Şəhrizad - страница 2



Bəy sinfinə nifrət edirdi Fərrux. O, uşaqlıqdan bəri təmiz və yaraşıqlı bəy çuxasına, bəy balalarının qızıl kəmərlərindəki xəncərləri həyatının kabusu sanmış, gözəl, incə belli bəy qızlarına əl çatmaz xülya kimi baxmışdı. Gədədən bəy olmaz məsəli indi bolşeviklərin qorxusundan gizli söylənilirdi. Amma lap əvvəldən bu zərbi məsəli eşidəndə ona elə gəlirdi ki, “gədə” sözü birbaşa onun ünvanına söylənilir…

Bu nifrət onda hələ körpə vaxtlarından yaranmışdı…

Atasının hər səhər təmiz bəy paltarında Kürün sahilinə gəldiyini, burda əynindəki paltarları çıxarıb qamışın başına bağlayaraq Kürü keçdiyini görmüşdü… O biri sahildə köhnə paltar geyinən atası Amanbəylinin pambıq sahələrində muzdurluq edirdi. Günəmuzd qazandığı pula fayton tutub bəy paltarlarını geyinərək öz kəndlərinə qayıdırdı ki, desinlər bu kişi bəydi…

Onu və digər övladlarını ac-yalavac böyüdən atası öz kəndlərində muzdurluq etsəydi, bundan yaxşı dolanardılar…

Varlı-hallı, torpaq sahibi olan bəylərin birindən o birinə söz aparıb-gətirməklə baş girləyən atasının burnundan fırt eləyib düşməyi qədər ona bənzəyən Fərrux buna görə də daxilən özünə nifrət edirdi…

Atası uğursuzluğu ilə barışa bilmədiyindən anasını gecə-gündüz döyüb incidir, hirsini onlardan çıxan anaları da Fərruxu və digər qardaşlarını hər addımbaşı şillələyib çırpır, bu evin uşaqları nəvaziş nədir bilmirdilər…

Artıq Amanbəyliyə qayıtmış Talıb və Şəhrizad güzəranları üçün gecə-gündüz çalışırdılar. Sovet hökuməti onların bütün var-dövlətini əllərindən alsa da münbit Qarabağ torpağı, bir də hər ikisinin işgüzarlığı onların güzəranını günü-gündən artırır, bir-birini hələ də dəlicəsinə sevirdilər. Bir yaşında olan oğulları Turqaydan sonra, digər oğulları İlyas dünyaya gəlmişdi.

Mehtər oğlu İsmayıl, nökərləri Umud, onun arvadı Xeyransa, çobanları Hümbət də yanlarında idi. Onlara hər işdə yardımçı olurdular…

İsmayılın evlənmək yaşı çoxdan ötsə də, bu barədə heç düşünmürdü. Şəhrizad kimisi bir daha olmayacaqdı… Ürəyində bəy qızına qarşı nə qədər məhəbbəti olsa da, Şəhrizadın üzünə baxmazdı. Şəhrizad onun üçün naməhrəm idi…

Xanımının varlığı, onun xoşbəxtliyi mehtər İsmayıl üçün yetərli idi.

Qanlı xatirələr yaddan çıxmasa da, yeni üsul-idarəyə uyğunlaşan kənd Şəhrizad və Talıbı, onlar da kəndi qoruyurdular.

Fərrux Şəhrizadı ilk dəfə görəndə dünya başına fırlandı. Qərib, qonaq olduğuna görə Talıb Fərruxu həyətlərinə gətirib yemək vermişdi. Onun qarşısına yemək düzən Şəhrizadı Fərrux mələk hesab etmişdi. Ömrü boyu doğru-düzgün qadın nəvazişi görməyən Fərrux sanki gözəl və məlahətli qadının nə demək olduğunu indi anlamışdı.

Əhmədəli köç zamanı Məmmədrəsulun Kürün sahilinə apardığı nökər-qaravaşlardan idi. Kənd məktəbində gözətçi işləyirdi. O, Fərruxu görəndə ikiqat əyilir, hətta su qoyub ayağına kimi yuyurdu. Kəndlilər onu sevməsələr də Əhmədəli Fərruxu özünə çətir eləmişdi. Onun dediklərini qeyd-şərtsiz yerinə yetirir, bu bolşevik ağasının hər zülmünə dözürdü.

Fərrux yol boyu, yaşadığı evə addımladıqca fikirləşirdi ki, bəy oğlu Talıb necə də xoşbəxtdir. Onun Şəhrizad kimi bir xanımı var. Nədən bu qədər inqilab etmişik. Əzablarla, əziyyətlərlə quruluşu devirmişik ki, bu bəy oğlu kef eləsin…

Əhmədəli Fərruxun dilxor olduğunu hiss edib, arvadı Gülgəzə səsləndi:

– Tez elə, çay gətir. Fərrux yoldaş yorğun qəlib.

– Gəldim ay kişi, indi gətirirəm.

Fərruxun gözü yerə sərilmiş gözəl xalçaya, onun üstündəki döşək və mütəkkələrə sataşdı. Döşəyin üstünə yayxanıb dirsəkləndi: