Nar çubuğu - страница 2



– Bax, bu ərizə şəhər sovetinin sədri cənabınadı – boz binanın sakinləri adından, – deyə Muxtar kişi izahat verməyə başladı. – Yazıb xahiş edirik ki, aşağıda – dəmir yolun qırağında məskunlaşmış məcburi köçkünlərin evlərinə gedən yolun yerini dəyişin, bizim binanın qabağından gedib-gəlməsinlər. İki qonşu binanın sakinləri də bizə qoşulacaqlar. Kənd adamıdırlar, yerişlərini-duruşlarını bilmirlər. Zibillərini də gətirib bizim binanın sakinləri üçün nəzərdə tutulmuş məişət tullantıları qablarına atırlar. Biz bu xoşagəlməzliklərə çoxmu dözməliyik?

Ərizəni tələmtələsik gözdən keçirdim. Muxtar kişi dediyi kimi, hər şeyi təfsilatı ilə yazmışdı, hələ beş də üstünə qoymuşdu. Sonda da belə bir qeyd etmişdi: "Artıq dərəcədə xahiş edirik, yolun yerini dəyişdirəsiniz, biz aşağıda imza edənlər bu biabırçılığa daha dözə bilmərik…".

– Muxtar kişi, bəs niyə təklif vermirsiniz? Demirsiniz ki, yolu hara dəyişmək olar? – Soruşdum və özüm də fikirləşə-fikirləşə qaldım, gerçəkdən yolu hansı tərəfə dəyişmək olardı.

Məncə, yolu dəyişmək mümkünsüzdü. Binanın sol tərəfindən məhəlləyə gedən yol hansısa idarə tərəfindən tutulmuşdu, hündür hasar lap dəmir yolun qırağınadək çəkilmişdi. Sağ tərəfdən də bizdən sonrakı iki bina qurtaran yerdə başqa bir qaraj ərazini tutmuşdu, orda da iritonnajlı maşınlar saxlanılır, həm də təmir-xidmət işləri həyata keçirilirdi. Oradan da yol salmaq mümkün deyildi.

– Mənə nə var! Hara dəyişəcəklər, qoy dəyişsinlər.

– Gəlin, öz aramızda elə-belə götür-qoy edək, – deyə təklif verdim.

– Onlar vəzifədə oturublar, qoy onlar da başlarını işlətsinlər.

– İmzaya bir söz demirəm, qol çəkirəm, ancaq əhəmiyyət verməyəcəklər.

– Daha bir ərizə var. – Muxtar kişi qovluqdan başqa bir ərizə də çıxartdı. – Buyurun, bunu da oxuyun.

Ərizədə yazılmışdı: "Filan şəhərin mənzil-istismar idarəsinin rəisinə. Biz, aşağıda imza edən boz binanın sakinləri, xahiş edirik ki, məişət tullantıları üçün nəzərdə tutulmuş zibilqablarını bizim binanın yanından yığışdırasınız və yüz metr aralıda bir yerə qoyasınız. Belə ki…".

Muxtar kişi milçək yığıntısından, it toplantısından, zibil eşənlərin hay-küyündən, tullantı çörəkləri toyuq-cücə üçün götürənlərin bir-birlərilə dava-dalaşından; bir sözlə, hər şeydən təfsilatı ilə yazmış və binada yaşayan elit təbəqənin firavanlığı naminə vəzifədə olan bir aristokrat kimi bu addımı atacağınıza ümidvar olduqlarını xüsusilə vurğulamışdı…

– Necədir? – Ərizəni oxuyanda gülümsədiyimi görüb Muxtar kişi də güldü. – Sən hələ Muxtar dayını tanımırsan. Muxtar dayınız olmazdı burda, zibil içində itib-batardılar.

Üz vermək istəmədim, ciddiləşdim. Üz versəydim, bir az da xoş sifət göstərsəydim çıxıb getməyəcəkdi, bəlkə çay da istəyəcəkdi.

Odur ki, Muxtar kişidən zibilqablarını hara aparıb qoya biləcəkləri yeri soruşmadım, əhəmiyyətsiz bildim. Özlüyümdə təsəvvür etdim ki, hardasa, yüz metr məsafəyə aparıblar. Biz də boz binanın sakinləri əlimizdə zibil torbaları, vedrələri, korobkaları şəhərin arası ilə hər gün o qutuların yanına gedib-gəlirik. Üç binanın hərəsində yüz doxsan ailə… Bir sözlə… zibil karvanı…

– Mənzilin nömrəsi yazılan cərgədə vəsiqənin nömrəsini qeyd elə və imzala. – Muxtar kişi buyurdu.

Ərizənin arxasında və əlavə olunmuş vərəqdə çoxlu imza vardı. Əlimin içi kimi bilirdim ki, boş şeydi, nə yolun yerini dəyişəcəklər, nə də zibilqablarını yüz metrlik məsafəyə aparacaqlar. Bununla belə, qocanın xətrinə dəymək istəmədim, əziyyət çəkib ərizə yazmışdı, qapı-qapı düşüb mənim kimi inadkarlarla mübahisə edə-edə imzalatmışdı. Təqaüdçü adamdı, özü də tək yaşayırdı, bir işlə məşğul olmalıydı, ya yox…