdıram söhbətimə;
Ala-göy üzüm salxımlarını yığıb qoynuma doldurar, sonra bir çəkil ağacının başında düzəltdiyim «kabinetimə» dırmanardım. Başlayardım ala-turş üzümləri yeməyə. Ta burada oxumazdım. Çünki, yerimi bilib, oturduğum «kabineti» əlimdən alardılar.
Belə gözəl uşaqlığım olub…
Yavaş-yavaş böyüdüm, boy atdım. Arzularım da böyüdü mənimlə, bu kəndə, onun bağlarına sığmaz oldu. Bir səhər atamdan qalan köhnə çamadana yığdım bütün arzularımı, ümidlərimi, qardaşım Zülfüqarın verdiyi 40 manatı cibimə qoyub, Ağdam-Bakı avtobusunda çıxıb getdim. Xoşbəxt idim. Yeni arzulara doğru uçurdum. Yeni şəhərlər görəcəkdim, yeni insanlarla tanış olacaqdım, yeni üfüqlər açılacaqdı gözlərimin önündə… Gündüzlər Şahbulağın zirvəsində görünən Koroğlu Qalası, gecələr işığa qərq olan Qarabağ dağları gözlərimin önündən getsə də, əbədi olaraq xəyalıma köçdü. Bu gün o əmin-amanlı günləri andıqca, gözlərim dolur, kövrək xatirələrimin qəlbimdə buraxdığı izlərin ardınca gedirəm. Belə günlərin birində «Mən gedəndə Çəmənlidən» şeri yarandı.