Nar çubuğu - страница 4
Sovetlər vaxtı çoxlarının yuxarıdan aşağı baxdığı özbəklər də xüsusi fəallıqları ilə seçilir, bazaya canıyananlıq göstərirlər. Onlardän ikisi şefın ən yaxın etibarlı adamına çevrilib. Biri bazanın içində fəaliyyət göstərir, digəri isə bazanın kənarında dolaşır. Əlli, yüz addım məsafədən bir it keçsə belə, şefın ondan da xəbəri olmalıdı.
Xülasə, hər kəs başını aşağı salıb şefın müəyyənləşdirdiyi qaydada öz işi ib məşğul olur. Mən kassaya baxıram, o birilər də öz işlərinə. Bəzən bütün günü başıını qaldırmağa vaxtım olmur. Çox nadir hallarda ortada boşluq yaranır. Belə günlərin birində bazanın kənarında fəaliyyət göstərən özbək Vaxob təngənəfəs qaçıb yanıma gəldi.
–Çöldə bir kişi var, səninlə maraqlanır. Ucaboy, heyvərənin biridir, saçları da dümağ, pambıq kimidir. Deyir həmyerlindir. – Vaxob bunları birnəfəsə üyüdüb tökdü.
–Day çöldə niyə qabağını kəsib saxlamısan? – Yarızarafat, yarıciddi Vaxoba acıqlandım. – Madam ki, bazanın giriş qapısınacan gəlib, deməli, buranı tanıyır. Həmyerlim olduğunu söyləyir, qoy, içəri keçsin.
Doğrusu, hərdən həmyerlilər üçün darıxırdım. İş-ev, ev-iş başımı elə qatırdı ki, bir də görürdün ayınan bir azərbaycanlı ilə qarşılaşmırsan. Adamın burnunun ucu göynəyir həmyerlisini görmək, öz ana dilində beş-on kəlmə danışmaq üçün…
–Yox e… – Vaxob oğurluq üstündə tutulmuş adamlar kimi udqundu, çeçələdi. – Belə… birtəhər adamdı. Tez-tez ora-bura boylanır, vurnuxur, nəsə narahat adama oxşuyur. Ona görə qaçıb gəldim ki, xəbər verəm.
–Nətəri adam olur-olsun, burax, gəlsin. Sən heç narahat olma. Əgər bir şey baş versə də, qorxma, Murad burdadı. – Çeçenlərin, həm də mühafızənin böyüyünün adı Murad idi, onu nəzərdə tuturdum.
Vaxob çıxdı. Bir az keçmiş həmyerlim gəldi. Vaxob dediyi kimi ucaboy yekəpərin biriydi, yoğun olmasa da dolubədəndi. Saçları ağappaq ağarmışdı, müharibə vaxtı yığılmadığından tarlalarda qalıb bozumtul-ağımtıl rəng alan Beyləqan pambığına oxşayırdı, sifətində qırışlar əmələ gəlmişdi, ciddi görkomi vardı. Boylu-bııxunluydu; ya idmançıydı, ya da sistem adamıydı, mənim nəzərimcə…
–Zdorov! – Məni rusca salamladı, əl tutub görüşdük. – Kto xozyain?
Mənə maraqlı göründü. Mənim adıma, mənim yanıma gəlibsə, xozeynu neynir?
–Nc vajno. – Astadan cavab verdim, şef özü belə tapşırmışdı, “hər şeyə görə məni narahat etməyin, yola verin, getsin”, demişdi. – Nə lazımdı, mənə deyin.
Bundan sonra daha heç nə demədi. Vitrinlərin, polkaların arası ilə bir xeyli gəzdi, qiymətlərə baxdı. Sonra xırım-xırda şeylər; ketçup, siqaret, südlü sosiska, cem, mayanez və başqa tez-tez tələb olunan ərzaqlardan götürdü. Karzinə yığıb kassaya yaxınlaşdı.
–Posçitay! – dedi.
Ərzaqları bir-bir götürüb qiymətlərinə baxdım, kassa aparatına vurub hesabladım. Çek çıxardıb təqdim etdim.
–Sizdə qiymətlər münasibdir, başqa yerlərə baxmış nisbətən ucuzdu. – Bunu da rusca dedi və aldıqlarının pulunu ödədi.
Pulun qalığını qaytardım. Alıb cibinə qoydu və çıxıb getmək istədi. Hörmət əlaməti olaraq mən də onunla çıxdım ki, qapıdan yola salım, getsin.
–Xətrinə dəyib-eliyən yoxdur ki? – Çöldə bunu soruşdu.
–Yox! Yaxşılıqdı. Çoxdan burdayam. Alışmışam. Hamı da tanıyır.
–Varsa, de, çəkinmə. – İsrarla soruşdu. – İstəyirsən, şefin telefonunu ver, bu dəqiqə zəng vurub tapşırım…
–Ehtiyac yoxdur. – Gülümsündüm ki, arxayın olsun. – Münasibətimiz yaxşıdır. Təşəkkür edirəm.
–Bax də… Bura Moskvadır, yetim-yesir yeri deyil. Diribaş olmaq lazımdır. Fağır olarsan, başına qapaz vurub çörəyini əlindən alarlar. – dedi.