Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 45



       Söhbətin bu yerində reallıqdan çıxış edərək, Müslümün söylədiyi “…ədəbli, əxlaqlı, nəzakətli ailə başçısı rolunda çıxış etməyimə şəxsi xüsusiyyətim imkan vermirdi” fikrini, “ məşhurluq başımı xarab etmişdi, şəxsi iradəm isə bunun üçün yetərli deyildi” cümləsi ilə əvəzləyə bilərik. Fikrimcə, bu, daha dolğun və daha haqlı olardı.

       1963-cü ilin mart ayında mətbuat orqanlarının səhifələrində, Azərbaycandan gələn artistlərin möhtəşəm çıxışı haqqında “Sovet İttifaqı Teleqraf Agentliyi”nın (SİTA-nın) xüsusi informasiyası yerləşdirilir. Həmin informasiyada deyilirdi:

        “Ən böyük, -demək olar ki, -fövqəladə uğur Müslüm Maqomayevə qismət oldu. Onun təkrarolunmaz vokal keyfiyyətləri, parlaq texnikası bunları deməyə əsas verir. Əminliklə qeyd etmək olar ki, operaya çox istedadlı, qabiliyyətli, zəkalı gənc artist gəlir”.

       Həmin zaman mərkəzi mətbuat həmyerlimizin çıxışına çox fəal və effektiv reaksiya gostərirdi. Maraqlı idi ki, böyük həvəs, coşqu və fərəhlə müğənninin ifasını təhlil edən “Qurultaylar Sarayı”nın biletsatanları konsert proqramlarının üzərinə öz “fikir, rəy və resenziya”larını bu cür yazırdılar:

        “Biz biletsatanlar möhtəşəm zalda sizin uğurunuza, tamaşaçıların sevinc və fərəhinə çox sevinirik və şadlanırıq. Ümid edirik ki, sizin və sizin Fiqaronun səsini bir də bizim səhnədə eşidəcəyik. Böyük gəmiyə-böyük ugurlar”.

       Bununla da, Moskvada keçirilən Azərbaycan dekadasına, sözün böyük və həqiqi mənasında, yaxşı və iri bir əla yazmaq və ya nöqtə qoymaq olardı. Lakin bunun Müslümə heç bir dəxli yox idi. Çünki müğənninin zəfər yolu indən sonra başlayırdı. Bu cür, əks-sədadan, təəssüratdan sonra paytaxt Moskvanın Müslümü Azərbaycana buraxacağı bir o qədər real görünmürdü. Çünki Maqomayev artıq Moskvanı, moskvalıları, daha doğrusu, Kremli öz ecazkar səsi ilə məftun etmişdi. Məhz, dekadadan sonra ona ilk və davamlı təkliflər gəlməyə başladı.

       Bundan sonra həyat öz axarı ilə gedir, müğənni tez-tez nəyi isə birinci etməli olur: SSRİ-də yeganə və məşhur olan “Melodiya” firmasının studiyasında simfonik orkestrin müşayiəti ilə opera ariyaları yazılmağa başlayır. Həmişə oldugu kimi orkestrə mayestro Niyazi rəhbərlik edirdi. İlk dəfə olaraq səs rejissoru V.Babuşkinin nəzarəti ilə rəqəmsal yazı metodu həyata keçirilir.

       Artıq həmin ilin payızında, daha dəqiq demiş olsaq, noyabr ayının 10-da çoxsaylı Müslüm sevərlər Moskva filarmoniyasına axışırlar. Müğənniyə yalnız sonra məlum olur ki, onun konsertinə baxmaq istəyənlərin sayı həddindən çox olduğu üçün pərəstişkarlar vestibülün giriş qapısını yerindənıxartmlar. Tamaşaçıların çox olduğunu Müslüm səhnədə mahnı oxuyarkən hiss edir. O, görür ki, zalda anşlaqdır , keçidlər doludu , musiqisevərlər ayaq üstə onu dinləyir və alqışlayırlar. Bundan böyük zövq alan müğənni belə bir anşlağın olacağını, təsəvvürünə, belə, gətirə bilməzdi.

       Bu məqamda, tarixi bir faktı qeyd etməsəm Müslümün ruhu məni bağışlamaz. Konsertin proqramında Bax, Gendel, Motsart, Rossini, Şubert, Çaykovski, Raxmaninovun və Hacıbəylinin cəmisi 16 əsəri oxunmalı idi. Ancaq müğənni onların sayını 23-ə qədər qaldıra bilir. Əgər belə demək mümkünsə, Müslümün çox sevdiyi fantastika janrı, məhz səhnədə öz real təzahürünü tapır. Bu, fikiri söyləməklə, yanlışlığa yol vermiş olmaram, əksinə, həqiqəti təsdiq edərəm. Hələ bunlar azmış kimi müğənni nəzərdə tutulmayan üçüncü hissədə, italiyan və müasir estrada mahnıları ifa etməyə başlayır. Baxmayaraq ki, texniki xidmət səhnənin işıqlarını söndürmüşdü, ancaq pərəstişkarlardan ibarət böyük kütlə, avantüra zalı tərk etmək istəmirdi. Bax, elə bu zaman Müslüm royalın arxasında əyləşir və estrada başlayır: “Come prima”, “Guarda che Luna”, tvist, Andriano Çelentano, “İyirmi dörd min öpüş” və s. mahnılar bir-birini əvəz edir.