Читать онлайн Vahid Məmmədli - Şəhrizad
1
Qırmızı faciə Bakıya yaxınlaşmışdı. Bolşeviklər qədim şəhəri işğal etdilər. Qara buludlar Qarabağa doğru irəliləyirdi… Paytaxtdan sonra əyalətlərə üz tutan gözüqanlılar Şoranlını keçmişdilər…
Əmiraslan bəy Haqverdiyev Amanbəylidəki mülkündə idi. Qışı-yazı burda qalır, yayda Şuşadakı mülklərinə köç edirdilər. Tərtər çayının Kürə qovuşduğu, ada adlanan ərazidə yerləşən Amanbəylidən başqa ətraf bölgələrdə də xeyli torpaq sahələri, mülkləri, mal-qarası vardı Əmiraslan bəyin…
Ölkədə quruluş dəyişir, proletar üsul-idarəsi öz diktaturasını qururdu. Bəzi tacirlərdən başqa heç kim yurdunu tərk etmirdi…
Gələn xəbərlər isə qorxunc idi. Qırmızılar müqavimət göstərənləri qılıncdan keçirirdilər…
Əmiraslan bəy təmkinlə hadisələrin gedişatını gözləsə də narahat idi… Altı dəliqanlı oğlu sonbeşiyi, dünyalar gözəli, qızı Şəhrizadı necə qoruyacaqdı…
Bolşeviklər qız-gəlinlə pis rəftar etsələr oğlanlarını saxlaya bilməyəcəkdi.
Gözəlliyi dillərdə əzbər olan Şəhrizadı bir dəfə görən yenidən görmək üçün həyatını verərdi. Əmisi Ziyanın oğlu Talıb ilə nişanlansalar da qardaşları Şəhrizadı göz bəbəyi kimi qoruyurdular.
Günorta üstü Talıb bəy təşrif buyurdu:
– Dədəm deyir ki, onsuz da yaylağa gəlməyin vaxtı çatıb.
Gəlməyinizi istəyir. Şuşa hələ ki, təhlükəsizdir. Həm də ki, bir yerdə sonrakı addımlarımıza qərar verərik.
Əmiraslan bəy kiçik qardaşı Əkbər bəyə göstəriş verdi:
– Sən burda qal. Kəndlilərdən, nökər-qaravaşdan muğayat ol. Onları
başsız qoymayaq. Ara səngisin, biz də qayıdarıq…
Artıq köç hazırlanırdı. Sübh tezdən yola düşəcəkdilər…
Mehtər oğlu İsmayıl ilxının ən gözəl atını Şəhrizada saxlamışdı. Bu atın Qarabağda ən gözəl at olacağını hələ dayça vaxtından hiss etmişdi. O zamandan da özünə söz vermişdi ki, bu at Şəhrizadın olmalıdır…
Bunun da səbəbi vardı… Şəhrizada aşiqdi… Bu sevgisinin nə qədər imkansız olduğunu bilsə də özü ilə bacarmırdı. Qızın Talıb bəyə nişanlı olduğunu bilə-bilə onu xəyalından çıxara bilmirdi…
Sədaqətlə xidmət edib səcdə etdiyi bəyinin qarşısında özünü günahkar bilirdi. Başqasının nişanlısı, öz bəyinin qızı barədə fikirləşməyi belə günah sayırdı.
Bu atı sevgi ilə böyütmüşdü. Əmiraslan bəyin oğlanları bu atı görcək, – Nə gözəl atdır, kimindir? – deyə xəbər aldıqlarında, – bu at Şəhrizadındır, – dedi.
Qardaşlar da Şəhrizadın adı gələndə geri çəkildilər. Ən gözəl nə vardısa Şəhrizadın olmalı idi…
Altı qardaşdan sonra dünyaya gəldiyindən onların təsiri altında gözəl at minir, qorxmazlığı ilə qardaşlarından geri qalmırdı Şəhrizad…
Əmiraslan bəyin ailəsi, nökər-qaravaş hamısı at belində idi. Öndə Əmiraslan bəy və oğlanları, nişanlısı Talıb bəylə birgə Şəhrizadı dövrəyə alıb irəliləyirdilər. Zil qara, ağ qaşqalı Qarabağ atının belində Şəhrizad daha da cazibədar görünürdü.
Xeyli irəlilədiklərindən bir qədər dincəlməyə qərar verdilər. Nökərlər səhənglərdən parçlara su doldurub, bəylərə, qız-gəlinlərə uzadırdılar.
Arxadan at ayaqlarının səsləri gəldi. Hər kəs, səs gələn tərəfə boylandı. Mehtər oğlu İsmayıl göründü. Atını çapıb onlara yaxınlaşdı. Təşviş və təlaşla dedi:
– Bəy bolşeviklər kəndə girdilər. Muzdur Hüseynqulunun oğlu Qüdsi
onların arasındadır. Kənd əhlini divara düzüb sizin hara üz tutduğunuzu soruşdular. Bizimkilərdən cavab verən olmadı. Onda Qüdsi dedi ki, "Ə, məni tanımırsınız? Qüdsiyəm də". – Dədəm Qüdsinin üzünə tüpürüb, "Qüdsisənsə bu şərəfsizləri bura niyə gətirmisən? Dədən sağ olsaydı bağrı çatlardı", – dedi. Onlardan biri atamı güllələdi. Əkbər bəy məni göndərdi ki, sizə xəbər verim.
Əmiraslan bəy, təmkinli görünsə də, atı sanki İsmayılın sözlərindən qeyzlənib şahə qalxdı:
– Bizimlə gəl, Allah atana rəhmət eləsin. Əkbərgil onu torpağa tapşırarlar …
Atını mahmızlayan Əmiraslan bəy işarə etdi ki, yollarına davam
etsinlər. Lakin atların kişnərtisi, ayaq səsləri yaxınlaşırdı…
On-on beş nəfərlik qızıl ordu dəstəsi onları dövrəyə aldı. Bolşeviklər arasında muzdur Hüseynqulunun oğlu Qüdsini görüb tanıyan Əmiraslan bəy dilləndi:
– Nədi, gəlmisən sağ ol deyəsən?
– Bəy vaxtı çatanda sağ ol deməyi də bacarırıq.
– Nədi? Hələ vaxtı çatmayıb?
Bu zaman Qüdsinin yanında dayanmış bolşevik komandir əlini qaldırıb barmağını Şəhrizada tərəf uzatdı və Qüdsiyə sakit səslə, "bu qız kimdir?" – dedi.
Qüdsi qırmızı komandirin sualına cavab verməyə macal tapmamış Talıb bəy tüfəngini çəkib atəş açdı. Qırmızı komandir atından yerə sərildi. Atışma başlandı. Qüdsi göyə atəş açıb hər iki tərəfi sakitləşdirmək istəsə də, güllələr səngimirdi. Ağacların arxasından Əmiraslan bəyin səsi gəldi:
– Talıb Şəhrizadı da götür, gedin Şuşaya, – dedi və kiçik oğlu Məmmədrəsula səsləndi ki, – arvad-uşağı, nökər-qaravaşı Kürün qırağına apar. Biz bunları durdurarıq…
…Atışma səsləri getdikcə azalırdı. Ağacın arxasında gizlənən Qüdsi Əmiraslan bəyi səslədi:
– Bəy, bir mən qalmışam. Bax, silahı atıb çıxıram.
Əmiraslan bəy oğlanlarına səsləndi:
– Güllə atmayın. Görək hələ bu nə deyir.
Oğlanlarından səs çıxmayan Əmiraslan bəy adbaad oğlanlarını
çağırdı: – Abbasqulu, Allahyar, İmamyar, Ramazan, Hüseyn…
Amma oğlanlarından səs gəlmədiyini görən Əmiraslan bəy yaşıl otlu təpənin arxasına doğru addımladı.
Bu vaxt göz yaşlarını silərək onun önünə çıxan İsmayıl:
– Ağa, haqqın dərgahına qovuşdular… – deyib, hönkürdü.
Sarsıntıdan səndirləyən Əmiraslan bəy irəli addım atmaq istəyirdi
ki, arxadan atılan güllələr onu kürəyindən tutdu.
Yaralanmış bolşeviklərdən biri ölüm ayağında onu vurmağa macal tapdı. Qüdsi İsmayılın arxası üstə uzatdığı Əmiraslan bəyə doğru qaçdı:
– Bəy axı Talıb niyə belə etdi. Qırmızı komandır Şəhrizadın kimliyini soruşdu. Məgər mən imkan verərdim ki, kimsə Şəhrizada artıq söz desin. Heç qan da tökülməzdi.
– Sən artıq sağ olunu dedin. Məgər mən səni bunun üçün oxumağa göndərmişdim? – deyib Əmiraslan bəy gözlərini yumdu.
Qüdsi: – İsmayıl, çap kəndə. Əkbər bəyə de, adam göndərsin, meyitləri gəlib aparsınlar, – dedi.
Qüdsi özü də kəndə getmək istəsə də bilirdi ki, Əkbər bəy qardaşı
və oğullarının ölümünü ona bağışlamayacaqdı…
Qüdsi Məmmədrəsulun ölənlər arasında olmadığını görüb bildi ki, o ölməyib. İndi lap təlaşlandı. Məmmədrəsul Əmiraslan bəyin oğullarından ən dəliqanlısı idi. Qisasını Qüdsidən alacaqdı…
***
Fövqəladə Komissiyanın sədri Mircəfər Bağırovun kabinetində
ikisi idi:
– Yoldaş Hacıyev, Kirov maraqlanır ki, iki gün əvvəl baş vermiş hadisənin səbəbi nədir? İnqilabçı silahdaşlarımızın qətlə yetirilməsi azğınlıqdır…
Qüdsi Hacıyev qanlı olaylardan sonra Bakıya qayıdarkən yol boyu bilirdi ki, Bakıda bu suallar ona hələ çox veriləcək. Əsas sual da bu olacaqdı ki, bəs sən niyə sağ qaldın…
Əmiraslan bəy Haqverdiyev onu, adi muzdur oğlunu təhsil almağa göndərdiyindən, bu xeyirxah bəyə ehtiramı vardı. Əslində indi ölkə rəhbərlərindən biri olmasına görə də dolayısı olaraq Əmiraslan bəyə borclu idi. O qanlı olayda Əmiraslan və oğlanları ona tərəf bir güllə də atmamışdılar…
– Yoldaş Bağırov, qırmızı komandirlərə təlimat verilməlidir ki, onlar da
əsgərləri məlumatlandırsınlar. Qız-gəlin, ana-bacı söhbətlərində bu millətlə ehtiyatlı davransınlar…
– Qüdsi, mən səni çoxdan tanımasaydım yəqin ki, indi üzbəüz oturmazdıq. Mən Kirova lazımi qaydada məruzə edəcəm. Amma sən də ehtiyatlı ol. Deyirlər ki, qovğanı başlayan əsas adam da qaçıb…
Qüdsinin başqa yolu yox idi. Ömrü boyu Şəhrizadı sevmişdi. İndi desəydi ki, qırmızı komandiri Talıb vurdu, Şəhrizad da, el-oba da onu ömrü boyu bağışlamayacaqdı. Hamı düşünəcəkdi ki, Qüdsi Şəhrizada görə Talıbı gedər-gəlməzə göndərir, Talıbı inqilab cəlladlarına təslim etməklə Şəhrizada yiyələnmək istəyir…
– Yox, yoldaş Bağırov. Qırmızı komandiri vuran da, gülləbaranı
başlayan da Əmiraslan bəyin kiçik oğlu Məmmədrəsul idi. Hansı ki, qaçıb. Harda olduğu da bəlli deyil…
Bağırov razılaşmaq məcburiyyətində qaldı:
– Oldu, yoldaş Hacıyev. Hər halda Qarabağ revkomuna və fövqəladə
komissiyasına tapşırıq verəcəyik ki, quldur Məmmədrəsul Haqverdiyevi tapıb məhv etsinlər…
2
Ziya bəy ölüm yatağında idi. Arvadı Hurinisə onun yanında göz yaşlarına hakim ola bilmirdi. Var-dövlətinin əlindən çıxması Ziya bəyə o qədər təsir etmirdi. Onu ölüm yatağına salan qardaşı Əmiraslanın və oğullarının qətlə yetirilməsi idi. Neçə vaxtdan bəri Hurinisə xanım Talıb və Şəhrizadı da götürüb Arazın o tayına keçmələrini israr etsə də, ata-oğul bu barədə eşitmək belə istəmirdilər:
– Bu gözəl yurdu, babalarımızın qəbirlərini atıb hara gedə bilərik? Ondansa başımıza bir güllə çaxmaq daha şərəflidir.
Talıb bəy həm də onu deyirdi ki, – Ana, qürbət bizi qəbul edər… Amma süddənyanıq quzular kimi gözümüz daim bu tərəfdə qalar, könlümüz də od tutar… Quruluş dəyişib, var-dövlətimiz gedib, amma bəyliyimiz gedə bilməz, ana…
Oğlu Talıba görə qorxu keçirən Hürinisə xanım hər gün, hər an düşünürdü ki, gözünün ağı-qarası olan ciyərparasını gəlib aparacaqlar. Qırmızı komandirin ölümünü Talıb bəyə bu hökumət bağışlamayacaq. Geci-tezi vardı…
Ziya bəy oğlunu və gəlinini yanında görmək istədi. Şəhrizad baş vermiş olaylardan sonra neçə gün idi ki, iştahadan da kəsilmiş, üzüntüsü səngimək bilmirdi. O bir an öncə Amanbəyliyə qayıtmaq istəyirdi. Ata-anasının, qardaşlarının qəbrini ziyarət etməklə təskinlik tapa bilərdi. İndi əmisi Ziyanı da ölüm yatağında görməsi onun son ümidini də alt-üst edirdi. Dünyalar gözəlinin xoşbəxt və qayğısız günləri başa çatmışdı. Bir daha üzü güləcəyinə inanmırdı Şəhrizad… Yeganə sağ qalmış qardaşı Məmmədrəsul üçün dua edirdi. Məmmədrəsulun isə nə öldüsü, nə də qaldısı bəlli idi…
…Ziya bəyin yasının üçüncü günü Talıb qərar verdi. Şəhrizadın gündən-günə əriyən vücuduna sadəcə baxıb üzülməklə sevgilisinə yardım edə bilmirdi. Nəyin bahasına olursa-olsun Amanbəyliyə qayıtmalıydılar. Ata yurdu Şəhrizadın yaralarını bəlkə də bir qədər ovudardı…
***
Atlılar Soltanbud meşəsinin ən qalın yerində dayandılar. Öndə gedən Məmmədrəsul bəy atını durdurub başlarını bir-birinə söykəmiş beş çinar gördü. Bu çinarların budaqları qol-boyun olub bir-birinə sarılmışdı. Yarpaqlar yuxarıda cərgələnib birləşərək çətirlənmiş, bu çətirin altında sərin kölgəlik yaratmışdı.
Atını ağacların ortasına sürdü. Yolçular da atdan enib çətirin altında özlərinə yer elədilər. Məmmədrəsul bəy başını qaldırıb ağacları süzdü. Aman Allah, bu beş çinar neçə gün əvvəl qətlə yetirilən qardaşları idi. Ağaca çevrilib baş-başa verərək, kiçik qardaşları Məmmədrəsulu günəşin qızmar şəfəqlərindən qorumağa çalışırdılar. Yanındakılar görməsin deyə içində ağlayan Məmmədrəsul əllərini başının altında cütləyib yuxarı, yamyaşıl yarpaqlara baxdı…
Yeni hökumətdən narazı olan daha dörd bəy oğlu da ona qoşulmuşdu. Hər zaman qu quşu tükündən olan döşəklərdə yatan bəylər qərar vermişdilər, ətraflarına daha çox insan toplayıb bolşevik hökuməti ilə mübarizə aparacaqdılar. Onların qaçaq həyatı başlamışdı. Bu dəstənin başında duran Məmmədrəsul bəyin fikri qəti idi. "Bacımızı Qüdsiyə vermədik deyə bizdən qisas aldı. Atamın, qardaşlarımın ölümünə o bais oldu. Nədən o bolşevikləri birbaşa bizim kəndimizə gətirdi… Qüdsini öldürüb qisasını almayınca mənim məskənim bu meşələr olacaq…"
Fərrux Kürün qarşı sahilindən, “quru” bəylərin nəslindən idi… Fərruxu bu kəndə məktəb qurmağa göndərmişdilər. Realnı məktəbdə oxuduğu vaxtlardan bolşeviklərə qoşulan Fərrux əslində Bakıdan bu kəndə göndərilməsindən narazı idi. Amanbəyli adındakı “bəy” kəlməsini də özünə qarşı yönəlmiş söyüş kimi hiss edirdi.