Şəhrizad - страница 5



– Şükür ki, Hümbət tapıldı. Day dağılışın evinizə, – deyən Sibir

Qəzənfər Hümbətə səsləndi, – Talıba de yanıma gəlsin.

Talıb hər dəfə kənd sovetinin binasını görəndə dünya onun başına

fırlanırdı. Çünki onların evini kənd sovetinə, Əmiraslan bəyin evini isə məktəbə vermişdilər.

İndi Hümbət ona deyəndə ki, Sibir Qəzənfər səni çağırır, ayaqları

getsə də, ürəyi getmək istəmirdi.

Sibir Qəzənfər Talıbı övladı kimi qarşılayıb gecikdirmədən dilləndi:

– Bilirsən ki, mən dünyanın hər üzünü görmüşəm. Sizi istəyib

deyirəm… – Talıb Sibir Qəzənfərin nə demək istədiyini tam anlamayıb sual

dolu nəzərlərlə sovet sədrinə baxdı. Sibir Qəzənfər xısın səslə, – Məmmədrəsulu deyirəm, – dedi.

– Qəzənfər kişi, gör bir neçə vaxtdır mən onun üzünü görmürəm…

– Bilmirəm. Görürsən, ya yox… Amma onu bilirəm ki, onun

gördüyü işin axırı yoxdur. Tutub güllələyəcəklər. Kişilər o boyda dövlət qurmuşdular Bakıda. Axırı nə oldu? Ölən öldü, sağ qalan da pərən-pərən düşdü vətəndən… Əmin oğlu sizi də zibilə salacaq…

– Mənim əlimdən nə gəlir ki…

– Bax zəmanənin ən doğru cavabı budur. Bizim əlimizdən nə gəlir

ki? Başqa yolumuz yoxdur. Vallah belə getsə, ona görə kəndin də altını üstünə çevirərlər.

Talıb çiyinlərini çəkdi:

– Axı mən onun harada olduğunu hələ də bilmirəm.

– Yaxındadır. Uzaqda deyil. O ya təslim olmalıdır, Ya da Arazı

keçib qeybə çəkilməlidir. Nə vaxtadək meşələrdə canavar kimi yaşayacaq. İndi ətrafda biri öldürülən kimi ondan şübhələnirlər. Fövqəladə komissiya onu axtarır. Geci-tezi var. Tapıb güllələyəcəklər.

– Əlimdən nə gəlir ki?

– Gec-tez o Şəhrizadı görmək istəyəcək. O bacısını çox istəyir. Sizinlə əlaqə qurmaq istəyəcək. Şəhrizada da de, qoy onu yola gətirsin. Onun müqaviməti mənasızdır…

Sibir Qəzənfərin yanından çıxıb evə qayıdan Talıb tərəddüd içərisindəydi. Bilirdi ki, o Şəhrizada Məmmədrəsulun sağ olduğunu, həm də çox yaxında olduğunu desə, qardaşı üçün burnunun ucu göynəyən Şəhrizad Məmmədrəsulu görmək istəyəcək. Mərdliyi, qorxmazlığı ilə seçilən Şəhrizadın imkanı olsaydı hətta at belində qardaşını kənd-kənd, meşə-meşə axtarardı.

Hələlik Şəhrizada bir söz deməmək qərarına gəldi. Məmmədrəsulun xasiyyətinə bələd idi. Gec, ya tez bacısını görmək istəyəcəkdi…

Yaxşı deyiblər ki, cidanı çuvalda gizlətmək olmaz. Məmmədrəsul

söhbəti getdikcə böyüyürdü. Xırçınlıda sovet sədrinin öldürülməsindən sonra bu söhbət daha da böyüdü. Söhbət gəzirdi ki, Xırçınlıda sovet sədrini Məmmədrəsulun dəstəsi qətlə yetirib.

Orda yerlilərdən heç kim sovet sədri olmaq istəmədiyindən, Qəmərlidən təyin olunmuş yeni sovet sədri camaata qan uddurur, qız-gəlini belə qamçılayırdı. Məmmədrəsul da ona həddini bildirmiş, amma sovet sədri bir az da üstünə qoymuşdu. Odur ki, Məmmədrəsul öz adamları ilə gecə kəndə soxulub onu güllələmişdilər.

İndi Məmmədrəsul söhbəti gəlib Fərruxa da çatmışdı. Son vaxtlar Fərrux kəndin axundu Əhmədiyyə ağa ilə də yola getmirdi.

Kəndin qədim qəbiristanında Köyəli baba adlanan ocaq vardı. Bütün

kənd bilirdi ki, bu müqəddəs ocaqda uyuyan Köyəli baba Əhmədiyyənin ulu babasıdır. Əsrlərdən bəri insanların inanc yeri olan Köyəli babanın qəbri üstündə Əmiraslan bəylə Ziya bəy gözəl, əzəmətli kümbəz tikdirmişdi.

Kəndin bütün axundları, mollaları bu nəsildən gəlirdi. Bolşevik hökumətinin tüğyan etdiyi bir dövr olmasına baxmayaraq insanların Köyəli baba ziyarətgahına olan inamı zərrəcən də olsun azalmamışdı.