Şəhrizad - страница 8



Şəhrizad qardaşına sarıldı, göz yaşlarını saxlaya bilməyib,

– Bəyim, atam, bu dünyada tək ümidim…, – dedi.

Məmmədrəsul bacısını sakitləşdirdi,

– Bax, gəldim… Səni gördüm, daha heç bir dərdim yoxdur…

Sonra Məmmədrəsulla Talıb ilə bir-birinə sarıldılar.

Baş vermiş qanlı hadisədən sonra hələ də özünü günahkar sayan Talıb bəy başını aşağı saldı. O hər zaman düşünürdü ki, kaş Əmiraslan bəy ona "Şəhrizadı da götür qaçın Şuşaya", deyəndə ona qulaq asmayaydı. Kaş o, son damla qanına kimi vuruşaydı, amma qayınları, həm də əmisi oğlanları olan Abbasqulu, Allahyar, İmamyar, Ramazan, Hüseyn ölməyəydilər. Onlar kimi igidlərin əvəzi yox idi. İndi Məmmədrəsul da çöllərə düşməzdi…

Məmmədrəsul yuyunub çörək yedikdən sonra dedi:

– Son vaxtlar yaman əl-ayağa düşüblər. Çaqqalların da sayı artıb…

Dedim bir də sizi nə vaxt görəcəm… Hər an, hər şey ola bilər…

Şəhrizad:

– Allah qorusun, bəy. Sən Allah, özünü qoru, – dedi.

Talıb:

– Eh, Şəhrizad, indi onu hər yerdə axtarırlar, Xırçınlıdakı

hadisədən də sonra lap azğınlaşıblar, – dedi.

– Mən qisasımı almamış, heç yerə gedən deyiləm. O Qüdsini qanına

qəltan edəcəm…

– Məmmədrəsul, axı biz hələ dəqiq bilmirik Qüdsi bizim arxamızca

nə üçün gəlmişdi. Bəlkə də bizi qorumaq üçün… Amma belə alındı…

– Sən nə danışırsan, Talıb bəy, xeyir ola, mahala girən kimi

qırmızıları birinci bizim kəndə gətirir, orda bizi görməyib arxamızca təqib edir… O cavab verəcək…

Şəhrizad da, Talıb da bilirdilər ki, Əmiraslan bəyin kiçik oğlunu

dediyindən döndərmək mümkün deyil…

Məmmədrəsul ayağa qalxıb getmək istəyəndə Şəhrizad onun qarşısını kəsdi:

– Bəyim, hara gedirsən? Dədəmin, qardaşlarımın iyini səndən

almamış bizi qoyub getmə.

– Kür daşıb, Şəhrizad. Meşə su içindədir. Yerimizi dəyişməliyik.

Yoldaşlarım məni gözləyir. Allah bilir bir də səni görə biləcəmmi?

Şəhrizad hönkürdü. Qardaşının boynunu qucaqlayıb, sanki onu son dəfə görürmüş kimi buraxmaq istəmədi.

Məmmədrəsul qapıdan çıxıb getsə də, onun xəyalı uzun müddət gözləri önündən getmədi…

***

Camaatı kolxoz binasında toplamışdılar. 1931-ci il, mayın 18-i idi…

Fövqəladə komissiyasının əməkdaşı Qeybəli Cəbrayılov iclasda gəlişinin məqsədini açıqladı:

– Yoldaşlar, dünən Şoranlıda baş verən daşqınla əlaqədar, respublika Baş Prokurorunun müavini Qüdsi Hacıyev yoldaş oraya getmişdi. İnqilabın düşmənləri onu qətlə yetiriblər. Sovet hakimiyyəti neçə illərdi ki, bərqərar olsa da, proletar inqilabının düşmənləri, bəylərin, qolçomaqların tör-töküntüləri meşələrdə, dağlarda gizlənərək xaincəsinə inqilabın rəhbərlərinə, xalqın layiqli nümayəndələrinə qarşı quldurluq edir, proletar hakimiyyətini devirmək istəyirlər. Dünənki qətl hadisəsi də həmin xainlərin əməlləridir.

Fərrux Qüdsi Hacıyevin qətlə yetirildiyini eşidən kimi qeyri-ixtiyari ön tərəfdə oturan Talıba tərəf baxdı. Muradxan Qalabəyovla söhbətdən sonra o Talıbı Sovet hökumətinin ətçəkən maşınının ağzına atmaq üçün qarşısını kəsən maneənin Baş prokurorun müavini Qüdsi Hacıyev olduğunu düşünürdü. Artıq önü açılmışdı. Şəhrizadı ələ keçirməsinə bir addım qalmışdı. Qüdsi ortada yoxdursa, yəqin ki, onu Fövqəladə komissiyasının sədri Mircəfər də müdafiə etməzdi.

– Əə, dur de də kim öldürüb Qüdsini, – deyə qəzəblə Fərrux yanında

oturmuş Əhmədəlinin qulağına dedi.

Yerində donub qalan Əhmədəli ağappaq oldu:

– Kim öldürüb ki?

– Ə guya bilmirsən?

– Vallah bilmirəm, yoldaş Söhbətov.

– Tülküsən, tülkü… İndi yox. İclas qurtaranda Cəbrayılova