Adəmin lüğəti - страница 4
Bir şüşə arağı dibinə kimi boşaldıb, ayılanda Moskva-Bakı qatarının plaskart kupesində idi. Qatar Yalamanı keçmişdi. Heç bilmirdi, getsin, ya geri dönsün, deyəsən, indi elə də fərqi yox idi…
Ata-anası çoxdan rəhmətə getmişdi. Yeganə qardaşı Vladivastokda miçman idi. Kimsəsiz evlərinin qarşısında dayanıb nəyisə xatırlamağa çalışır, amma ruhunda heç bir səs, heç bir hənir duymurdu. Xatirələr də onu tərk etmişdi. Qonşulardan biri onu güclə tanıdı, hasardan aşıb həyət qapısını açdı ki, küçədə qalmasın.
Bayaqdan susqun qalıb qonşunun suallarına cavab vermək istəməyən Mədinə birdən sanki ən vacib şeyi xatırlayıbmış kimi soruşdu:
–Uşaqlar məktəbə yenə də ərik bağından keçib gedirlər?
Qonşu bu an dünyanın ən mənasız sualını verən Mədinəyə təəccüblə baxdı:
–Yox, ay qız, indiyə ərik bağı qalar?! Ağacları kəsib bağı camaata ev yeri kimi payladılar…
Hələ qatarda Mədinənin başında dəli bir həvəs oyanmışdı, təkcə o ərik bağını yenidən görmək istəyirdi – başqa heç nəyi, heç kəsi. Qonşunun sözündən sonra Mədinənin kədərli üzündə zorla sezilən təbəssümün kölgəsi dolandı. Qonşu gözünü onun nə ifadə etdiyi bəlli olmayan üzündən çəkmədən “bağın yerində təzə məktəb, bir də prokurorluq binası da tikiblər” dedi.
Qonşunu yola salan Mədinə illər öncə onun olan pəncərə önündəki çarpayısına yaxınlaşdı. Heç nə dəyişməmişdi. Həmin köhnə, bir yanı əyilmiş çarpayıya üzüüstə sərildi. Bu çarpayını çox sevərdi. Hər gecə yuxusunda ərik bağını görürdü. Bəlkə də, yuxu deyil, xəyal idi: ağaclar çiçək açardı, o isə Vasiflə əl-ələ ağacların arası ilə məktəbə gedərdi… Məktəbdə isə Vasiflə Amaliyanın bir-birinə uzaqdan təbəssümü onun ərik çiçəyi rəngindəki bütün xəyallarını alt-üst edirdi.
Ertəsi gün Mədinə ayaqlarını sürüyə-sürüyə bir vaxtlar ərik bağının olduğu tərəfə yollandı. Qonşunun dediklərinə rəğmən əmindi ki, gedib bağı yerində görəcək. Bağdan isə əsər-əlamət yox idi, yalnız fərdi yaşayış evləri və inzibati binalar. Mədinənin gözü o bağdan qalmış heç olmasa tək bir ərik ağacı axtardı. Yeni çəkilmiş yolun o biri tərəfində balaca bir ağac gözünə dəydi. Sağa-sola şütüyən maşınların arasından yolu keçməyə çalışırdı. Məhv olmuş bağın son işartısından soruşacağı çox şey vardı.
Prokurorun xidməti maşını ana yola çıxanda yol keçən qadını görən sürücü əyləci basıb maşını durdurdu. Özünü itirmiş qadın yerə uzandı. Prokuror maşından düşüb sürücüsünə “-Tez ol, dikəlt onu” dedi. Gənc sürücü Mədinənin qolundan tutub ayağa qaldırdı: “Xala, əzilməmisən ki?”
Uzun müddət alkoqol istifadəçisi olan Mədinə sürücüyə cavab vermədən dumanlı gözlərini prokurorun üzünə dikdi, bir neçə an səssizcə baxıb yenə bir söz demədən çevrilib getdi. Prokuror bu boz-bulanıq gözləri nə vaxtsa görmüşdü, amma yada sala bilmirdi. Bir xeyli aşa-aşa gedən qadının arxasınca baxıb maşına əyləşdi: “Gedək”.
Prokuror həyatındakı bütün boz xatirələr kimi bu gözlərin sahibini də həmişəlik unutmuşdu. Amma rayon prokurorunun ərik ağacının çiçəklərindən boylanan dumduru gözlərinin Vasifə aid olduğunu Mədinə dərhal anlamışdı…
Həvva
Sevib sevilənlər Allahın da sevdikləridir…
İllərin yaddaşı hopmuş, daşları artıq qaralmış, köhnə qotik binanın fasadını xatırlatsa da, məscidlərin minarələri hələ sökülməmiş məhəllələrdə, göydələnlərin arasından şəhər uca və əzəmətli görünürdü. Özündə hər əsrdən bir nişanə daşıyan bu qədim şəhərə ilk gündən bu yana yeganə şahidlik edən isə mavi dənizdi…