Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 42



        “Gecələr dayə Qrunya mənə nağıl danışardı. Xoş məramlı, mərhəmətli, ürəyə yatan xalq nağılları. Sonralar mən oxumağı öyrəndim və Puşkinin nağıllarını oxudum. Puşkinin dayəsi Arina Rodionovna haqqında bildim. Nağıla olan məhəbbətim bugün də mövcuddu. Mən, Disneyin bütün filmlərini toplamışam. Ushaqlıq marağım yetkinlik yaşında artıq fantastikaya çevrildi. Axı, fantastika özü də nağıldı…”.

       Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq Müslümlə bağlı bir çox maraqlı hadisələrin canlı iştirakçısı olarıq. Onun, babası Əbdül-Müslümdən yadigar qalan musiqi alətləri, əsasən də, skripka ilə olan rəftarı, nənəsi Baydagül xanımın sandığını açmaq istəməsi, onu tokla qorxutması, əmisi Cəmaləddinin xidməti tapançasını dolabdan götürüb məktəbə aparması, musiqi müəlliməsinin çantasından araq şüşəsini çıxartması və başqa bu kimi macəraları və ya minyətürvari hekayələri hər kəs üçün xoş bir xatirə, müğənninin uşaqlıq dövrünə kiçik bir səyahət kimi qəbul oluna bilər. O yazırdı:

        “Babamdan klarnet və skripka miras qalmışdı. Doğmalarım əvvəlcə mənim skripkada ifa etməyimi istəyirdilər. Mən, onda bildim ki, musiqinin sirlərini yenicə öyrənmək istəyən uşaq üçün skripka nə deməkdi. Skripka royal deyil ki, istədiyin toxmacığı və ya dili sıxasan, o da sənə səs versin. Skripkadan canlı səs əldə etmək üçün nə isə xüsusi hərəkət etməyi bacarmaq lazımdı. Əks halda yayı telə çəkməklə, sanki, mıxı şüşəyə sürtməkdən də, pis səs almaq olar”.

       Əgər, Müslüm Maqomayevin şəxsi etirafına arxalansaq, tam əminliklə onun uşaqlıq illərində sakit təbiətli olmadığını söyləyə bilərik. Mən, bunları onun babasından yadigar qalan skripkanın başına gətirdiyi oyunlarda, texniki oyuncaqları sındırmasında, həmçinin, bir çox başqa hərəkətlərində müşahidə etc. Atalar məsəlinə və yaşlıların dediklərinə istinad edərək belə bir qərara gəlmək olar ki, adətən dəcəl, nadinc və şuluq uşaqlar yaşa dolduqca pis vərdişlərini dəyişir, daha inamlı, daha bacarıqlı və daha istedadlı görünürlər. Görəsən müğənninin bu məsələyə münasibəti necə idi?

       O, yazırdı: “Yaxşı yadımdadı , hər elektrik-texniki xoşa gəlməyən iş üstündə məni yamanca danlayırdılar. Nənəm mənzildə hər hansı bir şeyi götürməyə cürət etmirdi, qorxurdu, elə bilirdi ki, mən nəyi isə düzgün birləşdirməmişəm, birdən onu tok vurar. Bir dəfə, məhz belə oldu. Bu, nənəmin metal çarpayıya toxunması zamanı baş verdi… Mənim uşaq marağımdan irəli gələrək skripka çox zərər çəkdi. Mən, ondan səs çığartmağa çalışırdım: qərara aldım ki, onun içinə baxım, görüm orda nə var, niyə skripka səs çıxarmaq istəmir?”.

       Müslümün Baydagül xanımın bəzəkli sandığı ilə bağlı maraqlı epizodu xatirələr kitabında işıqlandırması mənim çox xoşuma gəldi. Yəqin yaşca böyük insanlar mənimlə tamamilə razılaşarlar ki, vaxtılə hər bir azərbaycanlı ailəsində bəzəkli sandıq tapmaq mümkün idi. Məhz, məni güldürən, həm nənəmin, həm də Sözsüz ki, bu xatirələri təzələyən mülayım, o cümlədən doğma gülüş idi. Həmin sandıqlar nənələrimizin həyatında mühüm rol oynayırdı. Ən yaxşı və qiymətli əşyaları onlar ömürlərinin sonuna qədər həmin sandıqlarda qoruyub saxlayırdılar. Görəsən Müslümün nənəsi Baydagül xanım həmin güllü sandıqda hansı qiymətli və onun üçün əziz olan əşyaları qoruyub saxlayırdı?

       Müslüm xatirələrində yazırdı: “Babamdan yadigar qalan əşyalar arasında nədənsə nənəmin dəmir üzərində döymə üsulu ilə hazırlanmış və üç qıfılla bağlanan çox böyük, güllü və gözəl sandığı yadıma düşdü. Həmin sandıq məndə özünə qarşı həvəs, təsir, cazibə yaradırdı. Sanki, məni özünə cəkirdi. Mən, Baydagül nənəmdən soruşdum: Onun içində nə var? Cavab birmənalı oldu: Əhəmiyyətli heç nə.