Dəli Çəmənli - страница 9




Haşiyə içində haşiyə:

Bir meşənin nağılı

Biri var idi, biri yox idi…

Bütün nağıllar belə başlanır. Əvvəlcə, qayğısız yaşayan bir şahzadə ilə şər qüvvələrin tilsimə saldığı sadə kəndli qızı olur, sonra elə həmin şər qüvvələr onları bir-birinə göstərərək, ürəklərinə eşq atəşi salır, onlar da gecə-gündüz bu atəşə yanaraq, bir-birlərinə qovuşmaq üçün sevda yollarına çıxırlar. Çox müsibətlərdən sonra iki aşiq bir-birinə qovuşur. Adətən, bütün nağıllar xoşbəxt sonluqla bitir. Sizə danışmaq istədiyim nağıl isə çox qəmlidir. Başqa nağıllardan fərqli olaraq, bu nağıl pisliklərlə vuruşan ağ atlı bir şahzadənin qələbəsi ilə bitməyəcək. Bu nağılda heç şahzadə də olmayacaq. Çünki bu nağıldakı hadisələr baş verəndə, şahları çoxdan taxtından salıb, yerində özünü dünyanın ən nadir nümunələrindən sayan yoldaşlar oturmuşdular.

Bu yoldaşların başı kommunizmin əsaslarını qurmağa qarışanda meşə öz keyfində idi. Yazda yarpaqlayıb çiçək açır, payızda saralıb solur, qış aylarında dərin yuxuya gedir, ilıq bahar şəfəqləri ilə yenidən oyanıb öz qeyri-adi həyatını yaşamağa başlayırdı. Əslində, bu meşə elə sən deyən böyük deyildi. On-on beş hektar ola, ya olmaya. Amma bu on-on beş hektarlıq meşə bir cənnətməkan idi. İlimiz on iki ay meşənin üstündə bir parça bulud olardı. Yayın qızmar günündə əlini işdən ayırıb beşcə dəqiqəlik meşəyə girəndə elə bilərdin ki, tamam başqa bir aləmə düşdün. Bir sərinlik, bir rahatlıq, bir xoş əhval-ruhiyə insanı ağuşuna alardı. Çox uçarın-qaçarın sığınacaq yeri idi meşəmiz. Adamın inanmağı gəlmirdi ki, traktorların gur-gur guruldadığı tarlaların cəmi beşcə addımlığında kirpilər, tısbağalar, ilanlar, qurbağalar, dovşanlar nə bilim, ta nələr, nələr bu qədər azad, rahat yaşaya bilər. Agacların üstü bülbüllərlə, torağaylarla dolu olardı. Baharda arıların vızıltısından, yayda cırcıramaların cırıltısından qulaq tutulardı. Meşəyə girəni hər canlı oz dilində salamlayardı. Düzdür, meşəmiz meyvə ağaclarından kasad idi, ancaq axtarsan alça, əncir, üzüm tapardın. Amma turş nar sarıdan bolluq idi. Yayın cırhacırında kal nar meyvələri ilə əməlli-başlı döyüş əməliyyatları keçirərdik. Meşədən heç kim nar yığmazdı. Bu turşməzə meyvələr qışın oğlan çağına qədər budaqlarda qalar, üstünə bircə dəfə qar düşdümü, – bal kimi olardı.

Uşaqlığımın ən şirin çağları bu meşə ilə bağlıdır. Hər gün, heç olmasa bircə dəfə də olsa bu meşəyə girərdim. Əlimi qulagıma verib başayardım oxumağa. Burada oxumaq mənə ləzzət verərdi. Bu meşə Sarısöyünlü obasının bəzəyi idi.

Zaman keçdikcə meşəyə sahib çıxmaq istəyən adamlar peyda olmağa başladı. Küncdə-bucaqda hasarlanmış yerlərə rast gəlirdin. Amma bu hasarlar biz cocuqlara mane ola bilməzdı. Onları istədiyimiz yerdən yarıb keçər, ürəyimiz istəyən kimi əylənərdik.

Meşənin kənarında bir palıd ağacı vardı. Adına «ehsan palıd» deyərdilər. Rəhmətlik Salman kişi əkmişdi o palıdı. (İndi Salman kişinin nəvə-nəticələri o palıd ağacı kimi qollu-budaqlıdırlar, maşallah!) Ağac o qədər böyümüşdü ki, o qədər yayılmışdı ki, iki-üç adam onu güc-bəla ilə qucaqlaya bilərdi. Meşəyə kim girsə, mütləq bu palıdın kölgəsində dincini alar, sonra elə oradan başlayaraq meşənin dərinliklərinə doğru aparan cığırlairəliləyər, könlünü-ruhunu təzələyərdi.

1973-cü ildə təhsil almaq üçün Bakıya gəldim. Qış tətillərinin birində kəndə gedəndə xəyalımda palıd ağacı ilə necə görüşəcəyimi, nar bağında necə dolaşacağımı düşünəndə ürəyim fərəhlə dolurdu. Lakin, sən saydığını say, gör fələk… əğstafurullah, kommunistlər nə sayır?