Şəhrizad - страница 6



Əhmədiyyənin evi də ziyarətgahı xatırladırdı. Bu kənddə kimsə bir iş

görməmişdən öncə Əhmədiyyə babaya dua yazdırır, xeyir-dua alırdılar. Xəstələr onun duaları sayəsində şəfa tapırdılar.

Fərrux məktəbdə hər gün təbliğat aparırdı ki, camaat dinə inanmasın.

Əhmədiyyə babaya inanmağın xurafat olduğunu deyən Fərrux, hətta Sibir Qəzənfərin da qəzəbinə tuş gəlmişdi.

– Fərrux, mən tutulan gün rəhmətlik nənəm Əhmədiyyə babaya bir

dua yazdırıb, mənə vermişdi. Sibirə sürgün olundum. Mənimlə Qafqazdan gedənlərin biri də sağ qalmadı. Amma mən geri qayıtdım. Həyatımı o duaya borcluyam. Köyəli baba ocağının gücünü sən hələ görməmisən. Camaatın inancıyla oynama…

– Camaat Leninə, Stalinə inanmalıdır. Olmaya onlara sən də

inanmırsan?

Sibir Qəzənfər arif adam idi. Bir dənə səhv kəlməsi onu Fərrux

kimilərin əli ilə Fövqəladə komissiyanın zindanına yuvarladacaqdı. Odur ki, təmkinini pozmadan dedi:

– Eyy… Sən mənə ağıl öyrətmə. Mən bu dövlət uğrunda

vuruşmuşam, türmələrdə yatmışam. Amma sən neyləmisən?

Fərrux anlayırdı ki, Sibir Qəzənfərə girişə bilməz. Hətta bəziləri deyirdilər ki, Qəzənfər Stalinin özüylə birgə türmədə yatıb…

Sibir Qəzənfərdən ayrılıb məktəbə yollanan Fərrux təlaş içində idi. Talıbdan yazdığı donosla maraqlanan yox idi. Talıbı hər gün görəndə elə bil onun atasına söyürdülər. Qərara aldı ki, sabah sübh tezdən özü Fövqəladə komissiyaya getsin…


Muradxan Qalabəyov bölgənin Fövqəladə komissiyasının sədri idi. Bəy nəslindən olsa da, vaxtilə Peterburqda təhsil alarkən sosial-demokrat ideyaları onu özünə cəlb etmiş, sonradan isə bolşeviklərə qoşulmuşdu. Haqverdiyevləri yaxından tanıyırdı. Əmiraslan bəy də, Ziya bəy də atasının dostları idilər.

İndi qarşısında əyləşib ağzından od tökülən Fərruxa sakit və təmkinlə qulaq asan Qalabəyov köç zamanı qırmızı komandirin güllələnməsi olayından da hərtərəfli xəbərdar idi.

– Yoldaş Qalabəyov, bolşevik qatilinin əl-qolunu sallayıb aramızda

gəzməsinə mən bir bolşevik olaraq dözə bilmərəm. O təcili həbs edilməli və layiqli cəzasını almalıdır.

Fərrux püskürüb qurtardıqdan sonra eynəyini çıxarıb həmsöhbətinin gözlərinin içinə baxan Qalabəyov dilləndi:

– Fərrux Söhbətov yoldaş! Sizin bir vətəndaş, həm də bolşevik

olaraq sayıqlığınızı alqışlayıram.

– Mən sizə mütəmadi bütün məlumatları verəcəm.

– Çox sağ olun. Minnətdar olarıq. Amma bir məsələni siz bilməlisiniz.

– O nə məsələdi elə?

– Sizin məlumat verdiyiniz məsələ ilə bağlı bildirmək istəyirəm ki,

bu məsələ yoldaş Bağırovun öz rəhbərliyi ilə baxılıb, araşdırılıb, istintaq olunub. Hazırda ölkənin Baş Prokurorunun müavini olan Qüdsi Hacıyev yoldaş dediyiniz hadisənin birbaşa şahididir. Bəyəm siz və ya mən yoldaş Mircəfər Bağırovdan, Qüdsi Hacıyevdən çox bilirik? Onlar bu məsələni araşdırıb nöqtəsini də qoyublar. Talıb Əmiraslan oğlu Haqverdiyev də bu məsələdə birbaşa günahkar olsaydı nə Bağırov, nə də ki, Hacıyev yoldaşlar onun azadlıqda qalmasına imkan verməzdilər. İnqilabi tribunal onu çoxdan güllələmişdi. İstintaq materiallarından görünür ki, qırmızı komandir Savelyevi güllələyən isə Məmmədrəsul Haqverdiyevdir. Tərəfimizdən axtarılır. Bax bu qəddar banditin tapılmasına köməklik etsəniz minnətdar olaram.

Bəy nəslindən olan ziyalı Qalabəyov dediklərinə Fərruxu bir daha inandırmaq üçün təkrar söylədi: – Yoldaş Bağırov səhv qərar verə bilməz.

Əli hər yerdən üzülmüş Fərrux yamanlığını davam etdirirdi: