Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 43



       Mən, ona inanmadım. Fikirləşdim ki, yəqin sandıqda sirli nə isə qorunub saxlanılır. Basqa cür olsaydı nənəm onu açardı və orda olanları mənə gostərərdi. Ancaq nənəm sandığın açarlarından ayrılmırdı: hətta, yatanda, uzananda, belə, onlar yanında olurdu. Bir dəfə özümü yuxuluğa vurub nənəmin otağı tərk etməsini gözlədim. O, otaqdan çıxan kimi cəld açarları götürüb hər üç qıfılı açdım. Açarları yerinə qoyub yenidən yatağımda uzandım . Nənəm otağa döndü, mən isə guya ki, yuxudan təzəcə durmuş kimi yuyunmağa getdim. Birdən nənəmin çığırtısını eşitdim: o, sandığın açıldığını və açarların mənim əlimdə olduğunu başa düşmüşdü. Məndə belə bir fikir formalaşdı ki, nənəm hər beş dəqiqədən bir sandığın qıfıllarını yoxlayır. Sandığın qapağını qaldırıb içəri baxmaq, orda nəyin olduğunu görmək mənə nəsib olmadı. Sirr, elə sirr olaraq qaldı.

       Balaca Müslümün hər şeyə maraq və meyl gostərən uşaq olduğunu mən, kitabda bir neçə yerdə qeyd etmişəm. Lakin bunların hər biri öz-özlüyündə o qədər maraqlı və müxtəlifdi ki, onlardan yan keçmək qeyri-mümkündü. Nəzərə alsam ki, söhbət tanınmış bir ailədən, ondan da artıq tanınmış bir şəxsdən gedir, onda məsələnin maraq dairəsini anlamaq çətinlik yaratmaz. Odur ki, burda sandıq qədər maraqlı, eyni zamanda təhlükəli mini bir hekayə danışmaq yerinə düşər. Ancaq, bu dəfə Baydagül nənənin dolabı haqqında.

        “Nənəmin bir dolabı var idi. Nənəm onu da qıfılla bağlyırdı. Bu, məndə dolaba olan maraq və həvəsi daha da artırırdı. Düşünürdüm ki, görəsən nənəm orda nə gizlədir? Bir gün nənəm pəncərənin pərdələrini açmaq üçün kətilin üstünə çıxır və ordan yıxılaraq qolunu sındırır. Nənəmi xəstəxanaya yerləşdirmək lazım gəlir. “Fəaliyyət” göstərməyim üçün geniş meydan açılır. Dolabı açanda gördüm ki, orda əmimın vəzifəsinə görə ona verilən xidməti tapanca var. Onu götürmüyə və məktəbə gətirməyə bilməzdim. Sinifdə başladım partanın altından doldurulmuş silahla şagird yoldaşlarımı qorxutmağa…”, -deyərək, -Müslüm vurğulayırdı.

       Yuxarıda qeyd etdim ki, Müslümə babasından skripka ilə bərabər, həm də klarnet yadigar qalmışdı. Skripkanın taleyinə aydınlıq gətirsək də, klarnetlə bağlı məsələ hələ də açıq qalırdı.

       Görəsən klarnetlə nə baş verdi və ya klarnet harda qaldı? Skripkadan fərqli olaraq klarnetlə hər şey yaxşı sonluqla yekunlaşır, o salamat qalır.

Maraqlı, həm də çox gülməli hadisə Müslümün musiqi müəlliməsi ilə arasında baş verən kiçik hekayət olur. O, yazırdı: “Skripkadan fərqli olaraq klarnetin taleyi nisbətən yaxşı oldu. Onu məndən qoruya bildilər. Mənim babamın yolu ilə getməyimi royal müəyyən etdi. Mənə pedaqoq tutdular. Yadımdadı, onu Valentina Kupsova deyə çağırırdılar. Ondan daima araq iyi gəlirdi. Müəllimənin çantasında həmişə araq şüşəsi olurdu. Demək olar ki, müəllimə mənimlə poeziya dilində danışırdı:

       Müslümcik ! Baxın klavirçikini mənə gətir.

       Mən Baxın “dalınca” gedirdim. Müəllimə isə bu zaman bir balaca alkoqol qəbul edirdi. Deyə bilərəm ki, mən onu sevmirdim. Birincisi, ona görə ki, ondan araq iyi gəlirdi. İkincisi, müəllimə həmişə evə tələsirdi. Mən isə, gözləyirdim ki, nə vaxt o, mənə barmağımı hara qoymağı öyrədəcəkdi”.

       Musiqi məktəbində vokal sinifinin olmaması, royal üzrə evə dəvət olunan repetitorun spirtli içkiyə meyl göstərməsi Müslümün gələcəkdə bir musiqiçi kimi yetişməsinə əməllibaşlı sipər ola bilərdi. Ancaq, uşaqda musiqiyə olan həvəs və istedad onun gələcəyini müəyyən etməkdə böyük və mühüm rol oynamışdı.